Accessibility links

Repetitor və ya məktəb: nazirin, ekspertin və valideynlərin baxışı


Repetitor

“Repetitor ali təhsil müəssisələrinə qəbul üçün lazımdır. Heç kim öz övladını repetitor yanına ona görə göndərmir ki, riyaziyyatı daha yaxşı bilsin. Yəni məqsəd sonda universitetə qəbul olmaqdır”.

Bu barədə təhsil naziri Emin Əmrullayev İctimai televiziyada çıxışı zamanı deyib.

O fikrini əsaslandırmaq üçün sual edib ki, təhsilin keyfiyyəti daha da yaxşılaşdığı təqdirdə şagirdlər repetitor yanına getməyəcəklərmi?

Ümumilikdə dərin, köklü problemlər var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik.
Emin Əmrullayev, təhsil naziri

“Yəqin ki, yenə də gedəcəklər. Çünki indiki qəbul modelimiz bu məntiqə əsaslanır ki, bir yer üçün 2 nəfər mübarizə aparır. Ona görə də şagirdlər qəbul imtahanına daha yaxşı hazırlaşmaq üçün əlavə olaraq nəsə bilik almaqda maraqlı olacaq. Loru dildə izah etsək, dövlət həmişə hamı üçün sabit məşq yeri yaradır. İnsanlar belə başa düşür ki, məktəbdən kənarda məşğul olsalar digərlərinə nisbətən daha yüksək bal toplaya biləcəklər,” o əlavə edib.

Emin Əmrullayevin sözlərinə görə, repetitorluq vacib ictimai müzakirə mövzusudur.

“Bunu qadağan etmək olarmı? Məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğun qarşısını almaq üçün bir neçə addımlar atılıb. Misal olaraq, təmayül sinif və məktəblərin yaradılması buna nümunədir. Ümumilikdə isə bu məsələnin dərin, köklü problemləri var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq biz təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik,” nazir qeyd edib

Milli Məclisin Təhsil Komitəsinin üzvü, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev bildirib ki, dövlət məktəbliləri pulsuz dərsliklərlə təmin etmək üçün milyonlarla manat vəsait xərcləyir.

“Ancaq uşaqların əlində yalnız test kitabçalarını görürük,” o qeyd edib.

Deputatın fikrincə, ziddiyyətsiz və açıq şəkildə təhsil alanlardan nə tələb olunduğu bilinməlidir.

Real dünyanın tələblərinə uyğun tələbə qəbulu keçirməliyik.
Etibar Əliyev, Milli Məclisin deputatı

“Valideyn və müəllimlər anlamalıdırlar ki, uşaqlara hansı köməkliyi etməlidirlər. Ali məktəblərdə yaxşı təhsil almaq istəyənlər və karyera qurmaq istəyənlər üçün zəruri olan bilik və bacarıqları əhatə edən standartalar real dünyanın tələblərinə uyğun yazılmalıdır. Real dünyanın tələblərinə uyğun tələbə qəbulu keçirməliyik. Cüzi açıq tipli test tapşırıqlarının tətbiqi məktəbdə verilən təhsilin hansı səviyyədə olmasını göstərdi. Yeni nəsil dərsliklər yazılmalıdır. Keyfiyyətli təhsil mühiti yaradılmalıdır,” Etibar Əliyev qeyd edib.

Valideynlərdən biri Tural Səfərli bildirib ki, repetitorluq məktəblərdə dərslərin keyfiyyətinə mənfi təsir edir.

Müəllimlərin sertifikasiyası yox, şagirdlərin yuxarı siniflərdə məktəbə cəlb etməyin yolları tapılmalıdır.
Tural Səfərli, valideyn

“Uşaqlar repetitor yanına gedir deyə, dərsə maraqlı deyillər. Şagird həm də görür ki, müəllim məktəbdə hazırlıqdakı kimi dərs keçmir. Yəni, müəllimlərin sertifikasiyası yox, şagirdlərin yuxarı siniflərdə məktəbə cəlb etməyin yolları tapılmalıdır,” o Facebook səhifəsində nazirin dediklərinə münasibət bildirib.

Digər valideyn, Arif Bağmanov yazıb ki, məktəblərdə dərs keçilmir, müəllimlər yeni dərsi izah etmir, məktəblər supermarket kimi idarə olunur.

“Məktəbə müfəttiş gələndə direktor bilir ki , nəsə verməlidir! Şagirdlər məktəbə sanki məcburi gedirlər. Müəllimlər fənni sevdirmək əvəzinə tez-tez saata baxırlar ki, dərs nə vaxt bitəcək. Təhsilə müəllimlərdə də maraq qalmayıb. Aldıqları maaş heç nəyə çatmır və əlavə gəlir haqqında düşünürlər. Ona görə hazırlığa pul ödəməyə məcbur olan valideynlər yeganə düzgün yol seçirlər. Ali təhsil alan tələbələrin böyük hissəsi təhsil ocağını bitirdikdən sonra uzun müddət ərzində iş tapa bilmir və təhsilinə aid olmayan işlərdə çalışmağa məcbur olur, oxuduqları yaddan çıxır və riyaziyyatçı taksi sürücüsü olur ! Əgər ehtiyac yoxdursa bu ali təhsil kimə lazımdır?!” o təhsil nazirinin dediklərini belə izah edib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG