Accessibility links

İran Teleradio Təşkilatının Bakı müdiri Azərbaycana buraxılmayıb


İran Teleradio Təşkilatının Bakı müdiri Azərbaycana buraxılmayıb
İran Teleradio Təşkilatının Bakı müdiri Azərbaycana buraxılmayıb

Bu Azərbaycan Prezident Administrasiyasının şöbə müdirinin İrana səfərindən bir neçə gün sonra baş verib.

İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazımi Azərbaycan Respublikasına buraxılmayıb. “Media forum” saytı İranın “Tabnak.ir” saytına istinadla bildirir ki, hadisə dekabrın 9-da baş verib.

Məlumata görə, İrandan Azərbaycana gələn Əhməd Kazıminin ölkəyə girişinə icazə verilməyib, o, Bakının beynəlxalq aeroportundan geri qaytarılıb.

Bu hadisəni “Əhməd Kazıminin təhqiramiz şəkildə Azərbaycan Respublikasından qovulması” kimi qiymətləndirən “Tabnak.ir” saytı yazır ki, İranın media nümayəndələri bu ölkənin Xarici İşlər Nazirliyindən və digər orqanlarından Azərbaycana etiraz notası verilməsini və Azərbaycanın İrandakı bütün media nümayəndələrinin ölkədən qovulmasını tələb edib.

“Media forum”un bildirdiyinə görə, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah”) keçmiş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir”in dekabrın 11-də yaydığı “İran teleradiosunun nümayəndəsi niyə Azərbaycandan qovuldu?” başlıqlı yazısında deyilir: “Azərbaycan Respublikası İrana zidd hərəkətlərinin ardınca bu dəfə İran Teleradiosunun Bakıdakı nümayəndəliyinin müdiri Əhməd Kazımini hər hansı izahat vermədən Bakıdan qovub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Tehranda İran mediası rəsmiləri ilə media sahəsində birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmasından dörd gün keçməsinə baxmayaraq Bakı aeroportunun məmurları ötən cümə günü axşam saatlarında İran teleradiosunun Bakıdakı nümayəndəliyinin müdiri Əhməd Kazıminin ölkəyə girişinə mane olaraq onu qovublar.

Halbuki Əli Həsənovla İran Teleradio Təşkilatının rəsmiləri belə qərara almışdılar ki, hər iki ölkənin mediası arasında əməkdaşlıq üçün birgə komitə yaransın. İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazımi isə İranın sözügedən komitədəki xüsusi nümayəndəsi kimi təqdim edilmişdi. Əli Həsənov Tehrana səfərinin sonunda jurnalistlərə açıqlamasında demişdi ki, belə bir müştərək komitənin yaradılması ilə hər iki ölkənin media sahəsindəki əməkdaşlığı əvvəlkindən daha yaxşı olacaq. Azərbaycanın İranla razılaşmanı pozması belə bir vaxtda baş verir”.

Əhməd Kazıminin deportasiya olunmasını Tehranın dövlət radiosu da təsdiqləyib. Radionun xəbərində bildirilib ki, Azərbaycan tərəfindən problemin viza məsələsi ilə bağlı olduğu və tezliklə aradan qaldırılacağı haqda qeyri-rəsmi vəd verilib. Radionun xəbərində deyilir: “Müşahidəçilər bu kimi tədbirləri Əli Həsənovun Tehran səfərini əhəmiyyətsiz və təsirsiz göstərməyə cəhd edən, Azərbaycan Respublikasının rəsmi dairələrində Tehran-Bakı münasibətlərinə müxalif olan bəzi qüvvələrin təşəbbüsü ilə əsaslandırırlar. Deyilənlərə görə, həmin qüvvələr son aylar ərzində Azərbaycan Respublikasının stabilliyinə zidd olaraq “Pejak”, PKK və münafiqlər qaragüruhlarının da həmin respublikada yerləşməsinə zəmin hazırlayıblar. Qeyd edək ki, Amerika və sionist rejim rəsmiləri Azərbaycan Respublikası hökumətini anti-İran siyasətinə və tədbirlərinə təhrik etmək istiqamətində əllərindin gələni edirlər”.

Rəsmi Bakı İran Teleradio Təşkilatının nümayəndəsinin ölkəyə buraxılmamasının səbəbləri ilə bağlı hələ rəsmi məlumat yaymayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti bunun texniki səbəblərlə bağlı olduğunu güman edir.

XS
SM
MD
LG