Accessibility links

İkiqat Avropa çempionunun məhkəməsi davam edir


Renad Əliyev qardaşına görə həbs edildiyini bildirib

Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində karate üzrə ikiqat Avropa çempionu, beynəlxalq dərəcəli hakim Renad Əliyevin məhkəmə prosesi davam edib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

İttiham məhkəmədə sübut olunarsa idmançını əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Məhkəmə iclasında iştirak edən hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində yazıb ki, məhkəmə prosesində idmançını həbs edən polis əməkdaşları ifadə verib.

“Onların ifadələrində xeyli ziddiyyətli məqamlar ortaya çıxdı. Bu ziddiyyətlər o qədər açıq-aşkar və kobud qanun pozuntuları ilə müşayiət olunurdu ki, hətta dövlət ittihamçısı və hakim də göz yuma bilmirdi. Əməliyyatçılardan biri Renad Əliyevi narkotik vasitələrin istifadəçisi, biri daşıyıcısı, digəri isə saxlayan şəxs kimi təqdim etdi. Bu ifadələr isə tamam fərqli anlamlar verir. Ekspertizanın rəyində isə idmançının ümumiyyətlə narkotik vasitə istifadəçisi olmadığı elan olundu”.

O yazır ki, məhkəmədə məlum olub ki, Renad Əliyev şübhəli şəxs qismində saxlanılarkən qanunvericiliyin tələblərinə zidd olaraq hal şahidləri iştirak etməyib.

“O, Bakı şəhər Baş Polis İdarəsinə zorla maşına oturdularaq qolları qandallanıb gətirilib və idarənin liftində onun arxa cibinə narkotika qoyulub. Ailə üzvləri ilə təhdid edilərək saxta izahata imza atdırılıb. Məhkəməyə isə "hal şahidi"- nin maşınında aparılıb”, Gülalıyev bildirir.

Növbəti məhkəmə prosesi 18 aprelə təyin olunub.

Hüquq müdafiəçisi hesab edir ki, bir məhkəmə iclasında iştirakla bütün baş verənlərə tam və obyektiv münasibət bildirmək çətindir.

“Amma əməliyyat iştirakçılarının və Renad Əliyevin verdiyi ifadələrdə idmançıya qarşı irəli sürülmüş ittihamın qurama və digər siyasi məhbuslarla bağlı cinayət işlərindəki kimi saxta və sifarişli olmasına dair xeyli əsaslar var. Renad Əliyev məhkəmədə günahsız olduğunu, narkotikanı onun cibinə polislərin qoyduğunu bildirərək, hazırda Almaniyada mühacir həyatı yaşayan qardaşı, müxalif yönlü Riyad Əliyevə görə həbs olunduğunu bildirdi”, o yazır.

Karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev 2016-cı il oktyabrın 18-də saxlanılıb. O, I Avropa Oyunlarında karate üzrə yarışları idarə edən hakimlərdən biri olub.

Renad Əliyev Təfəkkür Unversitetinin Kiyev filialının keçmiş rektoru Riyad Əliyevin qardaşıdır. Riyad Əliyev uzun müddət həbsdə olub və sonradan Almaniyaya mühacirət edib. Riyad Əliyev mühacirətdə Azereurotaymstv adlı sayt təsis edib. Bu saytda Azərbaycan rəhbərliyini kəskin tənqidinə həsr olunmuş, bəzən isə hətta etikadan kənar ifadələr əksini tapmış məqalələr çap olunur.

“Renad Əliyevə qarşı irəli sürülən ittiham tamamilə uydurmadır. Renad Əliyevin həbsi Riyad Əliyevin iqtidar tərəfindən cəzalandırılmasının davami kimi dəyərləndirilməlidir”, Azereurotaymstv saytı “Hakimiyyət Riyad Əliyevdan qisas alır, qardaşını saxta ittihamlarla həbsxanada girov saxlayır” başlıqlı məqalədə yazılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG