Hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində Pegasus proqramı vasitəsi ilə insanların izlənilməsi və dinlənilməsinə qarşı hüquqi prosedurlar, beynəlxalq öhdəliklər barədə danışıb.
Amerikanın Səsi: Pegasus qalmaqalı global miqyasda insanların izlənilməsi problemini üzə çıxardı. Elə sizin də bu proqram vasitəsilə izlənilməniz müəyyən edilib. Sizin izlənilməniz hansı məqsədlərlə həyata keçirilə bilərdi?
Rəsul Cəfərov: Bunu demək çətindir. Yəni o mənada çətindir ki, mən ali təhsil alandan sonra hüquq müdafiə fəaliyyəti ilə məşğul olmuşam. Təxminən 2005-ci ildən qeyd eləyə bilərəm. Baxmayaraq ki, həmin dövrlərdə peşəkar hüquq müdafiə fəaliyyəti sayılmazdı. Daha çox gənclər təşkilatı fəaliyyəti sayılardı. Amma həmin ildən indiyə qədər mən əsasən müxtəlif qeyri hökümət təşkilatı ilə işləmişəm. Müxtəlif layihələrin icrasında iştirak etmişəm. Güman edirəm ki, bununla bağlı ola bilər. Yəni görünür ki, bizim fəaliyyət maraq doğurur. Və yaxud, fəaliyyətimizdə hansısa məqamlar maraq doğurur ki, bizim də adımız, nömrəmiz bu izlənməyə daxil edilib. Bu gümanlarımdır. Amma əlbəttə ki, dəqiq məlumatım yoxdur.
Amerikanın Səsi: Qanuni maraqlarınızın qorunması üçün hər hansı hüquqi addımlar atacaqsınızmı?
Rəsul Cəfərov: Mən hesab edirəm ki, burada hüquqi addım hər bir halda atılmalıdır, bu dinləmənin motivindən aslı olmayaraq. Mən artıq dedim ki, biz o motivi bilmirik. Bax o məqsədlə də bizim yanaşmamız ondan ibarətdir ki, cinayət məcəlləsində bununla bağlı konkret olaraq cinayət əməli nəzərdə tutulan maddələr olduğuna görə, siz bilirsiniz şəxsi həyata müdaxilə, şəxsi yazışmaların izlənilməsi qanuni əsası olmadan həyata keçirilirsə cinayətdir. Cinayət prosessual məcəlləyə uyğun olaraq cinayətlə bağlı hansısa iddia varsa onda vətəndaş müraciət edir və müvafiq prokurorluq orqanı da həmin iddianı araşdırmalıdır. Ona görə də, bəli, bizim yaxın vaxtlarda planımız var ki, bu ərizəni təqdim edək. Əslində hüquqi baxımdan götürsək, bu, birmənalı olaraq İnsan Hüquqları Konvensiyanın 8-ci (şəxsi hayata va ailə həyatına hörmət hüququ) maddəsidir. Bu konvensiyadan əvvəl Azərbaycan Respublikasının konstitutsiyasında da nəzərdə tutulur bir neçə maddə üzrə. Perspektiv olaraq, bəli, bu işin Avropa məhkəməsinə çıxma ehtimalı var.
Amerikanın Səsi: Beynəlxalq səviyyədə bu çağırışa reaksiya adekvat oldumu?
Rəsul Cəfərov: Məncə qarışıq məsələdir. Yəni, siz bilirsiniz burada əsas etibarı ilə jurnalist və hüquq müdafiəçiləri hədəf alınıb. Amma təkcə onlar yox. Orada siyasətçilər də var. Biznes sektorunu təmsil edən şəxslər də var. Hətta bir ara məlumat da yayıldı ki, Fransa prezidenti belə məhz bu Pegasus vasitəsilə izlənməyə, dinlənilməyə məruz qalıb. O baxımdan mən düşünürəm ki, bu daha bir ciddi yanaşma tələb eləyir. Əslində, bu debat çoxdan gedir. Yəni dinləmə ola bilərmi, ola bilməzmi, ola bilərsə konkret hansı hallarda. Siz bilirsiniz, 11 sentyabr 2001-ci il hadisələrindən sonra dünyada bir az yanaşma dəyişdi, terrorçuluğa qarşı mübarizə hədləri genişləndirilməlidir. Bu hədlər genişləndirilən zaman da o dinləmə, izləmə məsələləri ortaya çıxmış oldu. Bu, əslində yeni bir məsələ deyil. Mən düşünürəm ki, bəli bu hədlər dəqiq cızılmalıdır. Bu hədlər qanunlarda öz əksini tapmalıdır. Bu, həm ölkə içi qanunlarda ola bilər, həm hansısa beynəlxalq hüquqi sənədlərdə ola bilər. Bununla bağlı ola bilər ki, bəlkə də hansısa tamamilə yeni bir konvensiyanın, beynəlxalq hüquqi sənədin qəbul edilməsinə ehtiyac var. Mən düşünürəm ki, adekvat olmadı. Bu müzakirələr ya olmadı, ya da çox zəif oldu.
Amerikanın Səsi: Vətəndaşlar şəxsi həyatlarının qorunması üçün nə edə bilər? Hansısa müdafiə proqramları varmı?
Rəsul Cəfərov: Texniki baxımdan bir tövsiyyə verə bilmərəm. Çünki mən bu sahənin eksperti deyiləm. Ümumi məlumatım var ki, əks proqramlar var izlənməyə qarşı, viruslara qarşı, hack edilməyə qarşı və s. Hüquqi baxımdan isə mən artıq sizə əvvəlki suala cavabınızda qeyd etdim ki, istənilən vətəndaşın hüquqi var ki, ona qarşı törədilmiş istənilən əməllə bağlı, o əməldə cinayət tərkibinin olduğunu hesab edirsə, müvafiq ərizə ilə müvafiq prokurorluq orqanına müraciət edə bilər. Mən hesab edirəm ki, şəxsi həyata müdaxilə, kommunikassiyalara müdaxilə ciddi məsələdir. Vətəndaşlar bu məsələyə ciddi yanaşıb öz hüquqlarını qorumaq üçün müvafiq qaydada ərizə ilə hüquq mühafizə orqanına müraciət etməlidirlər.