REAL Hərəkatının icra katibi Natiq Cəfərli, AXCP sədri Əli Kərimli, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər və Milli Şuraın sədri Cəmil Həsənlı Amerikanın Səsinə müsahibələrində Türkiyədə dövlət çevrilişinə cəhd və hazırda baş verənlərə münasibət bildirib.
Natiq Cəfərli: Türkiyə çox çətin bir dönəmə daxil olub
Türkiyədə baş verən hadisələr ölkənin çox çətin bir dönəmə daxil olduğunu sübut edir. Türkiyədə çox böyük problemlər var. Dinin siyasətdən uzaq durması nə qədər vacibdirsə, təbii ki, ordunun da, əlində silah olanların da siyasətə müdaxilə etməməsi bir o qədər vacibdir. Bu barədə REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun fikrincə, Türkiyədə baş verən hadisələrdə hər iki faktor görünür.
“Həm dini çevrələrin siyasətə müdaxiləsi artır, həm də əsgərin siyasətə müdaxilə cəhdi oldu ki, bu da heç də yaxşı hal deyil”, o qeyd edib.
Cəfərli ümid edir ki, sonda Türkiyə xalqı bu çətinliklərin öhdəsindən gələcək və növbəti seçkilərdə öz sözünü deyəcək.
Ümid edirəm ki, Türkiyə xalqı hazırda baş verənlərdən çıxış yolu tapacaq və ölkəni daha demokratik inkişafa aparacaq.
“Bir nəfərin on ildən çox, yəni illərlə hakimiyyətdə qalması sonunc etibarı ilə mütləq problemlərə gətirib çıxarır. Bu klassik siyasi aksiomanın bu gün Türkiyədə bir daha təsdiqini tapdığını görürük”, icra katibi deyib.
O,Türkiyədə dermokratiyanın işartılarının olduğunu desə də, hazırda ölkədə baş verənlərin pis yönümdə inklişaf etdiyini fikirləşir.
“Ümid edirəm ki, Türkiyə xalqı hazırda baş verənlərdən çıxış yolu tapacaq və ölkəni daha demokratik inkişafa aparacaq. Türkiyədə demokratik durumun yaxşılaşması ətraf ölkələrə, o cümlədən Azərbaycana da pozitiv təsir göstərə bilər”, o qeyd edib.
Əli Kərimli: Türkiyə yol ayrıcındadır
AXCP sədri Əli Kərimli hərbi çevrilişə cəhddən sonra Türkiyədə baş verənlərlə bağlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, Türkiyədə edam cəzasını bərpa etmək çağırışları ciddi narahatlıq yaradır.
“Abdulla Öcalana, digər PKK-çılara etməyib, qiyam qaldırmış əsgər və zabitlərə edam cəzası tətbiq etmək absurd olar, Türkiyə toplumundakı kin və qəzəbi daha da artırar. Ümumiyyətlə toplumun, müxalifətin, medianın dəstəyi ilə dövlət çevrilişinə cəhdin qarşısını almış Türkiyə iqtidarı bundan sonra daha təvazökar, barışcıl davranmalıdır. Toplumun, o cümlədən müxalifət partiyalarının, medianın, hətta ordunun tam əksəriyyətinin dəstəyinə indi minnətdarlıqla, xoşgörü ilə, demokratiyanı dərinləşdirməklə cavab verilməlidir. Müxalifətlə polemikalarda əvvəlki sərt leksikona qayıdılmamalıdır. Mətbuata təzyiqlər dayandırılmalı, tənqidi fikirlərə daha dözümlü yanaşılmalı, toplumdakı sərt qarşıdurma ovqatını aradan qaldırmaq üçün təşəbbüslər edilməlidir”, o qeyd edib.
Kərimli həm də bildirir ki, əlbəttə, bu hərbi qiyamı təşkil edənlər, onlara bu işdə kömək göstərənlər (yeri gəlmişkən, indi tam aydınlaşıb ki, Silahlı Qüvvələrin rəhbərliyi və ordunun böyük əksəriyyəti bu işdə iştirak etməyib) cəzalandırılmalıdır.
“Lakin bu uğursuz qiyam cəhdindən kütləvi həbslər, məhkəmədə, prokurorluqda, ədliyyədə olan müstəqil şəxslərə divan tutmaq üçün istifadə edilməməlidir. Türkiyə hüquq sistemi yaxın keçmişdə çox böyük yanlışlıqlara da imza atıb. “Ergenekon”, “Balyoz” kimi səs-küylü cinayət işlərində çoxsaylı əsassız, nahaq həbslər həyata keçirildiyi ortadadır. Hətta ölkənin Baş Qərargah rəisi olmuş İlkər Başbuğ belə, bu qərəzli həbslərin qurbana çevrilib, 2 il müddətinə həbsdə saxlanılıb, yalnız 2 ildən sonra təqsirsizliyi etiraf edilib. Həbslər, istintaq, məhkəmə prosesləri maksimum şəffaf olmalı, qurunun oduna yaş da yanmamalıdır. Cəmiyyət əmin edilməlidir ki, hökumət bu uğursuz qiyam cəhdindən vintləri sıxmaq, hesab çəkmək üçün istifadə etməyəcək”.
AXCP sədri təklif edir ki, nəhayət, çox yaxşı olar ki, Türkiyə hökuməti imkanı ola-ola əlindəki silahdan xalqa atəş açmamış, xalqın dinc dirənişinə təslim olub silahını təhvil vermiş əsgər və zabitləri soruşturmadan sonra azad etsin.
“Hüquqşünas kimi təsdiq edirəm ki, həmin əsgər və zabitlər cinayətdən könüllü imtina etmiş şəxslər sayılmalıdırlar. Həmin minlərlə əsgər və zabit istəsəydi, çox qanlar tökərdi, Türkiyəni əməlli-başlı vətəndaş müharibəsinə cəlb edərdi. Yaxşı ki, belə olmadı. Görünür ki, yalnız az sayda hərbçi polisə, əhaliyə atəş açıb. Həmin şəxslər də cəzalandırılmalıdır. Komandirlərinin əmrilə küçələrə çıxarılmış və xalqla üz-üzə gəlincə təslim olmuş minlərlə əsgər və zabit isə dövlətin humanist yanaşmasına haqq edir”, o qedy edib.
Bu hadisələrdən istifadə edilərək Türkiyə Silahl Qüvvələrinin nüfuzunun alçaldılmasına imkan verilməməlidir.
Kərimli hersab edir ki, Türkiyədə son anlarda sosial şəbəkələrdə yayılan görüntülər baş verməməlidir.
“Bu hadisələrdən istifadə edilərək Türkiyə Silahl Qüvvələrinin nüfuzunun alçaldılmasına imkan verilməməlidir”.
Onun fikrincə, Türkiyə hazırda yol ayrıcındadır.
“Bu uğursuz qiyam cəhdi həm Türkiyədə avtoritarizmin möhkəmlənməsi ilə nəticələnə bilər, həm də yeni bir demokratik inkişafa təkan verə bilər. Ölkənin daxilində xoş münasibətin, xoş niyyətliliyin, milli birliyin inkişafına da stimul verə bilər. Mən Türkiyəni sevən bir insan kimi çox istəyirəm ki, Türkiyə iqtidarı xalqın dəstəyinin önəmini daha yüksək qiymətləndirərək, onları sevməyən, onlara səs verməyən insanların da hüquqlarının qorunmasının yollarını arasın. Ölkənin daxilində kin-küdurətin azalması üçün sistemli addımlar atsın. Bu Türkiyəni daha da gücləndirər və möhkəmləndirər”, Kərimli qeyd edib.
İsa Qəmbər: Türkiyə kifayət qədər mürəkkəb bir mərhələdədir
“Türkiyədə ciddi bir hərbi çeviriliş cəhdi baş verib və bunun qarşısı alınıb. İndi Türkiyə kifayət qədər mürəkkəb bir mərhələdədir. Bundan sonra qəbul ediləcək qərarlar çox önəmlidir”. Bu barədə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun fikrincə, Türkiyədə atılan ilk addımlar müsbət qiymətləndirilməlidir.
“Yəni parlamentdə birlik, bərabərlik toplantısının keçirilməsi, parlament partiyalarının hamısnın istisnasız olaraq birgə bəyanatla hərbi çeviriliş cəhdini sərt şəkildə qınaması və cümhuriyyət dəyərlərinə sədaqət haqqında birgə mövqe bildirilməsi həddindən artıq önəmli bir addım idi. O cümlədən, prezidentin müxalifət liderlərinə telefon açıb, onların qiyama qarşı mövqe bildirmələri, dövlət maraqlarından, konstitusiyadan çıxış etmələrinə görə minnətdarlıq bildirməsi çox böyük addımdır”, o qeyd edib.
İsa Qəmbərt istəyir ki, Türkiyədə bir sıra məsələlərə də diqqət yetirilsin.
“Ordunun nüfuzdan salınmasına yönələn addımlara münasibət bildirilməlidir. Təbii, ki gərginlikdə bəzi xoşagəlməz hadisələr ola bilər. Amma, onların hər biri aydınlaşdırılmalıdır və hər birinə real qiymət verilməlidir. Heç bir halda ordunun içərisindəki bir qrupun çevriliş cəhdi göstərməsinə görə, bütün ordu mənsublarının nufuzuna xələl gətirəcək, Türk Ordusunu nüfuzdan salacaq addımlar atılmamalıdır. Əksinə, dövlət yetkililəri bu mövzuda cəmiyyətə müsbət mesajlar verməlidir. Çox şey bu addımlardan asılı olacaq”.
Azad media, müstəqil telekanallar, yeni kommunikasiya imkanları, - twitter, facebook, whatsApp, FaceTime kommunikasiya imkanları tamamilə başqa bir mühit yaratmışdı.
İsa Qəmbər hesab edir ki, Türkiyə hakimiyyət dairələri çox önəmli bir məsləyə də xüsusi diqqət yetirməlidir.
“Azad media, müstəqil telekanallar, yeni kommunikasiya imkanları, - twitter, facebook, whatsApp, FaceTime kommunikasiya imkanları tamamilə başqa bir mühit yaratmışdı. Ötən əsrin ikinci yarısında Türkiyədə baş verən hərbi çevirilişlərdən fərqli olaraq, bu dəfə cəmiyyət informasiya ala bilirdi və bütün proses kifayət qədər şəffaf gedirdi. Bütün baş verənlər barədə cəmiyyət yeni kommunikasiya imkanları vasitəsi ilə kifayət qədər dəqiq, operativ informasiya alırdı. Məncə, hərbi çevriliş cəhdinin qarşısının alınmasında da bu şəffaflıq həddindən artıq böyük rol oynadı. Türkiyə dövlət adamları, hökumət nümayəndələri, rəsmi hər bir şəxs bu məqama xüsusi diqqət yetirməlidir və müasir dövrdə azad mətbuatı, yeni kommunikasiya imkanlarının, sosial şəbəkələrin nə qədər önəmli olduğunu bir daha qiymətləndirməlidirlər. Media azadlığına qarşı, yeni texnologiyalara qarşı hər hansı bir qərar qəbul etmək düşüncələrinə birdəfəlik son qoymalıdırlar”.
Onun fikirincə, yuxarıda sadaladığı istiqamətlərə son qoyularsa və hərbi çevirilişdə iştirak edənlər qanun çərçivəsində, qanunun hökmü ilə müstəqil məhkəmə tərəfindən cəzalandırılmaqla məsələ yekunlaşarsa, hərbi çeviriliş cəhdini hakimiyyət dairələri siyasi haqq-hesab çəkmə imkanına çevirməzsə, bu hadisələrdən sonra Türkiyədə inkişafın yeni mərhələsi başlayacaq.
“Əgər, dediyimiz istiqamətlərə diqqət yetirilməzsə, fərqli istiqamətlərdə addımlar atılarsa gərginlik davam edə bilər və yeni xoşagəlməz hadisələr ortaya çıxa bilər”.
“Türkiyədə sabitlik və düzgün istiqamətdə inkişaf təkcə Türkiyə xalqı üçün deyil, Azərbaycan üçün, bütün region üçün əhəmiyyətli olduğu üçün, biz bu məsələni diqqətdə saxlayırıq. Ümid edirik ki, proseslər Türkiyə üçün müsbət istiqamətdə gedəcək”, İ.Qəmbər qeyd edib.
Cəmil Həsənli: Dövlətin qiyamçıdan, üsyançıdan fərqi olmalıdır
“Türkiyə Ordusu da, polisi də, jandamı da dünyanın ən güclü güc qurumlarından hesab olunur. Amma, xalıqn iradəsi qarşısında bu qurumlar uğur qazana bilmədilər. Sözün tam mənasında iyulun 15-dən 16-na keçən gecə Türk xalq öz iradəsini ortaya qoydu və seçki ilə seçilmiş hakimiyyəti müdafiə etdi. Bu Türk xalqının çox böyük qələbəsidir”. Bu barədə Amerikanın Səsinə müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli bildirib.
O Türkiyədə dövlət çevrilişi cəhdindən sonra baş verənlərlə bağlı bildirib ki, “bütün hallarda qiyamçıdan, üsyançıdan dövlətin fərqi olmalıdır”.
Dövlət hüquq, qanun çərçivəsində hərəkət etməlidir. Əgər bir ordu hissəsi dövlət çevrilişinə cəhd edibsə o linçləmə yolu ilə cəzalandırılmamalıdır.
“Dövlət hüquq, qanun çərçivəsində hərəkət etməlidir. Əgər bir ordu hissəsi dövlət çevrilişinə cəhd edibsə o linçləmə yolu ilə cəzalandırılmamalıdır. O dövlətin qanunları, məhkəmə yolu ilə cəzalandırılmalıdır. Əsgərin bu formada alçaldılması arzu olunan deyil”, Həsənli qeyd edib.