Accessibility links

Respublikaçılar Co Baydenlə 'faydalı' görüş keçirib, lakin yardım paketi ilə bağlı razılıq əldə edilməyib


Ağ Ev və ABŞ Senatındakı bir qrup respublikaçı hər iki tərəfin müvafiq olaraq “əsaslı və məhsuldar” və “səmimi və çox faydalı” adlandırdığı koronavirusla bağlı yeni iqtisadi yardım paketi ətrafında danışıqlar aparıb.

Meyn ştatından respublikaçı senator Suzan Kollins Prezident Co Bayden və Vitse-Prezident Kamala Harris ilə iki saat davam edən görüşdən sonra jurnalistlərə "çox yaxşı fikir mübadiləsi oldu" deyib. O, tərəflərin iki partiyanin da dəstəkləyəcəyi paket barədə razılığa gəlmədiyini, ancaq müzakirələrin davam edəcəyini açıqlayıb.

Bayden 1.9 trilyon dollarlıq bir plan təklif edbi, Respublikaçılar isə 600 milyard dollara yaxın rəqəm göstərərək bildirir ki, yardm daha məqsədyönlü olmalıdır.

Bazar ertəsi Ağ Evdən verilən bəyanatda danışıqlarda iştirak edənlərin "Amerika xalqına kömək etmək istəyini paylaşdıqları" bildirilib. Lakin bəyanatda qeyd edilib ki, Bayden “vəziyyətə uyğun olmayacaq paketlə razılaşmayacaq”.

Bayden koronavirusla bağlı yardım paketinə hər iki partiyanın da dəstəyini almağa üstünlük verdiyini ifadə edib, ancaq o, bazar ertəsi Konqresdə yalnız demokratların əksəriyyətinin dəstəyi ilə də yol tutmağın seçim olduğunu təkrar bildirib.

Bazar ertəsi günü Nümayəndələr Palatası və Senat liderləri Baydenin paketini Respublikaçıların dəstəyindən asılı olmayacaq proses çərçivəsində təsdiqləmək üçün irəliləyəcəklərini bildiriblər.

"Hərəkətsizliyin qiyməti yüksəkdir və böyüyür və qətiyyətli addım atmağın zamanı gəlib" - deyə, Senatda Əksəriyyətin Lideri Çak Şumer və Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi qeyd edib.

Həm Bayden, həm də Respublikaçılar virusun ötən il ABŞ-da yayılmağa başladığı zaman yüzlərlə milyardlıq yardımdan əlavə testlər, peyvəndlər və fərdi qoruyucu vasitələr üçün 160 milyard dolların ayrılmasına çağırır.

Ancaq Prezident və qanunvericilər arasında digər yardım təklifləri ilə bağlı fikir ayrılığı mövcuddur. Bayden federal hökumətdən həftəlik 300 dollarlıq işsizlik sığortası ödənişlərini 400 dollara qədər artırmaq və sentyabr ayına qədər uzatmaq istəyir, Respublikaçılar isə ödənişləri indiki 300 dollar səviyyəsində saxlamaqla yalnız iyul ayına qədər uzatmağı dətəkləyir.

Bayden yüksək əmək haqqı alanlardan başqa əksər amerikalılara dekabrın sonlarında sabiq Prezident Donald Tramp tərəfindən təsdiqlənmiş 600 dollarlıq çeklərə əlavə olaraq 1400 dollarlıq çek göndərilməsini təklif edib. Respublikaçılar aşağı gəlirli amerikalılar üçün 1000 dollarlıq çeklərin verilməsini dəstəkləyir.

Şərhlərə bax

XS
SM
MD
LG