37 yaşlı Samirə Salmanova rəssam-sənətkardır. Samirəyə “anadangəlmə uşaq-serebral iflic” diaqnozu qoyulub.
O, yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir əşya götürə bilmir, eşitməsi yaxşı olsa da danışa bilmir. Lakin bu əngəllər ona rəsmlərini çəkməyə heç də maneə yaratmır.
Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. O təhsil almamasına baxmayaraq ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterdə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir.
Bu yaxınlarda Samirə Salmanovanın Azərbaycan Fransız İnstitutunda sərgisi keçirilib. Rəssamın əl işlərinə tamaşa etmək üçün çoxsaylı insanlar gəlib. Ziyarətçilər içərisində Fransanın Azərbaycandakı səfiri də olub. Xanim səfir də Samirə Salmanovanın əsərlərinə heyran olduğunu deyib.
Üzündə daim təbbəssüm olan Samirə çox sevincli görünür. Atası qızının arzularını onun adından dilə gətirərək Samirə üçün şəraitin yaxşılaşdırılmasını istəyib.
Hazırda Samirə “Əlil qadınlar”, “Əlillərin beynəlxalq əməkdaşlığı” və digər bu kimi cəmiyyətlərin fəal üzvlərindəndir.