Accessibility links

Ramin Bayramlı: Önümüzdəki həftədə bizi nə gözlədiyi sual altındadır


Azərbaycanda koronavirus infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1962-ci il təvəllüdlü iki nəfər vəfat edib.

“Hazırkı dövrədək ölkədə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir,” o qeyd edib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259 155 test aparılıb.

Bayramlı bildirib ki, “Sanitar-epidemioloji sahə üzrə mütəxəssislər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha bu həftənin şənbə-bazar günləri hərəkətin məhdudlaşdırılması barədə müraciət olunub.

Onun sözlərinə görə, Operativ Qərargah şənbə və bazar günləri hərəkətin məhdudlaşdırılması barədə təklifi qəbul etməyib.

Bundan əlavə, TƏBİB sədri bildirib ki, ötən həftə ilə müqayisədə bu həftə sonuna ikinci dalğa stabilləşməyə başlayıb.

“Ötən həftəyə baxsaq, bu həftə sonuna ikinci dalğanın stabilləşməyə başladığını görürük.”

Ramil Bayramlı deyib ki, önümüzdəki həftədə bizi nə gözlədiyi sual altındadır.

“Bu günə olan qənaətimiz odur ki, qətiyyən arxayınlaşa bilmərik, qaydalara ciddi əməl olunmalıdır.”

Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, Operativ Qərargah sərtləşməyə qayıtmağı zəruri saymır.

“Doğrudur, şənbə və bazar günlərində məhdudiyyətlər ilə bağlı təkliflər var. Amma nə sərtləşdirmə, nə də yumşalma ilə bağlı hələ ki, zəruri heç nə yoxdur,” Məmmədov deyib.

Xatırlatma

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən mayın 9-dək paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.

Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən karantin rejiminin yenidən yumşaldılması barədə qərar qəbul edib. Qərara görə, mayın 18-dən SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılır.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirlməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

XS
SM
MD
LG