Accessibility links

Rasim Musabəyov: Minsk qrupunun həmsədr dövlətlərinin birgə bəyanatı real vəziyyəti əks etdirmir


Bəyanatda münaqişə tərəfləri möhkəm və dinc nizamlanmaya nail olmaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırılır.

Martın 22-də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirləri Sergey Lavrov (Rusiya), Hillari Klinton (ABŞ dövlət katibi) və Alen Jüpe (Fransa) birgə bəyanatla çıxış edib.

Bəyanatda münaqişə tərəfləri möhkəm və dinc nizamlanmaya nail olmaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırılır.

"Biz tərəflərin liderlərini Helsinki Yekun Aktı əsasında, gücün və ya güclə hədələmənin tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə və xalqların hüquq bərabərliyi prinsiplərinə, BMT Nizamnaməsinin bəndlərinə, həmçinin beynəlxalq hüquq prinsipləri və normalarına əsaslanaraq, bütün regiona status-kvonun çərçivəsindən daha təhlükəsiz və çiçəklənən gələcəyə çıxmağa icazə verəcək çərçivə sazişinin və sonrakı qəti qərarın üzərində işi mümkün qədər tez tamamlamağa çağırırıq", - deyə sənəddə qeyd edilir.

Bəyanatda həmçinin bildirilir ki, sülhə doğru yolda irəliləyiş əldə olunub.

"2009-cu ildə bizim üç liderin Akvildə, 2010-cu ildə Muskokda və 2011-ci ildə Dovildə verdikləri birgə bəyanat hərtərəfli dinc nizamlanma üçün əsas elementləri müəyyən edib", - deyə xarici işlər nazirləri xatırladır.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, nazirlərin bəyanatı real vəziyyəti əks etdirmir. “Münaqişənin nizamlanması kağız üzərində deyil, Azərbaycanın işğal edilmiş ərazilərinin real şəkildə azad edilməsi ilə başlanmalıdır. BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir”.

Politoloq həmsədr dövlətlərin tərəfləri siyasi iradə nümayiş etdirməyə çağırması ilə razılaşmır. “Azərbaycan Ermənistanın torpaqlarını işğal etməyib. Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmalıdır. Ermənistanı dəstəkləyən dövlətlər Azərbaycana təzyiq etməklə məşğuldur. Əslində, bu nizamlanma prosesinin irəli aparılmasına kömək etməyəcək. Əgər, Ermənistan Dağlıq Qarabağın referendum yolu ilə Azərbaycandan ayrılmasına nail olmaq istəyirsə, buna nə Ermənistan, nə də onun dostları nail ola bilməyəcək. İlk öncə, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlar çıxarılmalıdır, bundan sonra Dağlıq Qarabağın statusu müəyyən edilməlidir”.

Cənab Musabəyovun fikrincə, hazırda stol üzərində olan sənəd qoşunların işğal ərazisini tərk etməsini təmin etmir. “BMT TŞ-nin qətnaməsində deyildiyi kimi işğal ərazisi boşaldılmalı, təhlükəsizlik tədbirləri təmin edilməli, məcburi köçkünlər geri qayıtmalı və nəhayət Dağlıq Qarabağın statusu müəyyən edilməlidir. Ermənistan qoşunları işğal etdiyi ərazidən çıxarılmayınca Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz”.

XS
SM
MD
LG