Accessibility links

İranda toylara Azərbaycan Respublikasından musiqiçilərin dəvətinə qadağa qoyulub


İranda toylara Azərbaycan Respublikasından musiqiçilərin dəvətinə qadağa qoyulub
İranda toylara Azərbaycan Respublikasından musiqiçilərin dəvətinə qadağa qoyulub

İranın Şərqi Azərbaycan əyalətinin Xarici Vətəndaşların Mühacirəti və Pasport İdarəsinin rəisi vətəndaşların öz toylarına Azərbaycan Respublikasından müğənni dəvət etməsini qanunsuz adlandırıb. Onun fikrincə, bu cəmiyyətin ayrı-ayrı təbəqələri arasında müxtəlif mədəni problemlərə, xoşagəlməz nəticələrə gətirə bilər

“Media forum” saytının məlumatına görə, İran tərəfi Azərbaycan Respublikasından olan müğənnilərin İranda toy məclislərində oxumasına qadağa tətbiq edir.

Sayt bildirir ki, İranın Şərqi Azərbaycan əyalətinin Xarici Vətəndaşların Mühacirəti və Pasport İdarəsinin rəisi polkovnik Məhəmmədəli Qafarzadə noyabrın 10-da jurnalistlərə açıqlamasında qadağanı belə izah edib: “Bəzən vətəndaşlar öz toylarına və ya digər şənliklərə Azərbaycan Respublikasının müğənnilərini dəvət edirlər. Bu qanunsuzdur və cəmiyyətin ayrı-ayrı təbəqələri arasında müxtəlif mədəni problemlərə, xoşagəlməz nəticələrə gətirə bilər”.

Cənab Qafarzadə deyib ki, xarici vətəndaşların gəlib yerli əhalinin evlərində qalması da qanunsuzdur və bu qanunu pozanlar cəzalandırılacaq. “İran İslam Respublikası ərazisinə daxil olan xarici vətəndaş öz tanışları və ya qohum-əqrəbalarının evində qalmaq istəyəndə 72 saat ərzində bizim idarəyə yazılı müraciət etməli, icazə almalıdır. Əks təqdirdə müvafiq qurumlar üçün nəzarəti asan olan mehmanxanalarda qalmalıdır. Son vaxtlar bir sıra xarici vətəndaşlar, o sıradan da azərbaycanlılar gəlib təbrizli vətəndaşların evlərində qalırlar. Bu isə onları vaxtında axtarıb tapmaq və fəaliyyətini nəzarətdə saxlamaq işini çətinləşdirməklə yanaşı həm də təhlükəsizlik, siyasi və əxlaqi baxımdan bir sıra problemlərin ortaya çıxmasına gətirir”.

Azərbaycan Respublikasında müğənillər İranın bu qadağasına qarşıdır. Onların fikrincə, İranda yaşayan azərbaycanlılarla Azərbaycan Respublikasındas yaşayan azərbaycanlıların musiqisi eynidir və İranın bu qadağası düzgün deyil.

Media forum” saytı İranın Şərqi Azərbaycan əyalətində (bu əyalətin paytaxtı Təbriz şəhəridir) toy mərasimlərində, digər el şənliklərində Azərbaycan Respublikasından olan musiqiçilərin iştirakına qoyulmuş qadağaya xalq artistləri Arif Babayev, Canəli Ələkbərov, Qəndab Quliyeva, Səkinə İsmayılova və Mələkxanım Əyyubovanın münasibətini öyrənib.

Arif Babayev bir neçə dəfə İran İslam Respublikasında tədbirlərdə olduğunu deyib: “Cənubi Azərbaycan əhalisi Azərbaycan musiqisinə çox bağlıdır. Mən iştirak etdiyim konsertlərdə buna çox yaxından şahidi olmuşam. Cənubi Azərbaycan əhalisinin milli musiqiyə böyük diqqətini, qayğısını görmüşəm. İran hökumətinin Azərbaycan musiqiçilərinin ora getməsinə qadağa qoymasının əleyhinəyəm. Musiqiyə qadağa qoymaq düzgün deyil. Bu qadağa nəyə lazımdır? Orada da eyni millət yaşayır, burda da. Ənənələr də oxşar...”

Canəli Ələkbərov öncə vurğulayıb ki, toy, şənlik həm də insanların ünsiyyət saxladığı mədəni bir məkandır və bu mədəni məkana yasaq qoymaq düzgün deyil: “Mən Təbrizdə bir neçə dəfə olmuşam. O yerlərin musiqisi bizim musiqimizlə, demək olar ki, eynidir. Əlbəttə, bunun tarixi kökləri var. Təbrizdəki toy şənliklərinə Azərbaycan Respublikası musiqiçilərinin getməsinə İran hökumətinin qadağa qoyması düzgün addım deyil. Eyni zamanda belə bir qadağa xalqın istəyinə, məhəbbətinə təsir göstərə də bilməz”.

Qəndab Quliyeva da toy şənlikləri ilə bağlı qadağaların qoyulmasını düzgün hesab etmir: “Düzdür, hər dövlətin öz qanunları, öz qaydaları var. Nəyi necə etmək onların öz işidir. Ancaq toy şənliklərinə qadağa qoyulubsa, bu yaxşı hal deyil. Amma o da yaddan çıxmamalıdır ki, musiqiçilərimizin getməsinə qadağa qoyulan yer Azərbaycanın tarixi yerləridir. Əlbəttə, musiqi oxşarlığı, sənətə, musiqiyə maraq, sevgi bu tarixiliklə bağlıdır”.

Səkinə İsmayılova bildirib ki, onun səsinin, oxuduğu mahnıların Azərbaycan Respublikasından da çox İranda arxivi var: “Təbrizdə, Tehranda və digər şəhərlərdə minlərlə səs lentlərimin olduğunu bilirəm. İran şəhərlərində ümumiyyətlə bizim musiqini, sənəti hədsiz məhəbbətlə sevirlər. Bu istəyi, məhəbbəti insanların qəlbindən necə çıxarmaq olar? Mən bu gün də rəsmi dəvət alsam, İrana gedəcəm. Orada mənə qarşı olan məhəbbəti, sevgini necə unuda bilərəm axı?! Bunu sadəcə görmək lazımdır. Orada hökumətin tətbiq etdiyi yeni qanunlardan xəbərim də yoxdur və bunları boş fikir hesab edirəm”.

Mələkxanım Əyyubova da İran hökumətinin sənətçilərlə bağlı qərarına pis baxdığını vurğulayıb: “Oradakı musiqi tədbirlərinə az getsəm də, bu ölkədə səfərdə çox olmuşam. Turist kimi İran şəhərlərini gəzmişəm. Əgər mən bu gün İrana sənətkar kimi dəvət alsam, lakin belə qərarlar maneə törətsə, İranın Azərbaycandakı səfirliyinə müraciət edərəm. Eyni zamanda bildirim ki, bizim getdiyimiz şəhərlər Azərbaycanın qədim, tarixi şəhərləridir. Əlbəttə ki, hər hansı bir vasitə ilə məhdudiyyət qoyulması yaxşı iş deyil”.

XS
SM
MD
LG