Accessibility links

REAL qurultaydan ötrü yenidən müraciət etdi


Respublikaçı Alternativ (REAL) Hərəkatı qurultay keçirməyə yer ayrılmasından ötrü növbəti dəfə əlaqəli qurumlara müraciət edib. Bu dəfə müraciət Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə yanaşı qurultayın keçirilməsindən ötrü texniki imkanları olan otellərə də ünvanlanıb.

Bu haqda hərəkatın məlumatında yazılır.

Məlumata görə, müraciət Respublikaçı Alternativ Partiyası təşəbbüs qrupu adından göndərilib.

Bu dəfə qurultay keçirilməsindən ötrü 7 qurumdan yer ayrılması istənilir.

Bakı Şəhər İcra Hakimiyyətindən başqa təsis qurultayının keçirilməsi məqsədi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına, Beynəlxalq Mətbuat Mərkəzinə, "Pullman Baku", "Park Inn", "Hyatt Regency" və "The Landmark Baku" otellərinə müraciət edilib.

Müraciətdə bildirilir ki, qurultay ilin sonunadək şənbə və ya bazar günləri keçirilə bilər. Bundan ötrü azı 400 nəfərlik məkanın ayrılmasına ehtiyac var.

Bu, REAL-ın qurultaya yer ayrılması ilə bağlı ilk müraciəti deyil. Daha əvvəl 3 dəfə BŞİH-ə müraciət olunub.

REAL Hərəkatının lideri İlqar Məmmədov
REAL Hərəkatının lideri İlqar Məmmədov

REAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətində idi. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənirdi. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə qəbul edilmişdi. Həmin qərardan sonra Təşəbbüs Qrupu qurultaya yer ayrılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə göndərilmişdi.

Ancaq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs Qrupunun təsis qurultayı keçirməkdən ötrü yer ayrılması xahişi ilə müraciətinə müsbət cavab verməmişdi. Cavabda onların məktubda qeyd etdikləri məkanda tədbirin keçirilməsi mümkün sayılmamışdı. Hərəkat sonrakı müraciətlərdə də istəyinə nail ola bilməmişdi.

XATIRLATMA

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

XS
SM
MD
LG