Accessibility links

Türkiyədə keçirilən referendumun Azərbaycana hansı təsirləri olacaq? (müxtəlif baxışlar) [Audio-müsahibələr]


Erdogan

Novruz Məmmədov, Arif Hacılı, İsa Qəmbər, Gültəkin Hacıbəyli, Natiq Cəfərli referendumun nəticələrindən danışır

Türkiyədə keçirilən referendum Azərbaycanda hansı əks-səda doğurub? Bu referendumun regional, o cümlədən Azərbaycana təsirləri necə olacaq? Amerikanın Səsi bu suallarla Azərbaycanın ictimia-siyasi xadimlərinə müraciət edib.

Müxalif yönümlü ictimai-siyasi xadimlər Türkiyə referendumunun bölgəyə və Azərbaycana mənfi təsirlərini qabartsa da, rəsmi hakimiyyət referendumu müsbət qarşılayıb.

Novruz Məmmədov: Bu yolda Türkiyəyə uğurlar diləyirəm!

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Belə ki, Azərbaycan President administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Tvitter” səhifəsində yazıb ki, bu referendumla Türkiyə özünün inkişafı tarixində yeni bir mərhələyə qədəm qoyur.

“Konstitusiyaya dəyişikliklə bağlı referendumda Türkiyə xalqı "hə" dedi. Türkiyə özünün inkişafı tarixində yeni bir mərhələyə qədəm qoyur. Bu yolda Türkiyəyə uğurlar diləyirəm!", Məmmədov qeyd edib.

Arif Hacılı: Referendum Türkiyənin siyasi istiqamətinə həlledici təsir göstərməyəcək.

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, referendumdan sonra Türkiyənin xarici və daxili siyasətində hər hansı ciddi dəyişikliyin olacağını gözləmir.

“Azərbaycanla Türkiyə dost dövlətlərdir. Hesab edirəm ki, bu münasibətlər bundan sonra da davam edəcək. Əslində Ərdoğan bu səlahiyyətləri aldıqdan sonra böyük dəyişikliklər olacağını, Türkiyənin güclənəcəyini iddia etsə də, o elə indi də Türkiyənin cümhur başqanıdır və cümhur başqanı da olaraq qalacaq. Ona görə də bu referendumun Türkiyənin xarici siyasətində həlledici rol oynayacağı qənatəində deyiləm”, o qeyd edib.

Hacılı referendumun seçki sisteminə təsirləri ilə bağlı deyib ki, Türkiyədə seçkilərin nəticələrinin dəyişdirilməsi, bəzi pozuntulara yol verilməsi barədə xəbərlərin alınması üzücüdür.

“Bir qayda olaraq Türkiyədə belə hallar baş vermirdi, seçki şəffaf, düzgün keçirilirdi. Tərəflər də seçkilərin nəticələrini şübhə altına alan açıqlamalar vermirdilər. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı Türkiyə siyasətçiləri düşünməli və nəticə çaxarmalıdırlar. Ancaq, prezident hakimiyyətinin möhkəmlənməsi, parlamentin səlahiyyətlərinin azalması Türkiyənin ümumi siyasi istiqamətinə həlledici təsir göstərməyəcək. Çünki, Türkiyədə real hakimiyyət bölgüsü mövcuddur. Azad məhkəmə sistemi var. Elə olan şəraitdə orada avtoritar bir cəmiyyətin qurulması mümkün deyil”, Hacılı belə düşünür.

Gültəkin Hacıbəyli: Türkiyədəki referendum regiona, o cümlədən Azərbaycana avtoritarlaşma təsiri göstərəcək

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə bildirib ki,Türkiyə Azərbaycan üçün strateji bir ölkədir, Azərbaycanla çox dərin iqtisadi, siyasi, mədəni əlaqələri var.

“Təsadüfi deyil ki, Türkiyə ilə Azərbayucanı bir millətin iki dövləti adlandırırıq. Bu baxımdan Türkiyədə baş verən istnilən ictimai-siyasi hadisə, o cümlədən də referendum öz təsirini görtərəcək.

“Çünki, referendum dövlətin idarəçilik sisteminin dəyişdirilməsi ilə bağlı çox ciddi hadisədir. Türkiyədəki referendum bütün regionda o cümlədən də Azərbaycanda avtoritarlaşma istiqamətində gedən bir tendensiyanın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bölgəyə də bu cür təsir göstərəcək. Xüsusilə təəssüf hissi ilə qeyd edirəm ki, bu gün Azərbaycan ərazilərini işğal edən Ermənistanda əks proses getdiyi, yəni parlamentli respublikaya keçid baş verdiyi bir halda, demoktaik istiqamətdə addımlıar atıldığı halda bizim özümüz üçün qardaş, ikinci vətən hesab etdiyimiz Türkiyədə hakimiyyətin avtoritarlaşması istiqamətində referendum keçirildi. Haklimiyyətin bir əldə cəmləşməsi, parlamentin səlahiyyətlərinin azaldılması, məhkəmə hakimiyyətinin də müəyyən mənada icra hakimiyyətinin nəzarəti altına alınması təəssüf doğuran haldır”.

Hacıbəyli hesab edir ki, Türkiyədəki referendum avtoritar mahiyyətli, insan haqları və demokratiyanın boğulması istiqamətində nəinki regionun, Avropanın, dünyanın liderləribndən olan Azərbaycan hakimiyyətinə əlavə bir stimul verəcək ki, bu istiqamətdə addımlarını daha da kəskinləşdirsin.

“Bu baxımdan Türkiyə referendumun Tütrkiyə və Azərbaycan demokratiyasına dəstək olacağı qənatəində deyiləm”, o deyib.

İsa Qəmbər: Zaman gələcək, Türkiyə yenidən parlament sisteminə addımlamaq istəyəcək

İsa Qəmbər
İsa Qəmbər

Milli Strateji Düşncə Mərkəzinin rəhbəri İsa Qəmbər parlamentli respublika tərəfdarıdır.

“Eyni zamanda türk xalqının siyasi iradəsinə də hörmətlə yanaşmaq da hər birimizin borcudur. Türkiyə xalqı bu gün kiçik üstünlüklə, ciddi tərəddüdlərlə olsa da prezident respublikası variantına səs verdi”, İsa Qəmbər Amerikanın Səsinin Türkiyədəki referendumun regional və Azərbaycana təsirləri ilə bağlı sualının cavabında bildirib.

O hesab edir ki, bu referendumun regiona, o cümlədən demokratiyaya müəyyən təsirləri olacaq.

“Bu mərhələdə demokratiyanın inkişafı, prezidentli respublikaların parlamentli respublikalara çevrilməsi cəhdləri bir az da çətinləşəcək. Amma, mən hesab edirəm ki, bu hadisə Türkiyədəki bir sıra daxili səbəblərdən, eyni zamanda regional və qlobal səbəblərdən baş verən bir hadisədir. Bu durum uzun çəkməyəcək. İl ilə bağlı proqnoz vermirəm. Ancaq əminəm ki, zaman gələcək, Türkiyə yenidən parlament sisteminə addımlamaq istəyəcək. Bütövlükdə də parlamet respublikasının daha uğurlu, səmərəli idarəetmə forması olduğu dünyanın əksəriyyəti tərəfindən qəbul ediləcək”, o qeyd edib.

Natiq Cəfərli: Azərbaycana təsir rıçaqları mənfi olacaq

Natiq Cəfərli
Natiq Cəfərli

REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, referendum Türkiyə cəmiyyətini, əsas elektortı demək olar ki, iki yerə bölüb.

“Yəni bir xətti dəstəkləyənlərlə, onun əleyhinə olanların arasında elə də böyük fərq yoxdur. Bu da cəmiyyətdə bir bölünmüşlük təsəvvürü yaradır. Gələcəkdə qərarların qəbul olunmsaında və o qərarların icra olunmasında cəmiyyətin buna təsirinin daha böyük olacağı ehtimalına gətirir. Əgər referendumda hər hansı qərar daha böyük üstünlükə olsa idi, bu Türkiyədə oturuşmuş siyasi münasibətlərin yeni mrhələsini yarada bilərdi. Belə kiçik fərqin olması gələcəkdə Türkiyədə ciddi problemlərin olmasına gətirin çıxara bilər”, Cəfərli hesab edir.

Onun fikrincə, Türkiyənin prezidentlik sisteminə keçməsi, prezidentlikdən də üstün səlahiyyətlərin olması, təbii ki, bölgədəki bütün dövlətlərlə münasibətlərə, o cümlədən də Azərbaycana təsir rıçaqları mənfi olacaq.

“Çünki, Azərbaycan əhalisi Türkiyəni çox sevir, Türkiyə bizim dost, qardaş ölkəmizidr. Türkiyənin Azərbaycan informasiya məkanına təsir imkanları çox genişdir. Müxtəlif araşdırma şirkətlərinin verdiyi məlumatlara görə, Azərbaycan əhalisinin 60-65 faizi Türkiyə kanallarını izləyir. Bu kanallardakı daha çox sərtləşən, daha çox avtoritarlığa meyylənən dil Azərbaycan cəmiyyətinə də mənfi mesajlar verməyə qadirdir. Bu Azərbaycanda olan antidemokratik ab-havanı daha da tündləşdirə bilər. Türkiyədən gələn antiqərb ritorikası Azərbaycanda daha da geniş yayıla bilər, daha da güclənə bilər. Bu da cəmiyyətin ümumbəşəri dəyərlərə, qərb dəyərlərinə inteqrasiyasının qarşısını ala bilər”.

Cəfərlinin fikrincə, referendumun nəticələridövlətlərarası münasibətlərdə ciddi dəyişiklik yaratmayacaq.

“Çünki Türkiyə bizim ən böyük ticarət tərəfdaşımızdır, böyük layihələrdə tərəfdaş ölkədir”, o qeyd edib.

XS
SM
MD
LG