İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində ölkədə QHT sektorunun problemlərindən danışıb.
Amerikanın Səsi: Hökumət Qeyri Hökümət Təşkilatları (QHT) sektorunda islahatlar aparılacağını və qanuvericiliyin liberallaşdırılacağını vəd edib. Bu sahədə hansı yeni addımlar atılıb?
2014-cü ildəki cinayət işi üzrə şəxslərə bəraətin hələ verilməməsi onu deməyə əsas verir ki, vədlər olsa da, müəyyən informasiyalar olsa da, hələ tam ciddi addımlar atılmayıb.
Rəsul Cəfərov: Bu sahədə ciddi addımlar hələ ki, müşahidə edilmir. Siz bilirsiniz ki, 2014-cü ildə QHT-lərə qarşı bir əsassız cinayət işi açılmışdı. Biz bunu ona görə əsassız adlandırırıq ki, iş üzrə həbs olunan şəxslərin böyük əksəriyyəti Avropa İnsan Hüquqları Məhkəməsində udublar. Yəni, o iş hələ ki, açıq qalır. QHT qanunvericiliyinin dəyişdirilməsi həyata keçirilmişdir. Nəticədə QHT-lərin vəziyyəti ağırlaşmışdır. Burada əsas arqument şəffaflıq və hesabatlılıq məsələləri deyil. Əksinə, məsələn bizim təşkilatımız - İnsan Hüquqları Klubu qeydiyyat üçün yarandığı ildə xeyli müraciət dib. Bu yaxınlarda yenidən müraciət etmişik. Əgər məsələ həqiqətən şəffaflıq və hesabatlılıqdırsa, onda biz asanlıqla qeydiyyata alınmalıyıq. Burada iki amil var, bir tərəfdən qanunvericilik məsələləri, ikinci tərəfdən həmin o 2014-cü ildəki cinayət işi, həmin dövrdə həbs olunnan şəxslərə bəraətin hələ verilməməsi onu deməyə əsas verir ki, vədlər olsa da, müəyyən informasiyalar olsa da, hələ tam ciddi addımlar atılmayıb.
Amerikanın Səsi : Bir çox QHT-lərə qarşı sərt davranış, onların bir çoxunun həbsi və bəzi beynəlxalq QHT-lərin ölkəni tərk etməsilə nəticələnmişdir. Bir çox ekspertlər isə Ümumiyyətlə QHT sektoruna qarşı sərt münasibətin insaların susdurulmasına yönəldiyini bildirir. Siz bu durumu necə qiymətləndirirsiniz?
Normal sivil ölkələrdə vətəndaş cəmiyyəti bütün dövlətlər tərəfindən qəbul olunur.
Rəsul Cəfərov: Bilirsiniz, vətəndaş cəmiyyətinin rolu nədən ibarətdir? Vətəndaş Cəmiyyəti adından da göründüyü kimi qeyri-hökumət, qeyri-dövlət strukturlarından ibarət olan bir institutsional anlayışdır. Onun əsas məqsədi dövlətin öz maraqlarına və həmin ölkədə yaşayan insanların maraqlarına xidmət etməkdən ibarətdir. Bu istiqamətlər fərqli ola bilər. Siyasi hüquqlar da, ekoloji və sosial məsələlər də ola bilər. Yəni, istədiyiniz insanların ictimai münasibətlərini əhatə edən istənilən sahə ilə məşğul olan QHT ola bilər. Normal sivil ölkələrdə vətəndaş cəmiyyəti bütün dövlətlər tərəfindən qəbul olunur. Beynəlxalq ictimaiyyət BMT səviyyəsində, Avropa Şurası səviyyəsində, istərsə də Avropa Birliyi səviyyəsində vətəndaş cəmiyyətinin rolu qəbul olunur. Onların gördüyü iş əhəmiyyətli iş kimi qiymətləndirilir. Bu konteksdə də çox yaxşı olardı ki, Azərbaycanda formalaşmış bu neqativ tendensiya dəyişərdi. Bunun dəyişdirilməsi çox rahat bir məsələdir. İradə nümayiş etdirilməlidir. Müvafiq addımlar atılsa, həmin o qeyd etdiyiniz sərt davranış, QHT-lərin imici və s onların hamısı aradan qalxacaq.
Amerikanın Səsi: Xarici donorların ölkəyə buraxılmasında yaradılan çətinlikləri nə ilə izah etmək olar?
Nəinki Azərbaycanda, bütün dünyada vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə tələb olunan vəsait donor təşkilatlar tərəfindən verilir. Elə dövlətlərin özü də donor təşkilatlar və yaxud digər donor dövlətlər tərəfindən vəsait alır.
Rəsul Cəfərov: Vətəndaş Cəmiyyətinin özü üçün bunu izah etmək çətindir. Yəni, şəxsən mənim üçün bunun əsl səbəbini anlamaq asan deyil. Amma əks tərəfin arqumentləri ondan ibarət idi ki, şəffaflıq ya olmayıb, ya hesabatlılıq olmayıb və yaxud hansısa xarici təşkilatlar əslində hansısa başqa məqsədlər güdüblər. Bununla da bağlı bizim mövqeyimiz həmişə aydın olub. Əgər hanısa təşkilat, bu donor təşkilat, yaxud başqa formada olan təşkilatdı, - həqiqətən də onun üzərinə qoyulmuş bir fəaliyyətlə məşğul olmursa, öz nizamnaməsini, yaxud olduğu ölkənin qanunlarını açıq və kobud şəkildə pozursa bu, sübut edilsin. Həmin təşkilat müvafiq qaydada qiymətləndirilsin ki, o, donor təşkilat kimi məqsədəmüvafiq təşkilat deyil. Mənə elə gəlir ki, Azərbaycanda heç kim bu kimi təşkilatlarla işləmək marağında olmaz. Amma ümumi bir kampaniya aparıb, hamıya neqativ bir şeylər şamil etmək, hamiya böhtan atmaq bütün təşkilatları olmayan bir şeylərdə ittiham etmək, ondan xəbər verir ki, bu arqumentlər həqiqi arqumentlər deyil. Əslində məqsəd ümumilikdə vətəndaş cəmiyyətini dəstəksiz qoymaq, onları sıradan çıxarmaq olub. Çünki nəinki, Azərbaycanda, bütün dünyada vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə tələb olunan vəsait donor təşkilatlar tərəfindən verilir. Elə dövlətlərin özü də donor təşkilatlar və yaxud digər donor dövlətlər tərəfindən vəsait alır. Bu tamamilə normal praktikadır. Buna imkan yaratmaq lazımdır.
Amerikanın Səsi : Hazırda hökumətin QHT-lərə və xarici donorlara münasibətində nələr baş verir? İrəliləyişlər kimi nəyi qeyd etmək olar.
Hələ ki, ciddi addımlar müşahidə edilmir.
Rəsul Cəfərov: Hələ heç nə baş verməyib. Dediyim kimi, son təxminən bir il içində, bir ildən də bir az ümumi məlumatlar var, yəni ola bilər ki, QHT-lərin vəziyyəti ilə bağlı hansısa irəliliyə doğru addımlar atılsın. Təşkilatın qeydiyyatı ilə bağlı hansısa texniki məsələlər həll olunsun. Qrantların qeydiyyata alınması ilə bağlı məsələnin həlli ilə bağlı müəyyən məlumatlar var. Bu hələ ki, məlumatlar səviyyəsində qalır. Real addımlar hələ ki, müşahidə edilmir. Mən müraciət edirəm ki, vətəndaş cəmiyyətinə 2013-2014 cü ildə yaradılmış çətinliklər heç bir sivil standartlara sığmır. Burada millətin, insanların hansısa maraqlarının qorunması məsələsindən söhbət getmir. Əksinə vətəndaş cəmiyyətinə bu cür münasibət dövlətin də, cəmiyyətin də milli maraqlarına çox ciddi zərbə vurur. Hələ ki, ciddi addımlar müşahidə edilmir. Gələn məlumatlar var. Onlar reallaşsa, biz ondan sonra artıq həmin addımlara qiymət verə bilərik.