Accessibility links

İranda bankdan 3 milyard dollar oğurluğa görə daha 14 nəfər saxlanıb


İranda bankdan 3 milyard dollar oğurluğa görə daha 14 nəfər saxlanıb
İranda bankdan 3 milyard dollar oğurluğa görə daha 14 nəfər saxlanıb

İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavərinin Kanadaya qaçdığı güman edilir.

İrandakı böyük bank oğurluğuna görə daha 14 nəfər tutulub. “Media forum” saytının məlumatına görə, bunu İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei oktyabrın 10-da jurnalistlərlə görüşündə açıqlayıb.

Baş prokuror deyib ki, onun Kanadaya qaçmış İran Milli Bankının keçmiş rəhbəri Mahmudrza Xavərinin ikili vətəndaşlığa malik olmasından xəbəri olmayıb: “Son iki-üç gündə oğurluqla bağlı daha 20 nəfər ifadə vermək üçün çağırılıb. Dindirildikdən sonra onlardan 14 nəfəri saxlanılıb. Saxlananlar arasında bank müdirləri və digər şəxslər var. Oğurluqla bağlı Mahmudrza Xavəri haqda araşdırmaya başlayanda biz onun ikili vətəndaşlığa malik olduğunu bilmirdik. Hətta bir çoxumuz onun ailəsinin Kanadada yaşadığını da bilməmişik. Məhz buna görə də onun ölkəni tərk etməsinə qadağa qoyulmamışdı”.

Xavərini İran Milli Bankının icraçı direktoru vəzifəsinə təyin edənlər onun ikili vətəndaşlığına malik olduğunu bilə-bilə bunu ediblərsə, qanunsuz iş görüblər və hökumət bu məsələni araşdırmalıdır. Burada bir daha bildirirəm ki, Xavəri ölkəyə qayıdıb özünü müdafiə etməyincə bütün ittihamlar onun ayağına yazılacaq”.

2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.

Sentyabrın 27-də İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan az sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.

XS
SM
MD
LG