Accessibility links

Reyhan Camalova: Ən böyük arzum Nobel mükafatı almaqdır


Reyhan Camalova: Ən böyük arzum Nobel mükafatı almaqdır
please wait

No media source currently available

0:00 0:08:23 0:00

Dünyanın ən nüfuzlu dərgilərindən biri olan “Forbes” jurnalının yaşı 30-dan aşağı olan 30 ən istedadlı ixtiraçı və innovatorlar siyahısına daxil edilən azərbaycanlı yeniyetmə Reyhan Camalova bu günlər Boston şəhərində keçirilən Forbes sammitində iştirak edib. Reyhan Camalova yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunun ixtiraçısıdır. Bu ixtira təmiz su problemini həll etmək üçün dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə edilərək, ondan potensial enerji kimi istifadə edilməsinə yol açır. Gənc ixtiraçı Reyhan Camalova Amerikanın Səsinin Amerika İcmalı proqramında müsahibədə Forbes sammitində iştirakı, Rainergy layihəsi, qızların elm sahəsində təhsilə təşviq edilməsi və gələcək planlarından danışıb.

Dilşad Əliyarlı: Reyhan, əvvəlcə bu sammit haqda istəyərdik bir qədər məlumat verəsiniz? Burada kimlər iştirak edirdi? Siz kimlərlə görüşə bilmisiniz?

Reyhan Camalova: Mən bundan əvvəl Forbs-un daha iki konfransında iştirak etmişdim. Biri İsraildə, biri də Honq Konq şəhərində keçirilmişdi. Bu konfrans digərlərindən fərqli olaraq daha böyük kütləni özündə birləşdirirdi. Bu konfransda dünyanın müxtəlif ərazilərindən, müxtəlif ölkələrindən yeddi mindən çox insan iştirak edirdi. Və bu insanlar ümumiyyətlə gənc liderdirlər, gənc sahibkarlar da deyə bilərik, müxtəlif kateqoriyalardan idilər. Ümumiyyətlə, sammitin özündə 24 kateqoriya və müxtəlif sahələr var idi. Mən özüm də yaşıl texnologiyalar kateqoriyasında idim. Sammit həqiqətən çox verimli keçdi. Dörd gün oldu. İlk gün daha fərqli formatda bir tədbir oldu. Mənim orada şansım oldu dünyanın müxtəlif ərazilərindən olan uğurlu xanımların ilhamverici həyat hekayələrini, onların bir növ təcrübələrini dinləməyə, onlardan bir növ dərs götürmək şansım oldu. Və əlbəttə ki növbəti günlərdə isə daha fərqli sessiyalar oldu müxtləif kateqoriyalarda, müxtəlif sahələrdə. Həqitətən, çox verimli oldu mənim üçün, çox böyük təcrübə oldu. Çalışdığım qədər insanlarla əlaqələr yaratmağa çalışdım. Və əlbəttə ki, bu tədbirdə mən çalışdığım qədər Rainergy layihəsini tanıtdım. Və mən hər zaman deyirəm ki, təkcə Rainergy layihəsini deyil, mən çalışdığım qədər Azərbaycanı, Azərbaycan gəncliyini tanıtmağa çalışdım. Məncə, bu daha önəmlidir. Çünki bəzən elə olur ki, sammitdə Azərbaycan adını deyəndə bir çox insanlar tanımır həmin ölkəni. Və mənə çox qürur verir ki, mən onlara onu başa salıram, Azərbaycanın mədəniyyətini anladıram. Və hətta bu tədbirdə bir xanım oldu, onunla danışdıqdan sonra artıq dedi ki, “mən Azərbaycan dilini öyrənəcəm, çox gözəl diliniz var”. Yəni həqiqətən də bu, insanı qürurlandırır. Həqitətən də çox gözəl hissdir.

Dilşad Əliyarlı: Keçən Qlobal Sahibkarlıq sammitindən sonra sizin Rainergy qurğusuna böyük maraq göstərildi. Qurğudan harada və necə istifadə etmək olar?

Reyhan Camalova: Rainergy qurğusu əsasən nəzərdə tutulub yağışlı ölkələr üçün. Dünyada yağışlı ölkələrdə bəzi ayrılmış ərazilər var ki, bu ərazilərdə insanların elektrikə əlçatanlığı, enerjiyə əlçatanlığı çox azdır, demək olar yoxdur. Bu da onların bir növ həyat fəaliyyətinə çox təsir göstərir, həm onların təhsili, digər sahələrdə onları geri salır. Və Rainergy məhz həmin ərazilər üçün nəzərdə tutulub, həmin ərazilərdə yaşayan insanlar üçün nəzərdə tutulmuş bir cihazdır. Bu cihazın iş prinsipi yağış suyunu toplayaraq, onu potensial enerjiyə, elektrik enerjisinə çevirməkdir. Bir az mexanizmindən danışsaq, yağış kollektoru yağış suyunu toplayaraq, aşağıdakı bir növ tankı doldurur, daha sonra yüksək sürətlə, yüksək təzyiqlə aşağıdakı çarxı hərəkətə gətirir ki, bu da elektrik enerjisi yaradır və biz həmin enerjini akkumulyatorda toplayarıq ki, insanlar bunu yağış yağan zaman, həmçinin də bəzən elə olur ki, yağış yağmır, həmin zamanlarda istifadə etsinlər.

Dilşad Əliyarlı: Forbes sammitində xüsusilə də qadın və qızların innovatorluq, elm və texnologiya sahələrində iştirakının aktivləşdirilməsi, qadın və qızlara daha geniş imkanların verilməsi kimi məsələlərə xüsusi diqqət verilib. Bunun sizin üçün hansı əhəmiyyəti, hansı təsirləri oldu?

Reyhan Camalova: Mənim bu sammitdə iştirakımı Sevimli Bala təşkilatı dəstəkləyirdi. Onlar mənə böyük bir şans yaratmışdılar. Mən onlara da təşəkkür edirəm burdan. Onu da deyim ki, mən elə əvvəlcədən vurğuladığım kimi, sammitin ilk günü məsələn qadınlara ayarlanmışdı, yəni qadınların bu sahədə rolu nədir. Və orada mən dediyim kimi, bir çox uğurlu qadınların öz təcrübələrini eşitdim və onların bir növ ilhamverici hekayələrini eşitdim. Əlbəttə, bu məni çox ilhamlandırır. Azərbaycanı götürsək, çox istedadlı qızslarımız var, gənclərimiz var. Lakin bəzən elə olur ki, biz onları tam kəşf edə bilmirik. Mənim də burada əsas məqsədim həm dediyim kimi, Rainergy layihəsindən əlavə sırf elə bu qazandığım təcrübələri Azərbaycanda həmin o qızlarla, öz yaşıdlarımla, həmyaşıdlarımla bölüşərək, onların da bu sahəyə marağını artırmaqdır. Yəni elə ən böyük məqsədlərdən biri də budur.

Dilşad Əliyarlı: Reyhan, siz dünyada az saylı gənc innovatorlardan birisiniz. Həm də müəyyən mənada bu sahədə gənc qızları təmsil edirsiniz. Patriarxal cəmiyyətlərdə ənənəvi olaraq elm, fizika riyaziyyat sahələrinin qızlara aid olmadığı kimi fikirlər səslənir. Qızları təşviq etmək və bu stereotipləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

Reyhan Camalova: Mənim fikrimcə, sırf bu stereotipləri aradan qaldırmaq üçün əlbəttə məlumatlandırıcı seminarlar çox önəmlidir. Mən elə fikirləşirəm ki, sırf bu fikir daha çox elə ailələrdə formalaşır. Bizim rayonlarımızda və s. fikirləşirlər ki, qızlar oxumasın, yəni ancaq ev xanımı olsunlar. Bu çox səhf bir fikirdir. Ona görə də mənim fikrimcə, həmin o ərazilərdə, rayonlarda, ümumiyyətlə Azərbaycanda belə məlumatlandırıcı seminarlar keçirilməlidir. Ailələrlə müəyyən görüşlər keçirilməlidir. Və həmin o qızlarda da artıq belə bir düşüncə yaranır ki, “mən heç bir şey edə bilmərəm”. Yəni “mən oxuya bilmərəm, mən bu sahədə uğurlu ola bilmərəm”. Əlbəttə, onlar da məncə, onlara da psixoloji motivasiya lazımdır. Məncə, bu sahədə ən önəmli nüans sırf məlumatlandırıcı, motivasiyaedici seminarlardır.

Dilşad Əliyarlı: Son sualım sizin gələcək planlarınızla bağlıdır. Gələcək planlarınız nədən ibarətdir?

Reyhan Camalova: 10-cu sinif şagirdi olaraq yaxın gələcək üçün planım universitetə qəbul olunmaqdır. Mən ali təhsilimi məhz astro-fizik olaraq davam etdirmək istəyirəm. Və belə deyim, xəyalını qurduğum universitetlər məhz elə Bostondadır. Xəyalını qurduğum universitet MIT (Massachusetts Institute of Technology- Massuçusets Texnologiya İnstitutu-red.) və Harvard kimi universitetlərdir. Mən çox ümid edirəm ki, mən Bostona ikinci səfərimdə məhz elə həmin universitetdə təhsil almaq üçün gələcəm. Əlbəttə, bu, yaxın gələcək üçün hədəfimdir. Daha uzaq gələcək üçün hədəflərimə baxsaq, bu layihənin hal-hazırda üzərində işləyirik və bu layihənin tam üzərində işləyib, tam biznesini quraraq, dünyanın ən böyük enerji şirkətlərindən birinə çevirməkdir. Həyatda ən böyük məqsədim isə insanlığa xeyirli bir fərd olmaqdır. Məhz elə sırf bu layihə ilə dünyanı limitsiz və yaşıl enerji ilə işıqlandırmaq mənim ən böyük hədəfimdir. Əlbəttə ki, bu uğurlara çataraq, qazandığım və qazanacağım uğurlarla Azərbaycanın adını dünyada təmsil etmək və daha böyük elmi araşdırmalarımla Nobel mükafatı qazanmaq mənim ən böyük hədəfimdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG