Accessibility links

Ramin Cabbarlı: Azərbaycanda təhsil alan güneyli tələbələrə rəsmilərdən və ictimaiyyətdən dəstək gözləyirik


Ramin Cabbarlı: Azərbaycanda təhsil alan güneyli tələbələrə rəsmilərdən və ictimaiyyətdən dəstək gözləyirik
please wait

No media source currently available

0:00 0:16:48 0:00

Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 40-dan çox Azərbaycan diaspora təşkilatı və dərnəyi Azərbaycanda təhsil alan İran azərbaycanlı tələbələr üçün güzəşt edilməsi ilə bağlı Azərbaycan hökumətinə məktub ünvanlayıb. Məktubda İran azərbaycanlı tələbələrin pandemiyanın iqtisadi təsirləri ilə əlaqədar olaraq Azərbaycanda təhsillərini davam etdirə bilməyib, İrana qayıtmaq məcburiyyətində qaldıqları deyilir. Burada həmçinin Azərbaycanda musiqi və mədəniyyət sahələrində təhsilin İran azərbaycanlı tələbələr üçün həyati əhəmiyyət daşıdığı qeyd edilir. Güneyli fəal, Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı Amerikanın Səsinə müsahibəsində İran azərbaycanlı tələbələrin Azərbaycanda təhsili, onların qarşılaşdığı çətinliklər və İran Azərbaycanında iqtisadi durum haqda danışıb.

Orada Azərbaycan mədəniyyətini öyrənmək şansları yoxdur. Yəni on milyonlarla sayları olsa da, Azərbaycan türkcəsində hər hansı bir məktəb yoxdur və ya Azərbaycan musiqisini akademik şəkildə öyrənmək imkanı yoxdur

Ramin Cabbarlı İran Azərbaycanından təhsil almaq üçün Azərbaycana gələn tələbələrin pandemiya dövründə iqtisadi durumun ağırlaşması ilə yanaşı, ABŞ-ın İrana qarşı sanksiyalarının təsiri ilə əlaqədar maddi çətinliklərlə qarşılaşdığını deyib. Onun bildirdiyinə görə, bu səbəblə diaspora qurumları tələbələrin təhsil haqqının güzəşt edilməsi ilə bağlı Azərbaycan rəsmilərinə müraciət ünvanlayıblar. O, diaspora təşkilatları və dərnəklərinin eyni zamanda Azərbaycan ictimaiyyətinin diqqətini məsələyə yönəltməyə çalışdığını bildirib.

Ramin Cabbarlı ana dilində təhsil imkanları olmadığına görə İran Azərbaycanında tələbələrin Azərbaycanın mədəniyyəti və musiqisini professional səviyyədə tədris edə bilmədiyini qeyd edib.

“Orada Azərbaycan mədəniyyətini öyrənmək şansları yoxdur. Yəni on milyonlarla sayları olsa da, hər hansı bir Azərbaycan türkcəsində məktəb yoxdur və ya Azərbaycan musiqisini akademik şəkildə öyrənmək imkanı yoxdur. Təkcə Azərbaycan Respublikasında Azərbaycan mədəniyyəti ilə bağlı sahələr institutlaşıb, akademik olaraq. O üzdən də Azərbaycan Respublikasına üz tuturlar.”

Yəni həm siyasi baxımdan lazımdır, həm etik məsuliyyətdir güney azərbaycanlılar və dünya azərbaycanlıları qarşısında

Ramin Cabbarlının bildirdiyinə görə, hələlik Azərbaycandan məktuba rəsmi cavab verilməyib. O həmçinin İran tərəfin reaksiyalarının müxtəlif ola bildiyini deyib, lakin İranın bu məsələ ilə bağlı ciddi narazılıq göstərəcəyini düşünmədiyini əlavə edib.

“Başqa ölkələr də xaricdə olan, amma mədəni olaraq yaxın bildikləri cəmiyyətlərə, insanlara şərait yaradırlar. Azərbaycan da məncə bunu etməlidir və bu lazımlıdır. Yəni həm siyasi baxımdan lazımdır, həm etik məsuliyyətdir güney azərbaycanlılar və dünya azərbaycanlıları qarşısında, həm də diasporadakı fəaliyyət baxımından effektini də nəzərə alıb bu addımı atmalıdırlar məncə.”

Ramin Cabbarlı İranın Azərbaycanın bölgələrində pandemiya ilə əlaqədar iqtisadi durumun daha da ağırlaşdığını bildirib. Bundan öncə Amerikanın Səsinə müsahibəsində o, iqtisadi bərabərsizlik nəticəsində etnik azlıqların yaşadığı bölgələrdə pandemiyanın daha ciddi nəticələri olduğunu bildirmişdi.

Ramin Cabbarlı vəziyyətin yaxşılaşması üçün İran hökuməti tərəfindən tədbirlərin görüldüyünə işarə olmadığını deyib.

“Bu məsələni qısa müddətdə həll etmək mümkün deyil. Həll etməklə bağlı biz iradə də görmürük. Hər hansı bir həll etmək istəyi də yoxdur burda. Sosial yardım da ortada yoxdur. Yəni ciddi deyil, insanlar bir sosial yardım görmədilər bu məsələdə. Başqa tərəfdən bu inflasiya da bu günlərdə artdı. İranın valyutasının dəyəri get-gedə daha da düşür, düşməyə davam edir. Əslində, elə Azərbaycan Respublikasında olan tələbələri də bu məsələ narahat edir. Və içəridə də bu məsələ var. Yəni içəridə də insanların gəlirləri artmır, amma marketlərdə yeməklər, başqa əşyaların qiyməti artır. Bu vəziyyətdə insanlar daha da yoxsullaşır. Və pandemiya dönəmidir, insanların bir çoxu gəlirləri də itiriblər. Yəni hər hansı maaşları da yoxdur, çünki maaşları onların işləməsinə bağlı idi. Getdikcə vəziyyət daha da pisləşir. Və bu vəziyyətin hara çatacağı təəssüf ki, hələ bəlli deyi.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG