REAL Hərəkatı referendum üzrə imzatoplama kampaniyasını dayandırır. "Biz bu gün yalnız konstitusiyaya dəyişikliklərə deyil, həm də referenduma yox deyirik." Bu barədə avqustun 22-də REAL-ın mərkəzi qəraragahında keçirilən mətbuat konframnsında bu qurumun İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib.
Onun sözlərinə görə, REAL keçiriləcək referendumu tanımır və onun nəticələrini legitim saymayacaq.
“Bundan sonra qanunvericiliyin verdiyi imkanlar daxilində “Referenduma yox!” şüarı ilə kampaniya apacağıq”, o qeyd edib.
Qasımlı bildirib ki, REAL ilk olaraq Mərkəzi Seçki Komissiyasına müraciət edərək qeydiyyatdan keçib və imza vərəqələri götürüb.
“Bundan dərhal sonra REAL-ın icra katibi Natiq Cəfərli və digər iki fəalımız həbs edildi. Natiq Cəfərli və fəallardan biri REAL-ın referendum üzrə səlahiyyətli nümayəndələridir. Bundan əlavə REAL vətəndaşların maarifləndirilməsi məqsədi ilə 100 000 nüsxə flayer hazırladı. Bu flayerlər də polis tərəfindən müsadirə edildi. Bunlar göstərdi ki, imzatoplama kampaniyasına başlamaq lazım deyil. Hakimiyyət referendumu sakit şəraitdə keçirmək istəyir”, o qeyd edib.
REAL-ın İdarə Heyətinin digər üzvü Erkin Qədirli bildirib ki, konstitusiyaya ediləcək dəyişikliklər ölkədə hakimiyyət bölgüsü ilə bağlı pariteti dəyişəcək, xaotiklik yaradacaq.
Mətbuat konfransında prezidentə parlamenti buraxmaq, yeni seçkilər elan etmək səlahiyyətlərinin verilməsi, prezident səlahiyyətlərinin xalq tərəfindən etimad almayan birinci-vitse prezidentə keçməsinin mövcud konstitusiyaya zidd olduğu önə çəkilib. “Konstisiyaya görə, hakimiyyətin mənbəyi xalqdır. Vitse-prezidenti isə prezident təyin edəcək və onun xalq tərəfindən verilmiş mandatı yoxdur”, Qədirili bildirib.
Azər Qasımlı hazırda həbsdə olan REAL lideri İlqar Məmmədovun telefon vasitəsi ilə ünvanladığı məktubunu oxuyub.
“Bu referendum cümhuriyyət təməllərini bir daha silkələyəcək və bu silkələnmə cəmiyyətdə hər bir vətəndaşa təsir edəcək. Hərə öz zərbəsini alacaq: kimi qiymət artımı formasında, kimi iş yerinin ititrilməsi formasında. REAL Hərəkatı bu mühitdə yeni şəraitə uyğunlaşmalı və partiyaşalşma işini gücləndirməlidir”, İlqar Məmmədovun məktubunda deyilir.
Azər Qasımlı bildirib ki, REAL-ın artıq yerli təşkilatlarının formalaşması başa çatmaqdadır.
“Sentyabrın sonlarında REAL partiya qurultayına tam hazır olacaq. O vaxt qurultayın keçirilmə vaxtı müzakirə ediləcək”, o qeyd edib.
Mətbuat konfransında REAL-ın referendum əleyhinə mübarizədə digər siyasi qurumlarla əməkdaşlığı məsələsinin açıq olduğu bildirilib.
“REAl bütün qərarları müstəqil qəbul edir. Bir sıra media orqanlarının REAL-ı xarici dövlətlərin maraqlarına xidmət ertməkdə günahlandırması tam yalanıdr. Bu yalanların REAL-a hər hansı dəxli yoxdur”, Qədirli deyib.