Accessibility links

İlham Əliyev və Angela Merkel birgə mətbuat konfransı keçirib


İlham Əliyev və Angela Merkel
İlham Əliyev və Angela Merkel

Avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycana səfərə gəlib. İlk olaraq Azərbaycan prezidenti İlham Əliyevin və Almaniya kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə Əliyev və Merkel çıxış edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi internet saytı məlumat yayıb.

İlham Əliyev və Angela Merkel
İlham Əliyev və Angela Merkel

Görüşdən sonra ölkə başçılarının mətbuat konfransı olub.

Azərbaycan prezidenti bildirib ki, bu, Almaniya kanslerinin Azərbaycana ilk səfəridir.

“Bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcək”.

O bildirib ki, xanım Merellə gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə edib.

Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir.

İlham Əliyev

“Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır. Mən xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür”.

Prezident görüşdə digər məsələlərlə bağlıdafikir mübadiləsi aparıldığını deyib.

“Aramızda olan ticarət dövriyyəsi artır. Bu gün biz Almaniya və Azərbaycan biznes dairələrinin nümayəndələri ilə görüşəcəyik. Almaniyadan olan şirkətlər Azərbaycanda bir çox layihələrdə iştirak edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək, buna böyük imkanlar var”.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.

“Azərbaycan bu sahədə öz rolunu oynayır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. Xüsusilə Cənub Qaz Dəhlizinin yaradılması tarixi hadisə kimi qəbul edilir. Bu, çox böyük, genişmiqyaslı layihədir, 40 milyard dollar sərmayə tələb edən layihədir və uğurla icra edilir. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur”.

Əliyev bildirib ki,eyni zamanda demokratiya, insan haqlarının qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.

“Bu sahədə əməkdaşlığımızı davam etdirmək fikrindəyik. Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi, biz bu əlaqələrin inkişafından çox razıyıq. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaqdır”, dövlət başçısı qeyd edib.

Angela Merkel bildirib ki, Almaniyanın regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşı var.

İlham Əliyev və Angela Merkel
İlham Əliyev və Angela Merkel

“Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Bu gün birgə biznes forumu da buna xidmət edəcək və orada detallar barədə danışacağıq. Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.”

Almaniya üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz var. Bu diskussiya həm ikitərəfli, həm də Avropa Şurası çərçivəsində aparılır. Mən arzu edərdim ki, Azərbaycan seçkilərin təşkilində də dialoq aparsın.

Angela Merkel

Merkel bildirib ki, İlham Əliyevlə Azərbaycanın daxili vəziyyəti, insan hüquqları barədə çox açıq şəkildə söhbət edib.

“Bütün məsələlərdə həmişə tam eyni mövqe olmasa da, biz dünyəvi dövlətin qurulmasının, açıq demokratik şəraitin yaradılmasının vacib və arzuedilən olduğu barədə danışdıq”.

Kansler Dağlıq Qarabağ məsələsi haqqında açıq danışıldığını deyib.

“Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik. Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər. Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir”.

Angela Merkel həmçinin bildirib ki, bundan sonrakı dialoqun intensivləşdirilməsi üçün şərait və əsaslar var.

“Bəzən fərqli fikirlər olanda da bu barədə danışmaq və fikir mübadiləsi aparmaq lazımdır və qarşı tərəfin fikrinə də diqqətlə qulaq asmaq lazımdır”, o qeyd edib.

İnsan hüquqları ilə bağlı Deutsche Welle dərgisinin müxbirnin sualına cavabda Əliyev bildirib ki,Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir.

“Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər. Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirmişdir - azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir, ancaq heç bir məhdudiyyət qoyulmur”.

Onun sözlərinə görə, Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir.

“Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Mən də giriş sözümdə qeyd etdim ki, xanım Kanslerlə insan haqları, demokratik inkişafla bağlı məsələlər açıq, konstruktiv şəkildə müzakirə edildi və bu məsələlər bundan sonra da müzakirə olunacaq”, Əliyev deyib.

Angela Merkel isə deyib ki, Almaniya üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur.

“Bizim demokratik dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz var. Bu diskussiya həm ikitərəfli, həm də Avropa Şurası çərçivəsində aparılır. Mən arzu edərdim ki, Azərbaycan seçkilərin təşkilində də dialoq aparsın. Bu məsələləri biz bu gün ətraflı müzakirə etdik, standartlarımız həmişə eynidir, perspektivdən dəyərləndirilir”.

Merkel deyib ki, Almaniya Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətini davam etdirəcək.

“Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik”, kansler bildirib.

XS
SM
MD
LG