Accessibility links

Təqsirləndirilən şəxs: “Hər ay Vidadi Zeynalova 300 min dollar verirdim”


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi (“Rabitə işi”) üzrə məhkəmə prosesi davam etdirilib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

APA agentliyinin məlumatına görə, bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namazalı Məmmədov ifadə verib. O, 1997-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyib: "İstintaq zamanı dedilər ki, qiymətlər şişirdilib. Bu, düzgün deyil. Müəyyən edilib ki, mənim "Aztelekom"dan 16 milyon manat alacağım var. Məni isə 4 milyon manat mənimsəməkdə ittiham edirlər. Nəyə görə həbs olunmuşam, bilmirəm".

Prokurorun suallarını cavablandıran N.Məmmədov Vidadi Zeynalova pul vermədiyini deyib.

Vəkillərin suallarına cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əlavə, Daxili İşlər, Ədliyyə nazirlikləri, "Azercell Telekom"la da çalışdığını deyib.

Bildirib ki, hərraclar barəsində qəzetlər vasitəsi ilə xəbər tutub. O, baş mühasibi Səhrab Məmmədova 32 min manat pul vermədiyini də deyib: "Səhrab Hümbətov pul yeyənə oxşayır? Ona ancaq maaş vermişəm".

Təqsirləndirilən Cəlil Cəfərov özünü təqsirli bilmədiyini, heç bir qanunu pozmadığını deyib: "Nazir mənə əmək haqqı kimi paket verib. Rabitə Voleybol Klubunun prezidenti olmuşam. Bütün işləri özüm qurmuşam. Sonra Telekom klubunu yaratdıq".

C. Cəfərov rabitə sahəsində mütəxəssis olduğunu deyib. Bildirib ki, sosial şəbəkələr vasitəsində danışıq trafikləri barədə hər ay nazirə məruzə edib: "Bütün dünyada sosial şəbəkə ilə danışıq trafiki aşağı düşür. Bizi Rusiya monopoliyada saxlayırdı. Sonradan biz Avropa trafikinə qoşula bildik. Naxçıvanla bir vaxtlar əlaqə yaratmaq çətin idi. Biz İranla danışıqlar apardıq, rouming sistemi quruldu. Azərbaycan peykinin buraxılması barədə müqavilə mən tərəfindən imzalanıb. Sonradan “Azərkosmos” yaradıldı və işlər onlara təhvil verildi".

O, heç bir mütəşəkkil dəstə yaratmadıqlarnı deyib: "Beynəlxalq danışıqlarla bağlı bizdə cinayətlər baş alıb gedir. Bizim MTN və digər təhlükəsizlik orqanları ilə tədbirlərimiz olub. Bakıda reydlər keçirmişdik. Adamları aldatmışdılar ki, filan aparat işi gücləndirir. Həmin aparatlara bir nömrə yerləşdirilirdi və xaricdən idarə edilirdi. Elə olurdu ki, Azərbaycanda trafik sıfıra düşürdü. Heç bir qanun pozuntusu olmayıb. Vergi yoxlaması zamanı da tariflərin düzgün hesablanması məlum olub. Mənim heç bağ evim də yoxdur. Xahiş edirəm, barəmdə bəraət hökmü çıxarasınız".

Təqsirləndirilən "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov prokurorun suallarını cavablandırıb. O deyib ki, nazirliyin əsasnaməsi əsasında fəaliyyət göstəriblər: "Nazirliyin maliyyə mənbələri təsərrüfat hesablıdır. Bu nazirlik ölkəyə valyuta ehtiyatı gətirib. Mən işləyən dövrdə gəlir 100 milyon manata qalxıb. Direktor kimi əsas vəzifəm ondan ibarət idi ki, nazirliyin rəhbərliyinin göstərişini icra edim. Mənə deyilən hər şeyi qanun çərçivəsində yerinə yetirmişəm".

O, təsis etdiyi voleybol klubunun haradan maliyyələşdiyinə də aydınlıq gətirib: "Nazirliyin kollegiya qərarı ilə klubun xərcləri "Azintelekom" MMC-nin hesabına verilirdi. Bu məsələ cəmiyyətə həvalə olunmuşdu. Sənədləşdirilməsi mümkün olmayan xərclərin üzərinə qayıtmaq istəmirəm. Mən verilən pulları özümə istifadə etməmişəm, hər şeydən Vidadi Zeynalovun xəbəri olub. Mən nazir Əli Abbasovun tapşırığı ilə hər ay 50 min manatı Vidadi Zeynalovdan alırdım. İstintaqda göstərilən pullar isə qardaşım ödəyib. Voleybol sahəsini idarə etmək çətin idi, xeyli xərc tələb olunurdu".

Prokurorun "AKEY" MMC-nin əməkdaşı Elmar Hüseynovu tanıyırsınızmı?" sualına C. Cəfərov belə cavab verib: "Onunla bir neçə dəfə görüşmüşəm. Mənə klub üçün pul verirdi. Mən də nazir Əli Abbasovun tapşırığı ilə hər ay pulun 29 min ABŞ dollarını data sisteminə, 50 min dollarını klubun xərclərinə, 300 min dollarını isə Vidadi Zeynalova verirdim. Hesab edirdim ki, bu paketlər qeyri-qanuni deyil. Mən cinayət etməmişəm, yalnız dövlət və millətim üçün iş görmüşəm".

Vəkilin sualını cavablandırın C. Cəfərov deyib ki, "Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tapşırıb: “Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Bu məsələ bizdə daim izlənilirdi".

“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev də özünü təqsirli bilməyib, qeyd edib ki, rəhbərlik etdiyi cəmiyyətin bölgələrdə olan poçt xidmətlərinin bərpası üçün nazirlik və dövlət tərəfindən vəsait ayrılıb: "Bu vəsait ayrılandan sonra tender keçirilib, iş görən şirkətlərlə müqavilə bağlanıb. Amma bunların heç birində mənim iştirakım olmayıb. Nazirlik maliyyə ayırandan sonra nazir Əli Abbasov təklif etdi ki, müəyyən işçilərə paket şəkilində maaş verilsin. Mən Əli Abbasovdan xahiş etdim ki, paket yox, maaşları qaldırsın. Bu xahiş nəzərə alındı və mənim 300 manatlıq maaşım 1300 manata qaldırıldı".

Onun sözlərinə görə, bütün fəaliyyətini qanun çərçivəsində qurub və nazirliyin aparat rəhbəri Vidadi Zeynalova hər hansı şəkildə pul verməyib.

Proses dekabrın 7-də davam etdiriləcək.

XS
SM
MD
LG