Accessibility links

Repressiyalar və İşgəncələr Əleyhinə Komitə 2017-ci ildə Tərtərdə baş verən işgəncələrlə bağlı hesabat yayıb


Repressiyalar və İşgəncələr Əleyhinə Komitə "2017-ci ilin Tərtər hadisələri: xəyanət, yoxsa həqiqətin ictimaiyyətdən gizlədilməsi. Reallıqlar və uydurmalar" adlı hesabatın birinci hissəsini açıqlayıb.

Hesabatda deyilir ki, 2017-ci ilin mayında Tərtər rayonunda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kütləvi həbslər baş verib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Hərbi Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında Ermənistanın kəşfiyyat orqanları və xüsusi xidmət orqanlarına işləyən casus şəbəkəsinin ifşa edildiyi bildirilib.

"Bu məlumatın yayılması ərəfəsində minə yaxın hərbçi saxlanılıb və dindirilib. 200 nəfərə qarşı cinayət işi başlanılıb. Cəbhəyanı məntəqələrin sakinləri olan mülki şəxslərə qarşı müəyyən cinayət işlər açılıb", hesabatda deyilir.

Hesabatda bildirilir ki, azı 10 hərbçi işgəncələrdən ölüb, onlardan beş nəfəri ölümündən sonra bəraət alıb.

Hesabat müəlliflərinə əsasən, hazırda azı 25 nəfər həbsdədir. Bildirdiyinə görə, onlar dövlətə xəyanət və digər ittihamlarla 7 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

"Hesabat hazırlanarkən əlaqədar tərəflər, valideynlər, həbs edilən və öldürülənlərin ailə üzvləri, həmçinin azadlıqda olan işgəncə qurbanları dindirilib" - deyə, sənəddə bildirilir.

Eyni zamanda, prokurorluğun nümayəndələri ilə müzakirələr aparıldığı, məhkəmə materialları, ittiham aktları, ekspertizanın rəyi və digər sənədlərin araşdırıldığı qeyd edilir.

Hesabatda xatırladılır ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub.

Əks-zərbə ilə hücum dəf edilib. 4 günlük döyüşlər zamanı 93 hərbçi həlak olub.

2017-ci ilin fevralında yenidən hərbi toqquşmalar baş verib. Bundan sonra 20-yə yaxın zabit vəzifədən çıxarılıb, kütləvi həbslər başlayıb.

"Təkcə Tərtərdə olan hərbçilər deyil, başqa rayonlarda da, hətta 7-10 il bundan öncə xidməti başa vuranlar da saxlanılıb. Adamları küçələrdə, evlərdə tutub naməlum istiqamətə aparıblar. Qohumlarına onların barəsində heç bir məlumat verilməyib, təkid edənləri isə hədələyiblər", hesabatda qeyd edilir.

Hesabatda bildirilir ki, saxlanılanları hərbi qərargahın keçmiş binasında toplayaraq işgəncə veriblər. "Ən azı 10 nəfər işgəncələrdən ölüb, onların meyitlərini ailələrə verməyiblər, özləri dəfn ediblər. Dəfn mərasimlərinə çoxlu sayda polis cəlb olunub", sənəddə deyilir.

Xatırladılır ki, daha sonra 101 hərbçi zərərçəkmiş kimi tanınıb, Müdafiə Nazirliyinin 16 əməkdaşı işgəncələrə görə həbs edilib.

"10 hərbçinin ölümündə və işgəncə verilməsində təqsirli bilinən doqquz nəfər cəmi 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, altı nəfər 6 il, bir nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edilib", hesabatda qeyd edilib.

Hesabatda işgəncələrin baş verdiyi hərbi hissədə birləşmə komandiri və digər məsul şəxslərin həbs olunmadığı və işdən kənarlaşdırılmadığı göstərilir.

Bununla yanaşı, Azərbaycan hüquq mühafizə orqanları işgəncə faktları barədə məlumatları qəbul etmir. Hətta tutulma və istintaq dövründə ölən 5 hərbçiyə sonradan məhkəmələr tərəfindən bəraət verilməsinə baxmayaraq bu il aprelin 16-da hərbi prokuror Xanlar Vəliyev işgəncələrlə bağlı deyilənləri qəbul etmədiyini bildirib.

“Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir,” o qeyd edib.

Şərhlərə bax (1)

Bu forum qapanıb

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG