Accessibility links

Azadlq Radiosu Rusiyada fəaliyyətini dayandırır


RFERL
RFERL

Azad Avropa/Azadlıq Radiosu Rusiya hakimiyyət orqanlarının media qurumunun Rusiyadakı şöbəsini müflis elan etməsi və jurnalistlərə təzyiqlərindən sonra fəaliyyətini dayandırdığını elan edib.

Martın 4-də Federal Vergi Xidməti Rusiyada media korporasiyasının maraqlarını təmsil edən RSE/RS MMC-nin məcburi müflisləşməsi tələbi ilə Moskva Arbitraj Məhkəməsinə müraciət edib. Son illər jurnalistlərə qarşı təzyiqlər xeyli artıb.

Media korporasiyası hesab edir ki, bu hərəkətlər 1991-ci ildə Rusiya prezidenti Boris Yeltsinin dəvəti ilə Moskvada ofisi açılan Azadlıq Radiosunun və korporasiyanın digər rusdilli layihələrinə mane olmaq üçün illərlə davam edən kampaniyanın kulminasiya nöqtəsidir.

AzadlıqRadiosunun prezidenti və baş direktoru Ceymi Flay deyib ki, şirkəti bu qərarı verməyə “Putin rejiminin həqiqətə hücumu məcbur edib”.

“Jurnalistlərimizin illərlə təhdid edilməsi, hədələnməsi və təqib edilməsindən sonra Rusiya vətəndaşlarının Ukraynada qeyri-qanuni müharibəsi haqqında həqiqəti öyrənməsinə mane olmaq istəyən Kreml indi vicdanlı jurnalistləri Rusiya dövlətinin satqınları kimi qələmə verir”, Ceymi Flay martın 5-də verdiyi bəyanatda bildirib.

Onun sözlərinə görə, Azadlıq radiosu öz reportajlarını Rusiya auditoriyasına çatdırmağa davam edəcək və “onların bizim jurnalistikamıza hər zamankından daha çox ehtiyacı olduğu bir vaxt onlara çatmaq üçün hər cür platformadan istifadə edəcək”.

Martın 4-də Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibə ilə bağlı Kremlin tezislərindən kənara çıxan hər bir jurnalistin potensial olaraq 15 il müddətinə azadlıqdan məhrum edilə biləcəyi qanunu imzalayıb. Azadlıq Radiosunun jurnalistləri Rusiyanın qonşu ölkəyə fəlakətli hərbi müdaxiləsi ilə bağlı həqiqətləri söyləməyə davam edərək, bu işi artıq xaricdən görməyi planlaşdırırlar.

Son bir həftə ərzində Azad Avropa/Azadlıq Radiosunun doqquz rusdilli internet saytı Rusiya hökumətinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı məlumatı silmək tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra bloklanıb. Martın 3-dən 4-nə keçən gecə Rusiya hökuməti Rusiya ərazisində Azadlıq Radiosunun rus, tatar-başqırd və Şimali Qafqaz xidmətlərinin saytlarına girişi bağlayıb. Bundan əvvəl fevralın 28-də isə Rusiya Azad Avropa/AzadlıqRadiosunun digər iki saytına, o cümlədən Azadlıq radiosunun Amerikanın Səsi ilə əməkdaşlıq etdiyi 24 saatlıq Current Time rəqəmsal və televiziya şəbəkəsinə girişi bloklayıb.

Rusiya Ukraynaya hərbi müdaxilədən sonra Amerikanın Səsi, BBC, DW, Meduza da daxil olmaqla xaricdən xəbərlər dərc edən bir sıra rusdilli saytları bloklayıb. Rusiya Federasiyasında internet istifadəçiləri hələ də VPN xidmətləri vasitəsilə bloklanmış resurslara daxil olmaq imkanına malikdir.

Kreml həmçinin Facebook və Twitter sosial şəbəkələrinə də girişi bloklayıb.

Azad Avropa/Azadlıq Radiosunun Rusiyada fəaliyyət göstərən bölməsinin müflis olmasının texniki səbəbi media korporasiyasının rəhbərliyinin bildirdiyinə görə, onun uzun müddətdir ki, Azadlıq Radiosunun rus dilində kontentinin hər bir hissəsinin - hər video, hər məqalə, Twitter şəbəkəsində hər yazının - yayımlanması ilə bağlı Rusiyanın Azadlıq Radiosunun“xarici agent” olduğuna dair dövlət tərəfindən təsdiqlənmiş xəbərdarlıqla müşayiət olunmasına dair qeyri-qanuni tələbini yerinə yetirməkdən imtina etməsi ilə bağlıdır.

Keçən il Roskomnadzor Azad Avropa/Azadlıq Radiosu ilə bağlı 1040 qanun pozuntusu müəyyən edib ki, bununla məzmuna dair xəbərdarlıq rejiminə əməl etməkdən imtina edildiyinə görə 13,4 milyon dollardan çox cərimə nəzərdə tutulur. Bundan əlavə, Azadlıq Radiosunun 18 jurnalisti “xarici agent” kimi tanınıb.

Fevralın 9-da Azad Avropa/Azadlıq Radiosu Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Rusiyanın “xarici agent” qanunlarına etiraz edərək, 2021-ci ilin mayında verilmiş iddianın mahiyyəti üzrə dinləmə tələbi ilə yekun yazılı ərizə təqdim edib.

XS
SM
MD
LG