Accessibility links

Rəsul Cəfərov: Son həbslər hakimiyyətdən fərqli düşünənlərə qarşıdır [Video-müsahibə]


Rəsul Cəfərov: Son həbslər hakimiyyətdən fərqli düşünənlərə qarşıdır
please wait

No media source currently available

0:00 0:07:42 0:00

Avropa Şurası Nazirlər Komitəsinin iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı vəziyyət müzakirə edilib. Hüquqşünas Rəsul Cəfərov Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı ikinci qərarının icrası ilə bağlı durum, məhkəmənin keçmiş NİDA-çı gənclər barəsində qərarı və REAL partiyasının üzvlərinin həbsləri haqda danışıb.

Rəsul Cəfərov bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş siyasi məhbuslar, NİDA İdarə Heyətinin üzvləri ilə bağlə qərarının əsas elementi burada 18 maddənin (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) pozuntusun tanınması ilə bağlıdır.

“18-ci maddənin pozuntusu o anlama gəlir ki, həmin şəxslər qanuni əsaslarla deyil, siyasi əsaslarla həbs olunublar. Qərarın 123-cü paraqrafında çox açıq şəkildə qeyd olunur ki, cinayət işinin materiallarında bu şəxslərə qarşı heç bir sübut olmayıb. 18-cü maddə üzrə təəssüflər olsun ki, Azərbaycan bir neqativ rekorda imza atır. Artıq yeddinci iş oldu ki, Azərbaycanla bağlı 18-ci maddənin və 5-ci maddənin, yəni azadlıq hüququnun pozuntusu tanınıb.”

Rəsul Cəfərovun sözlərinə görə, Avropa məhkəməsinin qərarında 18-ci maddə üzrə pozuntunun tanınması Azərbaycanda çox ciddi şəkildə siyasi məhbus probleminin olduğunu göstərir.

“Rəsmilərin nə qədər inkar etməsinə baxmayaraq, Avropa Məhkəməsinin qərarları ilə də sübut olunur ki, Azərbaycanda qanuni əsaslarla deyil, siyasi əsaslarla, əgər buna əsas demək olarsa, həbslər həyata keçirilib və təəssüflər ki, hələ də həyata keçirilir.”

Rəsul Cəfərov REAL sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı son durumu şərh edib və Ali Məhkəməyə göndərdiyi sorğu haqda danışıb.

“Əslində iyunun 5-nə kimi, yəni o qərarın icrasının son gününə qədər həm qərar göndərilməli idi, həm də plenum keçirilməli idi və qərarın icrası istiqamətində ciddi addım atılmalı idi. Ona görə yeni sorğu göndərdik Ali Məhkəməyə...Biz təkrarən məhkəmədən soruşmuşuq ki, qərar nə vaxt sizə daxil olub və hazırda qərarın icrası ilə bağlı hansı mərhələ gedir. Ümid edirik ki, ya bizim bu sorğuya cavab verəcəklər, ya da ümumiyyətlə çox yaxın bir müddətdə Ali Məhkəmə plenumunu təyin edərək qərarın icrasına başlayacaqlar.”

Rəsul Cəfərov mayın 29-dan sonra REAL partiyasının siyasi fəalları, Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvlərinin və bu yaxınlarda ABŞ-da ali hüquq təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan hüquqşünas Emin Aslanın həbslərini ölkədə fərqli düşünən insanlara qarşı olduğunu bildirib.

“Burada açıq-aydın siyasi motivlər özünü göstərməkdədir. Hər üç işdə. Hüquqda belə bir şey var ki, əgər dövlət strukturları, hüquq-mühafizə orqanları kiminsə azadlığını məhdudlaşdırırsa, onlar sübut etməlidir ki, bu azadlığın məhdudlaşdırılması üçün ciddi səbəb var, ciddi əsaslar var. Amma biz bunu görmürük. Və bu da bizə tam imkan verir deməyə ki, burada siyasi sifariş olub. Hakimiyyətdən fərqli düşünən şəxslərə qarşı, fərqli addımlar atan şəxslərə qarşı, fəallıq nümayiş etdirən şəxslərə qarşı qondarma ittihamlarla, fərq etmir bu cinayət məsuliyyətinə cəlb etmək olsun, yaxud inzibati məsuliyyətə cəlb edilsin, amma fakt ondan ibarətdir ki, burada qondarma və açıq-aydın siyasi sifarişli həbslərdən, saxlanmalardan, cinayət işlərindən və yaxud da inzibati işlərdən söhbət gedir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG