ABŞ Senatında Respublikaçılar cümə günü 6 yanvarda ABŞ Kapitolisində baş verən ölümcül iğtişaşı araşdırmaq üçün komissiya yaradılmasına çağıran qanun layihəsini blok edib.
Gözlənildiyi kimi Respublikaçılar iğtişaşla əlaqədar iki partiyanın dəstəyi ilə təhqiqatın başladılmasını nəzərdə tutan qanun layihəsini blok etmək üçün filibaster adlanan prosedur taktikasından istifadə edib.
Bu, Baydenin prezidentliyi dövründə Senatda qanun layihəsinin qarşını almaq üçün filibasterdən ilk uğurlu istifadə olub.
Qanun layihəsinin həyata keçirilməsi üçün tələb olunan 60 səs əvəzinə Senatda 54-35 nisbətində səs toplanıb.
Senat hazırda Respublikaçılar və Demokratlar arasında 50-50-ə bölündüyünə görə, Demokratlar qanun layihəsini təsdiq etmək üçün 10 Respublikaçının səsinə ehtiyac duyurdu.
Lakin bunun baş vermə ehtimalı çox aşağı idi, çünki Respublikaçı senatorlar Trampa sadiq qalır və komissiya yaradılmasına qarşı çıxan Senatın Respublikaçı lideri Mitç MakKonnellin göstərişlərinə əməl edir.
Bir zamanlar Trampın qiyamı “provokasiya etdiyi” üçün məsuliyyət daşıdığını söyləyən MakKonnell bu yaxınlarda Senat komitələrinin Kapitolinin təhlükəsizlik çatışmazlıqlarını araşdırdıqları üçün qanun layihəsinin “siyasi məşq” dən başqa bir şey olmadığını bildirib.
6 yanvar tarixində bir federal polis məmuru da daxil olmaqla beş nəfərin ölümü ilə nəticələnən qiyamdan bir az öncə Tramp Vaşinqtona etiraz mitinqinə gələn minlərlə tərəfdarını məğlubiyyətini ləğv etmək üçün “cəhənnəm kimi mübarizə aparmağa” çağırıb.
Qanun layihəsi üzərində səsvermənin cümə axşamı keçirilməsi gözlənilirdi, lakin başqa bir qanun layihəsi nəzərdən keçirildiyi üçün təxirə salınıb.
435 səsvermə üzvü olan və Demokratların nəzarətində olan Nümayəndələr Palatası Senatdan öncə bəzi Respublikaçıların dəstəyi ilə qanun layihəsini qəbul edib.