Accessibility links

“Rabitə işi” üzrə məhkəmə prosesi davam edir


Fasilədən sonra Anar Mustafayev sərbəst ifadəsində bildirib ki, 2005-2015-ci illər ərzində Beytulla Hüseynovdan maaşdan əlavə təxminən 95-110 min manat pul alıb.

"Mənə paketdə verilən 7 min manatdan 5 mini işçilərin müalicəsinə, onkoloji xəstələrə, toylara, yaslara xərclənirdi”, o qeyd edib.

“Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev sərbəst ifadə verməkdən imtina edib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Hakim onun ifadəsini elan edib.

Vəliyev "Bakı Rabitə Təmir Tikinti" MMC və "Təmir Təchizat Servis" MMC şirkətlərini təsis edib və bundan sonra Beytulla Hüseynovla işlədiyini bildirib.

"Gömrükdən işdən çıxmışdım. Beytulla Hüseynov məni işə qəbul etdi. Hər iki şirkət mənim adıma rəsmiləşdirildi, amma faktiki Beytulla Hüseynova məxsus idi. Beytulla müəllimin göstərişlərini yerinə yetirmişəm. O, tenderlərdə bu şirkətlərin qalib olmasını təmin edirdi. Mən Beytulla Hüseynovun əmrlərini yerinə yetirmişəm, 1000 manat maaş, 1500 manat isə paket alırdım”, o, ifadəsində yazıb.

Məhkəmə prosesi dekabrın 2-dək təxirə salınıb.

***

Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 11 nəfər vəzifəli şəxsinin cinayət işi üzrə (“Rabitə işi”) məhkəmə prosesi davam edib.

Bugünkü prosesdə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov sərbəst ifadəsini davam etdirib.

"Rabitə nazirliyinin dediyini etmişəm. Ad çəkmək istəmirəm. Sifarişləri icra etmişəm. Bütün göstərişləri rəhbərlikdən almışam”, o qeyd edib.

Hüseynov bundan sonra danışmaq istəmədiyini bildirib. Belə olan halda vəkillərin təkidi ilə onun ibtidai istintaqa verdiyi ifadə elan edilib.

B.Hüseynovun ifadəsində deyilir ki, 2009-2015-ci illərdə xidmətlərin, görülən işlərin, alınan malların qiymətləri 20-25 faiz artırılıb.

“Qiymətlərin artırılması barədə göstərişi nazir Əli Abbasovdan almışam. Hər ayın sonunda "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİ) baş mühasibi Anar Mustafayev vəsaiti nazirliyə çatdırırdı. Nazir bizə göstəriş vermişdi ki, vəsaiti və hesabatı Vidadi Zeynalova verək. Bir neçə dəfə özüm də nazir Əli Abbasova vəsaitlərlə bağlı hesabat vermişəm. Nazirin Nadir adlı qrup yoldaşına da hər ay 1000 manat vermişəm. 11 milyon manat vergi əməkdaşlarına verilib. 1 milyon Avropa Oyunlarına xərcləmişəm. 2 milyon Əli Abbasova, 1,5 milyon isə nazir müavini İltimas Məmmədova vermişəm. Hər ay 30 min mənə qalırdı. Mənə cəmi 2,5 milyon manat qalıb. Əli Abbasovun qaynının və Vidadi Zeynalovun şirkətləri ilə də iş görmüşük", onun ifadəsində deyilir.

Anar Mustafayev isə sərbəst ifadəsində istintaqın qərəzli aparıldığını bildirib. O istintaqın onu təşkilatçı kimi günahlandırmasını qəbul etmir.

“Əgər planı mən yazmışamsa hansı səbəbdən Beytulla Hüseynov 10 milyon, Vidadi Zeynalova 10 milyon manat verirəm, özümə cəmi 567 min manat götürmüşəm? Ayda guya mənə 7 min manat paket verilib, bu, yalandır. Mənə ayda cəmi 2 min manat verilib. Əməliyyat olunduğum zaman Beytulla Hüseynov tərəfindən 17 min manat verilib. Biz dövlət əmlakını mənimsəməmişik", o qeyd edib.

Mustafayev dəfələrlə yoxlamalara məruz qaldığını və mühasibatlığın düzgün işlədiyinin təsdiq edildiyini xatırladıb.

“Hər ay əlavə vəsait aldığımı etiraf edirəm. Qanun qarşısında özümü qismən təqsirli bilirəm", o qeyd edib.

XS
SM
MD
LG