Accessibility links

Rəsul Cəfərov: Məhkəmələrin müstəqilliyi tam təmin edilməyib


Rəsul Cəfərov: Məhkəmələrin müstəqilliyi tam təmin edilməyib
please wait

No media source currently available

0:00 0:06:43 0:00

Bakı İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində məhkəmə-hüquq islahatları, bu sahədəki problemlər və siyasi məhbus məsələsinin həllindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda 2020-ci ildə keçirilən məhkəmə-hüquq islahatları məhkəmələrin müstəqilliyini təmin edə bilibmi?

Xüsusən də siyasi motivli işlərdə şahidi oluruq ki, məhkəmə müstəqilliyi hələ də tam təmin edilməyib.

Rəsul Cəfərov: Həmin islahatlar nəticəsində məhkəmələrin müstəqilliyi tam təmin edilməyib. Ümumi müşahidələrimizə əsasən onu deyə bilərik ki, hələ də məhkəmə-hüquq sistemində müəyyən çatışmazlıqlar, müəyyən nöqsanlar var. Hansı ki, həm də məhkəmə sisteminin müstəqilliyi ilə bağlıdır. Bu özünü həm məhkəmə araşdırmalarında, həm məhkəmə hökmləri və qərarlarında göstərir. Xüsusən də siyasi motivli işlərdə şahidi oluruq ki, təəssüf ki, məhkəmə müstəqilliyi hələ də tam təmin edilməyib.

Amerikanın Səsi: Cəmiyyətin məhkəmələrə etimadı barədə nə deyə bilərsiniz? Məhkəmələrdə ədalətlilik, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi təmin edilibmi?

2020-ci ildə də tam ədalətli və qanuna söykənən qərarları müşahidə etmədik.

Rəsul Cəfərov: Etimadın artırılması ilə bağlı bir sıra təkliflər, tövsiyyələr oldu. Bununla bağlı, prezidentin də müəyyən bir fərmanı var idi. Amma praktikada bunu tam olaraq müşahidə etmirik. Yenə də, əvvəlki illərə baxanda 2020-ci ildə də tam ədalətli və qanuna söykənən qərarları müşahidə etmədik. Məsələn, bəraət qərarlarının sayı əvvəlki illərə baxanda müəyyən mənada artsa da, amma, ümumi faiz baxımından götürdükdə, yenə də aşağı hesab olunur. Mən hesab edirəm ki, bu, Avropa Şurası məkanında ən aşağı göstəricilərdən biridir. Törədilmiş, yaxud da iddia edilən cinayətlərə mütənasib olanda mülki işlərlə bağlı, xüsusən də mülkiyyət işləri ilə bağlı çox ciddi problemlər müşahidə edilir. Avropa Məhkəməsi demək olar ki, mülkiyyətlə bağlı xeyli sayda işlər alıb. Bu elementlər, bu məlumatlar göstərir ki, sualınızda qeyd etdiyiniz prinsiplər hələ ki, tam olaraq bərqərar edilməyib.

Amerikanın Səsi: Bu yerdə hüquq-müdafiə təşkilatları hazırda yüzədək siyasi məhbusun olduğunu bildirir. Bu problemin köklü həllini necə görürsünüz?

Ümumi bir siyasi iradə ortaya qoyulmalıdır. O iradə həm də məhkəmə müstəqilliyini tam olaraq təmin etməlidir.

Rəsul Cəfərov: Bəli, bizim öz təşkilatımızın da hesablamalarına görə, təxminən yüz nəfərə yaxın siyasi məhbus var. Məsələ ondan ibarətdir ki, həmin siyahıda olan əksəriyyət şəxslər 2018 və 2018-ci ilədək həbs edilən şəxslərdir. 2020-ci ildə həbs edilən cəmi bir neçə şəxs həbsdə qalmaqdadır. Sayları çox idi, amma, onlar barədə ev dustaqlığı tədbiri seçildiyinə görə say azaldı. Bu problemin həlli üçün iki addım atılmalıdır. Birinci addım, həmin şəxslər azadlığa buraxılmalıdır. Qanunvericilikdə mövcud olan hüquqi mexanizmlər vasitəsi ilə, istər əfv olsun, amnistiya olsun, məhkəmə qərarları olsun. İkinci də ümumi bir siyasi iradə ortaya qoyulmalıdır. O iradə həm də məhkəmə müstəqilliyini tam olaraq təmin etməlidir ki, sübuta yetirilməyən ittiham üzərindən heç kim cinayət cəzasına məruz qalmasın.

Amerikanın Səsi: Prezident cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasını tövsiyə edib. Bu sahədə hansı irəliləyişlər var?

Məsələyə ədalətli yanaşsaq burada müəyyən irəliləyişlər var. Xüsusən iqtisadi yönümlü cinayətlərə görə, hazırda çox az sayda həbs qətimkan tədbiri seçilir.

Rəsul Cəfərov: Bəli, bu tövsiyələr artıq öz əksini qeyd etdiyim fərmanda tapıb. Hansı ki, 2017-ci ildən bu proses davam edir. Həmin fərmandan sonra qanunvericiliyə, yəni “Cinayət Məcəlləsi”nə, “Cinayət-Prossesual Məcəlləsi”nə, “Cəzaların İcrası Məcəlləsi”nə müvafiq dəyişikliklər edildi. Məsələyə ədalətli yanaşsaq burada müəyyən irəliləyişlər var. Xüsusən iqtisadi yönümlü cinayətlərə görə, hazırda çox az sayda həbs qətimkan tədbiri seçilir və yaxud da çox ağır cəzalar təyin olumur. İndi həmin dəyişikliklərə görə, iqtisadi cinayət törətməkdə ittiham olunan şəxs vurduğu zərəri tam şəkildə ödəyirsə, o birdəfəlik cinayət məsuliyyətindən azad edilir. Əlbəttə, bu cinayət ilk dəfə baş verirsə və yaxud da digər ağırlaşdırcı hallar yoxdursa. Cəzaların azaldılması ilə bağlı, yəni qanunvericiliyə dəyişiklikdən sonra, daha əvvəllər iqtisadi cinayətlərə görə və ya dəyişikliyə məruz qalmış maddələrə görə ittiham edilmiş şəxslərin cəzaları azaldılır. Bunu həm siyasi məhbusların, həm də digər məhbusların işlərində gördük. Bu məqamlara görə, hesab edirəm ki, bəli, bu istiqamətdə irəliləyiş var.

Amerikanın Səsi: Bəs, 2021-ci ildə məhkəmə-hüquq siyasəti sahəsində hansı islahatları gözləmək olar?

Müstəqil məhkəmə, güclü vətəndaş cəmiyyəti, siyasi hüquq və azadlıqların daha yaxşı qorunması qaçılmaz bir faktora çevriləcək.

Rəsul Cəfərov: İslahatları gözləməklə bağlı mənim proqnozum yoxdur. Çünki bilmək olmur. Məsələ texniki olsa idi, qanunvericilikdən asılı bir vəziyyətdə olsa idi hansısa proqnozlar vermək olardı. İndi vəziyyət elədir ki, məhkəmə müstəqilliyinin tam təmin olunması üçün siyasi iradə lazımdır. Yəni hakimiyyətin siyasi iradəsi ortaya qoyulmalıdır. Bu, olacaq, ya yox, bunu indidən söyləmək çətindir. Amma bizim çağırışımız, müraciətimiz ondan ibarətdir ki, xüsusən də indi, post-konflikt dövrü üçün müstəqil məhkəmə, güclü vətəndaş cəmiyyəti, siyasi hüquq və azadlıqların daha yaxşı qorunması onsuz da qaçılmaz bir faktora çevriləcək. Yəni, hansısa bir məqamda bu məsələlər Azərbaycanın qarşısında mütləq bir şəkildə qaldırılacaq. Ona görə də fürsətdən istifadə edib, çağırışımızı ona istiqamətləndiririk ki, məhkəmə müstəqilliyi də daxil, qeyd etdiyimiz sahələrdə irəliləyişlər olsun.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG