Accessibility links

Rəsul Cəfərov: Post-konflikt dövrü hüquq müdafiə fəaliyyətində yeni reallıqlar yaradır


Rəsul Cəfərov: Post-konflikt dövrü hüquq müdafiə fəaliyyətində yeni reallıqlar yaradır
please wait

No media source currently available

0:00 0:20:21 0:00

Yerli hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan və Ermənistan arasında 44 gün sürən hərbi əməliyyatların sona çatmasından sonra post münaqişə dövründə hüquq müdafiə sahəsində yeni reallıqların yarandığını qeyd edir. Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov hüquq müdafiəçiləri icmasının Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış razılaşmanın əldə edilməsindən sonra hərbi əməliyyatlarının bərpası üçün heç bir əsasın olmayacağına ümid etdiyini bildirib.

“Bu əsas təəssüf ki, uzun illər var idi. Yəni bu işğal faktı idi. Biz dəfələrlə vətəndaş cəmiyyəti olaraq vurğulamışdıq ki, bu konfliktə laqeyd yanaşılmamalıdır və əgər regionda davamlı sülh istənilirsə, bu işğal faktı aradan götürülməli və vəziyyət dəyişməlidir. İndi bu vəziyyət dəyişib, ona görə də biz post-konflikt dövrü adlandıra bilirik bu dövrü və sözsüz ki, bu dövr yeni reallıqlar yaradır hüquq müdafiə fəaliyyətində.”

Hüquq müdafiəçisinin regionda insan haqlarının ümumi durumunun gündəmdə olacağını gözlədiyini bildirib. Onun bildirdiyinə görə, insanların birgə yaşayışı və barışıq prosesinin başladığı mərhələdə Azərbaycan insan haqları sahəsində problemləri həll etməlidir.

“Vətəndaş cəmiyyətinin problemlərindən söhbət gedir, çünki post-konflikt dövrünü vətəndaş cəmiyyəti olmadan təsəvvür etmək mümkün deyil. Dövlətin öz funksiyaları var, rəsmilərin öz funksiyaları var, amma burada proses həm də insanlararası bir prosesdir və insanlararası ünsiyyətin, kommunikasiyaların qurulması üçün mütləq Azərbaycan tərəfdə, yəni Azərbaycan qanunvericiliyi ilə tənzimlənən məsələlərdə tam rahatlıq olmalıdır. Yəni qeyri-hökumət təşkilatları Azərbaycanın ərazisində, o cümlədən də Dağlıq Qarabağda və Qarabağda rahat fəaliyyət göstərməsi üçün qeyd etdiyim vətəndaş cəmiyyətinin məsələləri həll olunmalıdır.”

Rəsul Cəfərov ədalətli məhkəmələrin təmin olunması, siyasi məhbus məsələsinin aktuallığını saxladığını qeyd edib. Onun bildirdiyinə görə, insan hüquqlarının müdafiəsi sahəsində bu ümumi məsələlərlə yanaşı, digər münaqişələrin təcrübəsinə əsaslanaraq spesifik sahələr də möcduddur.

“Bilirik ki, digər konfliktlərin, bitmiş və yaxud da davam edən konfliktlərin təcrübəsi onu göstərir ki, üç istiqamətdə, üç sahə üzrə: birgə yaşayış, barışıq və keçid ədaləti, yəni bu üç sahədə spesifik fəaliyyətlər olmalıdır. Bu fəaliyyətlər ən müxtəlif sahələri əhatə edə bilər. Məsələn, həqiqət və barışıq komissiyalarının yaradılmasından tutmuş nifrət nitqinin azaldılması tədbirlərinə qədər. Mən əslində hesab edirəm ki, nifrət nitqinin azaldılması tədbirləri artıq bu mərhələdə başlanmalıdır.”

Hüquq müdafiəçisi həmçinin birgə yaşayış və barışıq istiqamətində fəaliyyətlərdə insan haqları məsələlərinin öz aktuallığını saxlayacağını vurğulayıb. O bunun üçün vətəndaş cəmiyyətinə, beynəlxalq insan haqları və humanitar təşkilatlara fəalliyyət göstərmələri üçün müfaviq imkanların yaradılmasının vacibliyini qeyd edib.

“Bu prosessiz, bu addımlarsız post-konflikt dövründə insan haqlarının daha yaxşı qorunması və düzgün istiqamətdə addımların atılması barədə danışa bilmərik. Mən ümid edirəm ki, bu qeyd etdiyim sahələrdə həm birinci istiqamət üzrə, həm ikinci istiqamət üzrə hiss ediləcək, təsirli addımlar atılacaq.”

Rəsul Cəfərov insan haqları və azadlıqlarının müdafiəsi sahəsində Qərbin dəstəyinə toxunaraq, insan hüquqları məsələsinin heç bir ölkənin daxili məsələsi olmadığını bildirib.

“Bu, bütün beynəlxalq konvensiyalarda da öz əksini tapır, o cümlədən praktikada da bu belədir ki, İkinci Dünya Müharibəsindən sonra insan hüquqları və azadlıqlarının daha yaxşı qorunması üçün yaradılmış mexanizmlər istrə dünya üzrə, istər Avropada, elə Avropa Məhkəməsinin özü, Avropa Konvensiyası, digər beynəlxalq hüquqi sənədlər özündə bu yanaşmanı əks etdirir ki, insan haqları məsələsi heç bir ölkənin daxili işi deyil. Ona görə adətən biz eşidirik ki, ölkələrin daxili işlərinə qarışmaq məsələsi, bu, əlbəttə beynəlxalq hüququn prinsiplərindən biridir, ona hörmət edilməlidir, heç bir ölkənin daxili işinə qarışmaq olmaz. Amma insan haqları məsələləri bir qayda olaraq, heç bir ölkənin, burada söhbət təkcə Azərbaycandan yox, heç bir ölkənin daxili işi sayılmır.”

Hüquq müdafiəçisi Qərb ölkələrindən əsas gözləntilərin vətəndaş cəmiyyətinin durumu, ədalətli məhkəmə sistemi, Avropa Məhkəməsinin qərarlarının icrası kimi hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti üzvlərini narahat edən məsələlərin Azərbaycan rəsmiləri ilə görüşlərdə müzakirə edilməsi ilə bağlı olduğunu deyib. O həmçinin beynəlxalq təşkilatların Azərbaycanda öz fəaliyyətini bərpa etməsinə ümidini ifadə edib.

“2014-cü ilə qədər kifayət qədər sayda Qərb təşkilatları Azərbaycanda fəaliyyət göstərirdi və mən hesab edirəm ki, bu təşkilatların mərhələli şəkildə fəaliyyətinin bərpası yaxşı olar. Əlbəttə, həmin bərpa üçün həmin təşkilatların özlərinin təşəbbüsü olmalıdır, özlərinin də müraciətləri olmalıdır. Bu gözlənti var. Bunu istəyə bilərik, arzulaya bilərik.”

Rəsul Cəfərovun bildirdiyinə görə, Qərbin beynəlxalq təşkilatlarının post-konflikt dövründə öz mandatlarına uyğun olaraq fəaliyyət göstərməsi də mümkün ola bilər.

“30 ilə yaxın işğal olub. Qarabağda işğal altında olan ərazilərdə xeyli dağıntılar olub. Ekoloji məsələlər var orda, ətraf mühit, mülkiyyət məsələləri, hazırda köçüşlə bağlı proses gedir, yəni artıq keçmiş məcburi köçkünlərin qayıdışı prosesi - bütün bunlar nəticə etibarilə insan haqları ilə bağlı olduğundan Qərbdəki təşkilatların, qurumların və yaxud da ekspertlərin, fərdlərin, tanınmış simaların, o cümlədən hökumətlərin də əlbəttə ki təşəbbüsləri, maraqlı layihələri, təkliflərin olması və o layihələrin Azərbaycan tərəfindən qəbul edilməsi üçün bir fəaliyyət göstərməsi də arzuolunandır.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG