Accessibility links

Repressiya və İşgəncələr Əleyhinə Komitə aclıq edən jurnalistlərə dəstək bəyanatı yayıb


Repressiya və İşgəncələr Əleyhinə Komitə Azel TV və Xeberman.com saytlarının həbsdə olan təsisçiləri - Əfqan Sadıqov və Polad Aslanova dəstək bəyanatı yayıb.

Komitə qeyd edib ki, Əfqan Sadıqov öz yazılarında məmur özbaşınalığı və cinayət əməllərini ifşa etdiyinə görə əvvəllər də həbs edilib. Sonuncu həbsi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ünvanına tənqidi nəşrlərdən sonraya təsadüf edir.

Sadıqov özü heç bir cinayət əməli etmədiyini, ona pul təklif edildiyini, lakin götürmədiyini və sifarişlə həbs olunduğunu bildirir. O, 6 il azadlıqdan məhrum edilməsi barədə qanunsuz hökmə etiraz əlaməti olaraq artıq 4 aydır ki, aclıq edir.

Jurnalist aclıq aksiyasının 80-ci günündə komaya düşüb, həkimlərin səyi və məcburi qidalandırma nəticəsində həyatı xilas edilib. Hazırda intensiv həkim nəzarətindədir və həyatını itirmə təhlükəsi var.

Hüquq müdafiəçiləri həmin iş üzrə cinayət məsuliyyətinə cəlb edilən rüşvət vermə planının əsas təşkilatçısı olan Sakit Muradovun cəmi 3 illik şərti azadlıqdan məhrumetmə cəzası almasına diqqət çəkirlər. Bu fonda Sadıqovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi istintaqın qərəzli olduğunu göstərir.

Polad Aslanovun işinə gəlincə, hüquq müdafiəçiləri casusluq ittihamının sübuta yetirilmədiyi, onun həbsinə isə hüquq-mühafizə orqanlarının İrana və İraqa ziyarət təşkil edən turizm şirkətlərindən pul tələb etməsi barədə nəşrlərin səbəb olduğu qənaətindədirlər. İstintaqın məlumatına görə, Aslanov bu nəşrləri İran xüsusi xidmət orqanlarının tapşırığı ilə yazıb.

Onun İran xüsusi xidmət orqanlarından pul alması barədə yazılı sənədlərin mövcudluğunu iddia edən rəsmi məlumatlara baxmayaraq, məhkəmədə bu faktların mövcud olmadığı məlum olub, deyə bəyanatda qeyd edilir.

Bir aylıq aclıq aksiyası nəticəsində Polad Aslanovun çəkisi 44 kq-dan da aşağıdır, ürək-damar, hipertoniya, böyrək və mədə xəstəliklərindən əziyyət çəkir.

Repressiya və İşgəncələr Əleyhinə Komitə yuxarıda qeyd edilən faktlara əsaslanaraq, Sadıqovun və Aslanovun həbsini qanunsuz və siyasi motivli hesab edir. Komitə ibtidai və məhkəmə istintaqları zamanı ədalətli araşdırmanın təmin edilmədiyini qeyd edir və hər iki şəxsin həyatının təhlükə qarşısında olduğunu nəzərə alaraq, onların işinin yenidən və ədalətli araşdırılmasını və azadlığa buraxılmasını tələb edir.

Azərbaycanda Repressiya və İşgəncələr Əleyhinə Komitə 2019-cu ilin mayında bir qrup hüquq müdafiəçisi tərəfindən təsis edilib. Komitənin məqsədi repressiyaları dayandırmaq, işgəncə verən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olmaqdır.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG