Accessibility links

Regional güclər İran-Pakistan gərginliyinin artması fonunda vasitəçilik təklif edir


Türkiyə və Çin Asiya qonşuları arasında 6-sı uşaq olmaqla, azı 11 mülki şəxsin ölümünə səbəb olan qarşılıqlı zərbələrdən sonra İran və Pakistan arasında vasitəçilik etməyi təklif edib.

Pakistan döyüş təyyarələri yanvarın 18-də səhər tezdən qonşu İranda militantların olduğu iddia edilən hədəflərə hava zərbələri endirib. Tehranın dediyinə görə, hücumda 4 uşaq və üç qadın olmaqla, azı 9 nəfər həyatını itirib.

Sistan-Bəlucistan vilayətinə zərbələr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yanvarın 16-da Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətində 2 uşağın ölümü ilə nəticələnən hücumundan sonra endirilib.

Türkiyə Xarici İşlər Nazirliyi yanvarın 18-də verdiyi açıqlamasında Pakistanın İrana hücumundan əvvəl İranın yanvarın 16-da İraqdakı hədəflərə qarşı həyata keçirdiyi hücumlarla başlayan "son hadisələrə görə" narahatlığını ifadə edib.

Nazirlik "Ümid edirik ki, bütün məsələlər regional təhlükəsizlik və sabitliyi daha da təhdid etmədən dialoq və əməkdaşlıq yolu ilə tezliklə başa çatacaq" deyib və Ankaranın mübahisələrin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyi daha sonra bildirdiyinə görə, ölkəsinin xarici işlər naziri Hüseyn Əmir-Abdollahian və Türkiyənin baş diplomatı Hakan Fidan telefonla danışıb. İran rəsmisi ölkəsinin "qonşu ölkələrlə əlaqələrini genişləndirmək" istəyini bəyan edib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Pekinin də İran və Pakistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

"Çin tərəfi səmimiyyətlə ümid edir ki, hər iki tərəf gərginliyin artmasının qarşısını sakit və təmkinli davranaraq ala bilər" - deyə, sözçüsü Mao Nin bildirib.

O, "Hər iki tərəf istəsə, biz vəziyyətin di-eskalasiyasında konstruktiv rol oynamağa da hazırıq" deyib.

Pakistanın hücumu 1980-88-ci illər İran-İraq müharibəsinin bitməsindən sonra başqa bir ölkənin İran ərazisinə ilk hücumu olub.

İranın daxili işlər naziri Əhməd Vahidi jurnalistlərə açıqlamasında həlak olanların heç birinin iranlı olmadığını deyib. Bəzi məlumatlarda öldürülənlərin hamısının Pakistan vətəndaşları olduğu bildirilib.

İran və Pakistan arasındakı keçilməsi mümkün olan 900 kilometrlik sərhədə nəzarət etmək çətinləşib və bu, müxtəlif militant qrupların, xüsusən də Bəluc millətçi ideologiyalarını daşıyanların bölgədə fəaliyyət göstərməsinə imkan verib.

Zərbələr mübadiləsi İran və nüvə silahına malik Pakistan arasında münasibətləri daha da gərginləşdirəcək, eyni zamanda İsraillə ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS arasında Qəzzada davam edən müharibə fonunda Yaxın Şərqdə münaqişə perspektivini daha da artıracaq.

Forum

XS
SM
MD
LG