Accessibility links

Ramiz Mehdiyevin istefası qəbul edilib, AMEA prezidentinin funksiyasını birinci vitse-prezident icra edəcək


Arif Haşimov
Arif Haşimov

Bu gün, fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağı akademiya prezidentinin funksiyalarının icrasını birinci vitse-prezident, akademik Arif Həşimova həvalə edib.

AMEA prezidenti Ramiz Mehdiyev fevralın 14-də yaşı ilə əlaqədar vəzifəsini tərk edib.

AMEA Rəyasət Heyəti Mətbuat Xidmətinin məlumatınıa görə, Mehdiyev bu gün akademiyanın ümumi yığıncağında çıxışında bildirib ki, həm mərhum prezident Heydər Əliyev, həm də hazırki prezident İlham Əliyev onun əməyinə yüksək qiymət verib.

“Mən bundan sonrakı həyatımı, bilik və təcrübəmi də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmləndirilməsinə, habelə elmi fəaliyyətə həsr edəcəyəm,” o qeyd edib.

Daha sonra akademik Ramiz Mehdiyevin akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.

Mətbuat xidməti bildirir ki, qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinə uyğun olaraq akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

AMEA-nin birinci vitse-prezidenti Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O texnika elmlər doktorudur. 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür, AMEA Fizika İnstitutunun baş direktorudur.

Son günlər çoxsayı elm adamları və siyasətçilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevə qarşı irad dolu tənqidlərlə çıxış edərək onu istefaya çağırıb.

Fevralın 10-da Ramiz Mehdiyev Amerikanın Səsinin suallarının cavabında tənqidləri və istefa çağırışlarını qəbul etmədiyini bildirib.

“Mən bu şəxslərin nə özlərini, nə də çağırışlarını ciddi qəbul edirəm. Məni bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və cənab Prezident İlham Əliyev də məni bu vəzifəyə təsdiqləyib. Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm,” o qeyd edib.

Buna baxmayaraq, Mehdiyev fevralın 14-də istefa verəcəyini bəyan edib. Ramiz Mehdiyev son günlər akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.

Milli Məclisin keçmiş sədri İsa Qəmbər bir müddət AMEA-da çalışıb. İsa Qəmbər Amerikanın Səsinə deyib ki, ölkədə təkcə elm sahəsi deyil, bütün sahələr pis idarəetmə nəticəsində böhran vəziyyətindədir.

“Müasir dövrdə AMEA Sovet dövrünün məhsulu olsa da, dünyada gedən tendensiyalara uyğun olmasa da, hər halda bir mərkəzdir. Mən bu mərkəzdə uzun müddət çalışmışam. Bilirəm ki, burada çox sayda ağıllı və savadlı insanlar var idi. Həm veteran, müdrik, yaşlı insanlar var idi, həm də enerjili, hər şeyi öyrənmək istəyən, dünya ilə ayaqlaşmaq istəyən, Azərbaycana fayda vermək istəyən gənclər var idi.”

Onun fikrincə, Sovet dövründə AMEA alimləri nəzarətdə saxlamaq üçün bir mexanizmi kimi fəaliyyət göstərirdi.

“Təəssüf ki, son onilliklərdə də Azərbaycan hakimiyyəti elmi və alimləri nəzarətdə saxlamaq üçün akademiyadan istifadə edib. Bu da təbii ki, bütövlükdə xalqın intellektual gücünü və konkret olaraq akademiyada cəmləşən elm adamlarının, mərkəzlərin elmi potensialını məhdudlaşdımağa yönəlib. Bu dəyişməlidir. Akademiya ciddi islahatlardan keçməlidir. Müasir dünyada elmi mərkəzlər necə qurulur, akademiya da elə qurulmalıdır. Bu ümumi yanaşmadır.”

İsa Qəmbər hesab edir ki, islahat prosesində elmlə təhsilin, akademiya ilə universitetlərin yaxınlığını təmin edən dünyadakı mövcud modellərdən biri tətbiq edilməlidir.

O, konkrtet məqamlardan danışarkən deyib ki, büdcədən elmə ayrılan vəsait çox azdır və bu şəraitdə elm inkişaf edə bilməz. Büdcədən ayırmalar artırılmalı, alimlərin əmək haqlarında ciddi artımlar olmalıdır, həmçinin konkret elm sahələri götürülüb inkişaf etdirilməlidir.

İsa Qəmbər AMEA-nın idarə edilməsinin də müasir idarəetmə normalarına uyğun olmadığnı deyib. Onun fikrincə, akademiya sanki bir “cərimə batalyonu”na çevrilib.

“Hakimiyyətdə hansı siyasi fiqurun dönəmi bitibsə və hakimiyyət həmin şəxsi vəzifədən səs-küylü kənarlaşdırmaq istəmirsə birini akademiyanın hansısa institutuna direktor göndərir, birini akademiyanın prezidenti təyin edir. Hansı ki, indiki o qalmaqallı şəxsdən söhbət gedir. Amma Azərbaycan tarixində bu, birinci dəfə deyil.”

O hesab edir ki, akademiyanı “cərimə batalyonu”na çevirib, sonra oradakı şəxsi uzaqlaşadırmaq üçün elm adamlarını üz-üzə qoymaq, qalmaqal yaratmaq düzgün idarəetmə üsulu deyil.

XS
SM
MD
LG