Accessibility links

Ramiz Mehdiyev tənqidçilərinə: "Onların əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı?"


Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev nəvəsinin toy şənliyi ilə bağlı sosial şəbəkələrdə, o cümlədən üzvü olduğu Yeni Azərbaycan Partiyasının funksionerləri, deputatlar tərəfindən kəskin tənqidlərdən, qızının həyat yoldaşının və qudasının həbsindən, toy şənliyində iştirak edənlərin cərimələnməsindən sonra açıqlama ilə çıxış edib.

Onun açıqlaması AMEA-nin rəsmi saytında yayılıb.

Ramiz Mehdiyev bildirir ki, qanun qarşısında hamı bərabərdir. Amma, başqa vəzifəli şəxslər də kütləvi tədbirlər keçirib, buna baxmayaraq onlara qarşı hüquqi tədbirlər həyata keçirilməyib.

“Qeyd edim ki, həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir,” o qeyd edib.

O, hesab edir ki, ailə üzvlərinə, nəvəsinin şənliyində iştirak edənlərə qarşı həyata keçirilən hüquqi tədbirlər qanunidir.

“Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır,” o, qeyd edib.

Prezident Administrasiyasının uzun müddət rəhbəri olmuş Mehdiyev hesab etdiyini deyib ki, hər bir dövlətin tərəqqisi, gücü və gələcəyi vətəndaşların qanun qarşısında bərabərliyindən keçir.

Mehdiyev tənqidçiləri olan jurnalist və millət vəkillərindən incimədiyini yazıb.

“Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənabp prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək,” deyə vaxt gələndə bu tənbehlərin onları da gözlədiyinə işarə edib.

Ramiz Mehdiyevin hazırki əsas tənqidçiləri üzvü olduğu Yeni Azərbaycan Partiyasının funksionerləri, Milli Məclisin deputatları, iqtidaryönümlü jurnalistlərdir.

Ramiz Mehdiyevin nəvəsinin toy şənliyindən sosial şəbəkələrdə yayılan qısa video hökumətin geniş tənqidinə yol açıb. Bundan sonra toy şənliyini təşkil edən Ramiz Mehdiyevin qızının həyat yoldaşı, Milli Məclisin sabiq deputatı İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev inzibati qaydada 15 sutka həbsə məhkum edilib. İqtidarda olan Yeni Azərbaycan Partiyası bu partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzova töhmət elan edib. Bu gün isə Siyavuş Novruzov icra katibinin müavini vəzifəsindən istefa verib.

Şənlikdə iştrak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, Milli Elmlər Akademiyasının müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə, onun həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, onun həyat yoldaşı, ombudsman Səbinə Əliyeva və daha 17 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə günahlı bilinərək hər biri dörd yüz manat məbləğində cərimə edilib.

Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov partiyanın bir sıra üzvlərinin karantin qaydalarını kobudcasına pozaraq Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakını qınayıb.

Müşahidəçilər bildirir ki, Azərbycan məhkəmə tarixində ilk dəfə olaraq keçmiş deputat İlham Əliyevin məhkəməsi televiziyalar tərəfindən canlı yayımlanıb. Karantin dövründə digər məhkəmə proseslərinə jurnalistlər buraxılmadığı halda Prezident Adminsitrasiyasının keçmiş rəhbərininn kürəkəninin məhkəməsinə çoxsaylı jurnalist dəvət edilib.

Müşahidəçilər hesab edir ki, cəza tədbirləri həm də hakimiyyətdaxili siyasi mübarizədən xəbər verir.

Ramiz Mehdiyev siyasi karyerasına Azərbaycan SSRİ-nin tərkibində olarkən Kommunist Partiyasında başlayıb. 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasında müəllim kimi dərs deyən Mehdiyev 1974-cü ilin mayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə apparatında təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. Daha sonra o, Kommunist Partiyasının katibi vəzifəsində işləyib.

1993-cü ildə sabiq Politbüro üzvü Heydər Əliyevin hakimiyyətə gəlməsindən az sonra Ramiz Mehdiyev yenidən idarəçiliyə cəlb olunub. Uzun müddət Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev Əliyev hakimiyyətinin ən qüdrətli fiqurlarından biri sayılıb.

Sovet dönəmində “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə “İstiqlal” ordeni ilə təltif edilib.

2019-cu ilin oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Prezident dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib.

XS
SM
MD
LG