Accessibility links

Respublikaçı senator Trampdan hökumətin fəaliyyətini bərpa etməsini istəyib


ABŞ prezidenti Donald Tramp və ABŞ senatoru Lindsi Qraham Missipi ştatında respublikaçı senator Sindi Hayd-Smitə dəstək mitinqində, Missisipi ştatı, Tupelo şəhəri, 26 noyabr, 2018.
ABŞ prezidenti Donald Tramp və ABŞ senatoru Lindsi Qraham Missipi ştatında respublikaçı senator Sindi Hayd-Smitə dəstək mitinqində, Missisipi ştatı, Tupelo şəhəri, 26 noyabr, 2018.

Respublikaçı senator Lindsi Qraham artıq 23 gündür qismən fəaliyyətini dayandırmış hökumətin fəaliyyətinin müvəqqəti olaraq bərpa edilməsi fikrini dətəkləyib. Senator bu addımın ABŞ prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi ilə bağlı tələblərinin təmin olunması üçün büdcə müzakirələrini davam etdirmək imkanının əldə edilməsi məqsədilə atılmasının tərəfdarı olduğunu bildirib.

Senatın Ədliyyə komitəsinin sədri olan Lindsi Qraham bazar günü ABŞ prezidentini danışıqların davam etdirilməsi üçün məhdud müddətə hökumətin fəaliyyətini yenidən bərpa etməyə çağırdığını bildirib.

O deyib ki, əgər müzakirələr zamanı heç bir inkişaf əldə edilməsə, Tramp Respublikaçılar arasında populyar olan divarın inşası məqsədilə maliyyənin əldə edilməsi üçün ölkədə fövqəladə vəziyyət elan edə bilər.

Fox tele kanalına müsahibə verən senatorun sözlərinə görə, prezident Tramp ona deyib ki, “əvvəlcə razılıq əldə edək, sonra isə hökuməti açaq“.

Prezident Tramp qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün ABŞ-Meksika sərhədində divarın inşası məqsədilə 5 milyard dollar məbləğində vəsaitin daxil edilmədiyi təqdirdə büdcə planını təsdiq etməkdən imtina edir. ABŞ Konqresindəki demokratlar isə prezidentin bu tələbi rədd edərək, bunun qeyri-effektiv olacağını və baha başa gələcəyini bildirir.

Tramp və demokratlar arasında mübahisənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. ABŞ Konqresi məsələ ilə bağlı bazar ertəsi müzakirələr keçirməyi planlaşdırır.

Donald Tramp dekabrın 22-də federal hökumətin fəaliyyətini qismən dayandırmasından öncə hökümətin bağlanmasına görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirsə də, hazırda buna görə demokratları günahlandırır.

XS
SM
MD
LG