Accessibility links

ABŞ prezidentliyinə Respublikaçı namizədlər son debatda İsraili dəstəklədilər


ABŞ prezidentliyinə Respublikaçı namizədlər Florida ştatının Mayami şəhərində üçüncü debatda iştirak edirlər. 8 noyabr, 2023.
ABŞ prezidentliyinə Respublikaçı namizədlər Florida ştatının Mayami şəhərində üçüncü debatda iştirak edirlər. 8 noyabr, 2023.

Gələn il keçiriləcək ABŞ prezident seçkisində partiyalarından namizəd olmağa ümid edən beş Respublikaçı çərşənbə günü debatda iştirak edərək, HƏMAS-a qarşı müharibəsində İsrailə dəstəklərini ifadə ediblər, Çin və Rusiya ilə bağlı isə fikir ayrılıqları yaşayıblar.

2020-ci il seçkisində məğlub olandan sonra təkrar Ağ Evə dönmək istəyən və Respublikaçı namizədlər arasında öndə gedən Donald Tramp Mayamidə keçirilən debatda səhnəyə çıxmayıb.

Tramp indiyədək keçirilən Respublikaçıların üç debatından heç birində iştirak etməyib və çərşənbə günü yaxınlıqda öz mitinqini keçirərək, rəqiblərinin iştirak etdiyi tədbiri “baxılmaz” adlandırıb.

Rəy sorğularında böyük səs fərqi ilə ikinci yerdə gələn Florida qubernatoru Ron Desantis deyib ki, Tramp debatı izləyənlərə iştirak etməyi və “nə üçün” partiyanın nominasiyasını almaq üçün “ikinci şansa layiq olduğunu izah etməyi” borcludur.

Nyu Cersi ştatının sabiq qubernatoru Kris Kristi Trampın çoxsaylı hazırkı və gözlənilən məhkəmə proseslərinə işarə edərək deyib ki, “gələn ili və həyatının yarısını özünü həbsdən və məhkəmələrdən qorumağa sərf edən heç kəs bu partiyaya rəhbərlik edə bilməz.”

İsrailin oktyabr ayında HƏMAS militantlarının hücumuna hərbi cavabı artıq ikinci aya daxil olduğu bir vaxt ABŞ-ın BMT-dəki keçmiş səfiri Niki Heyli deyib ki, İsrail “HƏMAS-ı aradan qaldırmalıdır.”

“Biz aydın şəkildə bilməliyik ki, İran olmadan HƏMAS olmazdı, İran olmadan Hizbullah olmazdı, İran olmadan husilər olmazdı və İran olmasa, Suriya və İraqda hərbçi kişi və qadınlarımızı vurmağa çalışan iranlı yarı-hərbi dəstələr olmazdı”, Heyli deyib.

Senator Tim Skot deyib ki, o, İsrail Baş naziri Benyamin Netanyahuya deyərdi ki, “sizin nəinki HƏMAS-ı xəritə üzərindən silmək öhdəliyiniz və hüququnuz var, biz də sizi dəstəkləyəcəyik.”

Respublikaçı namizədlərin növbəti debatı dekabrın 6-da keçiriləcək.

Seçicilər partiyalarından namizədi yanvarın 15-də Ayovada keçirilən kokusda seçməyə başlayacaqlar və ştatlarda namizəd üzərində səsvermə bitdikdən sonra Respublikaçıların nominasiya etdiyi şəxs partiyanın iyul ayında keçiriləcək konvensiyasında rəsmi olaraq namizəd elan ediləcək.

Forum

XS
SM
MD
LG