Accessibility links

Ərdəbilli fəal qısa müddətə nəzarət altına alınıb


İran Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəal Rəhim Qulami qısamüddətli həbs edilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Rəhim Qulami martın 16-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir neçə saat sorğu-sual edildikdən sonra Ərdəbil Kəşfiyyat İdarəsindən sərbəst buraxılıb.

Qulami öncə telefon vasitəsilə Ərdəbil Kəşfiyyat İdarəsinə çağırılıb, ancaq milli fəal çağırışı qanunsuz adlandıraraq, Kəşfiyyat İdarəsinə getməkdən imtina edib. Bunun ardından təhlükəsizlik qüvvələri milli fəalı həbs edib.

Keçmişdən bu günə qədər İranın təhlükəsizlik qurumları heç bir məhkəmə çağırış məktubu göndərmədən telefon vasitəsilə bir çox siyasi fəalı kəşfiyyat idarələrinə çağırıb, sorğu-sual və təhdid edir. İranın qanunlarına görə, vətəndaşların polis və digər təhlükəsizlik qüvvələri tərəfindən sorğuya çəkilməsi üçün yazılı məhkəmə izni olmalıdır.

Güneyli milli fəalların bir çoxu kəşfiyyat idarələrinin bu işini qanunsuz hesab edir və telefon çağırışları ilə təcridxanalara getməkdən imtina edirlər.

Rəhim Qulami indiyədək dəfələrlə dinc fəaliyyətlərindən dolayı həbs edilib və bu ölkənin müxtəlif məhkəmələri tərəfindən fərqli ittihamlarla mühakimə olunub və müxtəlif cəzalara məruz qalıb.

Onun "Folklorumuzdan Bir Yarpaq" və "Folklor Nağılları" kitabları 1993 və 1996-cı illərdə "Yaylıq" nəşrləri tərəfindən nəşr edilib.

XS
SM
MD
LG