Accessibility links

REAL Partiyası onlayn təsis qurultayı keçirib


Avqustun 4-də ReAL (Respublikaçı Alternativ Patiyası) partiyasının onlayn təsis qurultayı keçirilib.

Partiya siyasi şurasının üzvü Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, qurultaya 108 nümayəndə seçilib, onlardan 98-i forumda iştirak edib. 10 nümayəndə internet problemi ilə əlaqədar qurultayın işində iştirak edə bilməyib.

“Qurultayda əvvəl partiyanın təsis olunduğu elan edildi. Nizamnamə və proqram sənədləri, partiyanın atributları, loqosu, bayrağı və möhürü haqqında qərar verildi. Sonda isə altı nəfərdən ibarət Siyasi Komitə seçildi,” Cəfərli bildirib.

ReAL Partiyasının siyasi komitəsi
ReAL Partiyasının siyasi komitəsi

Siyasi Komitəyə İlqar Məmmədov, Erkin Qədirli, Rəsul Cəfərov, Natiq Cəfərli, Zaur Qurbanlı və Mahmud Mahmudov seçilib.

Qurultay Siyasi Komitəyə partiya üzvlərindən və məşhur şəxslərdən komitənin tərkibinə yeni üzvlər qəbul etmək səlahiyyəti verib.

Cəfərli qeyd edib ki, partiya sədrini Siyasi Komitə bu həftə keçirilməsi nəzərdə tutulan ilk iclasında seçəcək.

Bundan başqa, beş nəfərdən ibarət Təftiş-Nəzarət Komissiyası seçilib. Onun tərkibi də hər üç ayda bir nümayəndələr arasından əlifba ardıcıllığı ilə yenilənəcək.

Son ildə ReAl Partiyasının lideri İlqar Məmmədov və Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev arasında altı görüş keçirilib. Görüşlər zamanı digər məsələlərlə yanaşı ReAL Partiyasının dövlət qeydiyyatına alınması məsələsi müzakirə mövzusu olub.

Bu il iyulun 1-də keçirilən görüşdə Vəliyev bildirib ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər.

Beləlikə, ReAL Partiyasının təsis qurultayını video-konfrans rejimində keçirilib və partiya tezliklə qeydiyyat üçün müraciət edəcək.

Xatırladaq ki, bundan öncə şöbə müdiri Ədalət Vəliyevlə görüşdən sonra bir neçə siyasi partiya da dövlət qeydiyyatına alınıb.

Respublikaçı Alternativ (REAL) 2009-cu ilin yanvarında bir qrup siyasətçilər tərəfindən hərəkat kimi təsis edilib.

Təşkilatın yaranmasının əsas səbəbi Azərbaycanda “bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə” qoyulan Ana Yasa qadağasının referendum vasitəsiylə ləğv olunmasına qarşı etiraz idi.

“Biz hesab edirik ki, bu qadağanın ləğvi bir şəxsə siyasi hakimiyyəti zəbt etmək imkanı verdi və Cümhuriyyət təməllərini zədələmiş oldu. Bizim əsas məqsədimiz - Cümhuriyyətimizin bərpasıdır!” REAL-ın məlumatında deyilir.

2018-ci ilin aprelində REAL Partiyası qurultay keçirərək müxalifətdə olan siyasi partiya olduğunu elan edib.

REAL-ın lideri İlqar Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Məmmədovun həbsdən buraıxlması, bəraət verilməsi barədə Avropa Şurası Nazirlər Komitəsinin bir neçə qərarı var. O, 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

İlqar Məmmədov Ali Məhkəməyə kasassiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib, Ali Məhkəmədə onun şərti cəzası ləğv edilib.

2020-ci il aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu ReAL Partiyasının sədri İlqar Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verib. Plenum mənəvi zərərə görə Məmmədova 234,000 manat kompensasiya təyin edib.

XS
SM
MD
LG