Accessibility links

Rasim Qaraca: 'Haray haray mən türkəm' şüarı köhnəlib [Audio-Müsahibə]


Rasim Qaraca

Rasim Qaraca Azərbaycan Respublikasında türk kimliyinin azərbaycanlı kimliyinə dəyişdirilməsinin zorla həyata keçirildiyini təsdiq etsə də, bunun əslində bir üstünlük olduğunu ifadə edir. Amerikanın Səsinə danışan yazar və şair həmin kimlik dəyişdirmə səbəbi ilə Azərbaycan Respublikasının “tarixi təcrübə baxımından Türkiyə türkləri və Güney Azərbaycan türklərindən bir addım öndə” olduğunu düşündüyünü önə çəkir.

Əsərləri ilə İran Azərbaycanında da yaxşı tanınan Rasim Qaraca orada keçirilən mitinqlərdə tez-tez səsləndirilən məşhur “Haray haray mən türkəm” şüarının zamanının keçdiyini və köhnəldiyini vurğulayır.

Onun sözlərinə görə, “bu kimlik axtarışı söhbəti əgər aktualdırsa, bir millət üçün yaxşı bir göstərici deyil. Yəni biz artıq kimliyimizi tapmalıydıq və indi başqa işlərlə məşğul olmalıyıq. O cümlədən də "Haray haray mən türkəm" şüarı dəqiq mənada köhnəlib. Bir şüar hansısa bir strategiyanı və ideoloji bir görüşü ifadə etməlidir... Şüar praktik olmalıdır. Məsələn haray çəkib türklüyümü bəyan etmək konstruktiv bir fəaliyyətin ifadəsi deyil.”

Azərbaycanlı yoxsa türk?

Zorla da olsa Azərbaycanda türk kimliyi yenilikçi və eksperimental bir ideologiya olan Marksist ideologiyasına tabe tutulur və dəyişdirilir. Yəni biz Şərqdən qopmuş bir millətik.
Rasim Qaraca

Yazar Azərbaycan Respublikası üçün “biz azərbaycanlıyıq” ifadəsini əsaslı bir ifadə kimi hesab edir: “Mən hesab edirəm ki biz Azərbaycanlıyıq demək daha keçərlidir. Azərbaycan Respublikasından danışıram, Güney Azərbaycanla işim yoxdur... Quzey Azərbaycan çox millətli bir toplumdur. Yəni türklüyün önə çıxması digər millətlərin müəyyən mənada aşağılanmasına gətirib çıxardar.”

Rəsmi dövlət sənədlərində Azərbaycan Respublikasında yaşayan milli azlıq qrupların adı ləzgi, erməni, talış, avar, kürd və saxur kimi, əksəriyyəti təşkil edən cəmiyyətin adı isə azərbaycanlı kimi qeyd olunur.

Rasim Qaraca “azərbaycanlı” sözünü etnik yoxsa vətəndaşlıq ifadəsi kimi hesab etdiyinə dair münasibət bildirmir. O, ümumiyyətlə Azərbaycan Respublikasının yeni bir millət kimi formalaşdığını və bununla digər müsəlman şərq toplumları, o cümlədən “Güney Azərbaycan və Türkiyə türklərindən” bir addım önə çıxdığını vurğulayır.

Marksist ideologiyasına tabe tutularaq dəyişdirilən kimlik

“Qısaca deyə bilərəm ki, Quzey Azərbaycanda biz yeni bir millət kimi formalaşmışıq və tarixi təcrübə olaraq bir addım digər müsəlman şərq ölkələri və türk ölkələrindən önə çıxmışıq. Bunu belə əsaslandırıram ki, burada ilk respublika qurulub və bu zamanının böyük ideologiyası olan Marksist təcrübədən keçib. Zorla da olsa Azərbaycanda türk kimliyi dünyada aparıcı olan, yenilikçi və eksperimental bir ideologiyaya tabe tutulur və dəyişdirilir. Yəni biz Şərqdən qopmuş bir millətik,” Qaraca deyir.

Azərbaycan Respublikasının türk dünyası və İslam Şərqi üçün örnək və nümunəvi bir ölkə olmaq şansı var... Biz tarixi təcrübə baxımından Türkiyə türkləri və Güney Azərbaycan türklərindən bir addım önə çıxmışıq.
Rasim Qaraca

O, Azərbaycan Respublikasında toplumun adət-ənənələrindən qoparılması və kimliyinin dəyişdirilməsinin bir avantaj olduğunu ifadə edir və Azərbaycanın məhz bu faktor səbəbilə “türk dünyası və İslam Şərqi üçün örnək və nümunəvi” bir ölkə ola biləcəyini irəli sürür.

“İnsanların kimliyi zorla dəyişdirilsə də bu bir avantaj oldu.”

“Biz İslam Şərqindən, Türk keçmişindən, hətta ana dilimizdən, əlifbamızdan bir çox adət-ənənələrimizdən tamamən qoparılmışıq və tarixlə bağlı olan bir çox şeylər burada yasaq edilib. İnsanların kimliyi zorla dəyişdirilib. Amma mən bu dəyişdirməyi bir avantaj kimi qəbul etmək tərəfdarıyam. Çünki, buradakı türk də bizim bildiyimiz klassik türk deyil, ləzgi də klassik ləzgi deyil, talış da bizim klassik talış deyil. Buradakı talış da artıq azərbaycanlıdır,” deyə Rasim Qaraca dilə gətirir.

O, hesab etdiyini əlavə edir ki, Azərbaycan Respublikasının əsas ideologiyası və əsas nümunəvi ola biləcək cəhətimiz bu coğrafiyanın ənənədən qopmuş olmasıdır - "ənənədən, tarixdən və keçmişin düşmənliklərindən, qan dolu bataqlığından qopmuş olmasıdır."

Rasim Qaraca “Haray haray mən azərbaycanlıyam” şüarının İran Azərbaycanında türk fəallar tərəfindən mütəmadi olaraq səsləndirilən “Haray haray mən türkəm” şüarına alternativ ola biləcəyini qeyd edir:

Haray haray mən türkəm şüarı

İran Azərbaycanında türk fəalların mitinqi
İran Azərbaycanında türk fəalların mitinqi


“Fərz edək ki, Haray haray mən azərbaycanlıyam şüarı meydana atılsa, yenə təpki olacaqmı? Bu şüarları dəyişməyin zamanı deyilmi? Yəni, illər ərzində Haray haray mən türkəm deməyin bir praktik nəticəsini gördükmü?.. Məcazi mənada desək divara qarşı gəlmişiksə onun yanından keçmək üçün başqa yollar var. İlla ki gedib divara anlımızı vurmaq da müəyyən mənada düzgün deyil..”

O deyir ki, “yəni bu şüar özü də keçərli ola bilər; Haray haray mən iranlıyam ya Haray haray mən azərbaycanlıyam... Hər halda Haray haray mən türkəm şüarına mənim yəni bir nəfərin də qarşı çıxması düşüncəyə meydan açır.”


Rasim Qaracanın əsərləri İran Azərbaycanı və Tehranda da nəşr olunub. Onun “Tənhalıqdan o yana kənd yoxdur” şeir toplusunun fars dilinə tərcüməsi Tehranda “Beşinci Fəsl” nəşriyyatı tərəfindən, “Ölüm haqqında günəş” adlı şeir toplusu isə İran Azərbaycanında “Yaşmaq” nəşriyyatı tərəfindən ərəb əlifbasında nəşr edilib.

XS
SM
MD
LG