Accessibility links

Respublikaçıların lideri Ukrayna və İsrailə hərbi yardım üçün səsvermə keçirəcəyini elan edib


Nümayəndələr Palatasındakı Respublikaçı lider çərşənbə günü ABŞ-ın Ukraynaya, eləcə də İsrailə uzun müddətdir təxirə salınmış hərbi yardımının bərpası ilə bağlı səsvermə keçirəcəyini elan edib.

Bu addım, aylardır Ukrayna qüvvələrini silahlandırmağa kömək etməyə mane olan özünün ifrat sağ qanadı ilə qarşıdurmaya gətirib çıxarır.

"Biz bu qanun layihələrinin yekun qəbulu üzrə səsvermənin şənbə günü axşam olacağını gözləyirik", spiker Mayk Conson deyib.

Ukraynanın Rusiyaya qarşı müqavimət göstərməkdə çətinlik çəkdiyi bir vaxtda Conson Ağ Evin və Konqresin böyük hissəsinin artıq Senat tərəfindən təsdiq edilmiş yardıma aşağı palatanın səs verməsi üçün böyük təzyiqlərlə üzləşir.

Bununla belə, Donald Trampa sadiq olanlar onun partiyasında qüvvələr balansını saxladıqları üçün spikerin öz mövqeyi təhlükə altındadır.

Consonun açıqlaması prezident Co Baydenin Ukrayna və İsraili münaqişələrində kömək üçün ümidsiz olan ABŞ-ın iki müttəfiqi kimi təsvir etməsindən qısa müddət sonra gəlib.

"Hər iki ölkə öz suverenliyini bacarıqla müdafiə edə bilsə də, bunu etmək üçün Amerikanın köməyindən, o cümlədən silahlandırmadan asılıdırlar. Və bu, həlledici məqamdır", Bayden The Wall Street Journal-da yazdığı məqalədə qeyd edib.

Bayden Ukrayna və İsrailə yardım paketinin Senat tərəfindən təsdiqlənmiş variantını “güclü və məntiqli” adlandırıb.

"O, Nümayəndələr Palatasındakı ifrat Respublikaçılardan ibarət kiçik qrup tərəfindən girov tutulmamalıdır", deyə o bildirib.

Bayden nəşrdəkı yazıda iddia edib ki, yardım sursatları tükənməkdə olan Ukraynaya və ötən həftə sonu İranın pilotsuz təyyarələrinin kütləvi hücumundan sonra İsrailə kömək etmək üçün lazımdır.

Lakin o, yardımın ABŞ-ın təhlükəsizliyi üçün eyni dərəcədə vacib olduğunu da bildirib.

"Həm Ukrayna, həm də İsrail onların məhvinə can atan abır-həyası olmayan düşmənlərin hücumu altındadır. Cənab Putin Ukrayna xalqını özünə tabe etdirmək və onların dövlətini yeni Rusiya imperiyasına birləşdirmək niyyətindədir. İran hökuməti İsraili əbədi olaraq məhv etmək – dünyadakı yeganə Yəhudi dövlətini xəritədən silmək istəyir. Amerika heç vaxt hər iki nəticəni qəbul etməməlidir - təkcə dostlarımızı müdafiə etdiyimiz üçün deyil, həm də təhlükəsizliyimiz təhlükə altında olduğu üçün", Bayden yazıb.

ABŞ-ın Ukraynanın Rusiyaya qarşı mübarizəsinə pul xərcləyə bilməyəcəyi ilə bağlı respublikaçıların tənqidinə cavab olaraq Bayden bunun “boş hesablar” olmayacağını qeyd edib.

Onun sözlərinə görə, Ukrayna üçün silahlar ABŞ zavodlarında hazırlanacaq.

"Biz Amerikanın sənaye bazasına sərmayə qoyacağıq, amerikalı işçilər tərəfindən hazırlanmış Amerika məhsullarını alacağıq, 40-a yaxın ştatda iş yerlərini dəstəkləyəcəyik və öz milli təhlükəsizliyimizi gücləndirəcəyik. Biz özümüzə kömək etməklə yanaşı, dostlarımıza da kömək edərik", Bayden bildirib.

O, həmçinin mülki əhalinin məskunlaşdığı Qəzzada HƏMAS-a qarşı apardığı dağıdıcı müharibə zamanı İsrailin silahlanmasına qarşı çıxan üzvlərin sayının artdığı öz Demokrat partiyası daxilində İsrailə yardımla bağlı narahatlıqları aradan qaldırmağa çalışıb.

Baydenin sözlərinə görə, Senat tərəfindən təsdiqlənən qanun layihəsi "Qəzza xalqı üçün təcili humanitar yardımın çatdırılmasını davam etdirmək" üçün maliyyə vəsaitini özündə ehtiva edir.

Forum

XS
SM
MD
LG