Accessibility links

Reportyorlar saxlanma şəraitindən narazıdır


İyulun 14-də gecə saatlarında Milli Məclisin qarşısında hadisələrlə bağlı foto və video çəkiliş edərkən saxlanılan müstəqil reporyorlar Anar Abdullayev və Firudin Səlimov (Firi Səlim) saxlanma şəraitindən narazıdır.

Bu barədə jurnalistlərin yaxınları məlumat verib.

Onların sözlərinə görə, Abdullayev və Səlimov Binəqədi rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsində balaca bir otaqda digər 3 nəfərlə birlikdə saxlanılır.

"Balaca otaqda beş nəfərdilər. Yatmaq üçün şərait yoxdur. Gecə stulları birləşdirib yatıblar. Otaq ayaqyolunun yanındadır, pis iy var. Həmçinin orada daim siqaret çəkilir, havasızlıqdır. Belə şəraitdə yemək yemək də mümkün deyil. Yeməyə gəlincə, saxlanılanlar dünən saat 20 radələrində yemək yeyiblər, bu gün isə yalnız saat 16 radələrində yemək və su çatdırmağa imkan yaradıldı. Bütün bu müddət ac-susuz idilər. Səhər yalnız quru peçenye yeyiblər," o qeyd edib.

Ombudsman Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə bildirib ki, məsələ ilə bağlı qurumun qaynar xəttinə məlumat daxil olub.

"Şəxslərin yaxınları qaynar xəttə zəng vuraraq məlumat verdilər. Biz də lazımi tədbirlər görürük. Vəkillə görüş məsələsi həll olundu. Yeməklə bağlı müraciətləri araşdırırıq. Hər halda orada yemək və su ilə bağlı problem ola bilməz. Şəxslərin saxlanma şəraiti ilə bağlı və ya vəkillə görüşü ilə bağlı hər hansı problem olarsa, yaxınları bizim qaynar xəttə məlumat verə bilər, biz kömək etməyə hazırıq," o qeyd edib.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, quruma məsələ ilə bağlı məlumat verilib, məsələ araşdırılır.

Reportyorların saxlanılması, nə də günahlandırılması ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.

XS
SM
MD
LG