Accessibility links

ABŞ Ramzan Kadırova qarşı sanksiyalar tətbiq edib


Birləşmiş Ştatlar işgəncələr və məhkəməsiz edamlar da daxil olmaqla, insan haqlarını pozduğuna görə bazar ertəsi Rusiyanın Çeçenistan Respublikasının regional liderinə qarşı sanksiyalar tətbiq edib.

43 yaşlı Ramzan Kadırov Çeçenistanı özünün istədiyi kimi idarə edir, fikir ayrılıqlarını özünün təhlükəsizlik güclərindən istifadə edərək, aradan qaldırmağa çalışır. Beynəlxalq insan haqları qrupları Kadırovu və onun yardımçılarını adam qaçırmaqda, işgəncə verməkdə və öldürməkdə ittiham edir.

Hüquq müdafiəçiləri Çeçenistan hökumətinin geylərə qarşı təzyiqlərə görə də məsuliyyət daşıdığını, son bir neçə ildə 100-dən çox insanın həbs edildiyini, işgəncələrə məruz qaldığını və bəzilərinin öldürüldüyünü deyib. Çeçenistan hökuməti bu ittihamları rədd edib, federal rəsmilər isə deyiblər ki, aparılan təhqiqatlar zamanı bu ittihamları təsdiqləyəcək heç bir dəlil tapılmayıb.

Sanksiyalar barədə açıqlama verərkən ABŞ dövlət katibi Mayk Pompeo "Kadırovun işgəncələr və məhkəmə olmadan qətllər də daxil olmaqla, on ildən çoxdur insan haqlarını kobud şəkildə pozduğuna dair geniş məlumatlar var" deyib.

Pompeo məhdudiyyətlərin Kadırovun həyat yoldaşı və iki qızına da şamil ediləcəyini deyib və ABŞ-ın müttəfiqlərini eyni addımları atmağa çağırıb.

Buna cavab olaraq Kadırov özünün silah saxlanan otaqda, hər əlində bir avtomat olan şəklini bloquna yerləşdirərək, bunları yazıb "Pompeo biz döyüşü qəbul edirik. Getdikcə daha əyləncəli olacaq."

Rusiya qanunvericiləri Moskvanın Kadırova qarşı tətbiq edilən sanksiyalara görə ABŞ-a lazımi cavab verəcəyini desə də, bunun nədən ibarət olacağını bildirməyiblər.

Beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə baxmayaraq, Kreml federal subsidiyalar ayıraraq, iki separatçı müharibədən sonra Çeçenistanda sabitliyin təmin olunmasında Kadırova güvənib.

Rusiya müxalifətinin 2015-ci ildə Kremlin tanınmış tənqidçisi Boris Nemtsovun öldürülməsində Çeçenistan liderinin əli olduğuna dair iddialar irəli sürdüyü zaman da Kreml Kadırovun tərəfində oldu. Çeçenistan təhlükəsizlik qüvvələrinin bir zabiti Nemtsovu Kremlin yaxınlığındakı körpüdə qətlə yetirməkdə ittiham edildi və 20 il həbs cəzasına məhkum edildi.

Şərhlərə bax

XS
SM
MD
LG