Azərbaycan Ədliyyə Nazirliyi Respublikaçı Alternativ (REAL) Partiyasını rəsmi dövlət qeydiyyatına alıb.
REAL Partiyası bildirir ki, bu gün nazirlik partiyanın qeydiyyata alınması haqqında şəhadətnaməni partiyanın sədri İlqar Məmmədova təqdim edib.
Ədliyyə Nazirliyində keçirilən görüşdə nazir müavini Toğrul Musayev bildirib ki, qərar dünən kollegiya iclasında qəbul olunub.
Görüş zamanı İlqar Məmmədov partiyaların qeydiyyatı sahəsində dövlət siyasətinin dəyişməsini təqdir edərək bunun real siyasi dəyişikliklər üçün zəmin yaratdığını vurğulayıb.
“REAL sədri həmçinin partiyanın hakimiyyətlə davam edən dialoqunda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün mühitin yaxşılaşdırılması mövzusunu bir neçə dəfə qaldırdığını xatırladıb. Bu baxımdan Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin bu günlərdə QHT rəhbərləri ilə keçirdiyi görüşün həmin istiqamətdə də irəliləyişə yol açacağına inanmaq istədiyini ifadə edib. İlqar Məmmədov həmçinin Avropa Məhkəməsinin qərarlarından faydalı istifadənin onların icra dərəcəsindən asılı olduğunu, Məhkəmə-Hüquq Şurasının bu məsələdə vacib rol oynaya biləcəyini qeyd edib,” REAL-ın məlumatında deyilir.
Respublikaçı Alternativ (REAL) 2009-cu ilin yanvarında bir qrup siyasətçi tərəfindən hərəkat kimi təsis edilib.
Təşkilatın yaranmasının əsas səbəbi Azərbaycanda “bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə” qoyulan konstitusiya qadağasının referendum vasitəsiylə ləğv olunmasına qarşı etiraz olub.
2018-ci ilin aprelində REAL Partiyası qurultay keçirərək müxalifətdə olan siyasi partiya olduğunu elan edib.
REAL-ın lideri İlqar Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Məmmədovun həbsdən buraxılması, bəraət verilməsi barədə Avropa Şurası Nazirlər Komitəsinin bir neçə qərarı var. O, 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.
İlqar Məmmədov Ali Məhkəməyə kasassiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib, Ali Məhkəmədə onun şərti cəzası ləğv edilib.
2020-ci il aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu ReAL Partiyasının sədri İlqar Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verib. Plenum mənəvi zərərə görə Məmmədova 234 000 manat kompensasiya təyin edib.
Bu il avqustun 4-də ReAL (Respublikaçı Alternativ Patiyası) Partiyasının onlayn təsis qurultayı keçirilib. Bundan sonra partiya qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Ədliyyə Nazirliyi bu il Ağ, Azad Demokratlar, Yeni Zaman, Müstəqil Xalq, Cümhuriyyət Xalq, Milli Cəbhə və REAL partiuyalarını dövlət qeydiyyatına alıb.
Hazırda ölkədə dövlət qeydiyyatına alınan 55 siyasi partiya fəaliyyət göstərir. Onların əksəriyyəti iqtidaryönümlü partiya kimi tanınır. Bununla yanaşı müşahidəçilər hesab edir ki, dövlət qeydiyyatına alınan partiyalardan bir çoxu insanlar arasında tanınmır.
Ölkədə həmçinin dövlət qeydiyyatına alınmayan İslam, Haqq Ədalət və digər bir neçə siyasi partiya da fəaliyyətdədir.