Accessibility links

Minsk Qrupunun keçmiş həmsədri Riçard Hoqland sərhəddəki son toqquşmalara münasibət bildirib


Riçard Hoqland
Riçard Hoqland

"Kompromis yalnız Bakı və Yerevandakı liderlər 'münaqişəni birdəfəlik həll etməyin vaxtı gəlib' dediyi zaman əldə oluna bilər". Bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland Amerikanın Səsinə müsahibədə bildirib. Səfir Hoqland Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı toqquşmadan və Azərbaycanda 14 iyulda Azərbaycan ordusuna dəstək mitinqindən sonra baş verən kütləvi həbslər habelə, Türkiyə-Azərbaycanın birgə hərbi təlimləri və Rusiyanın 2020 Qafqaz təlimləri haqda danışıb.

O toqquşmanın arxasındakı motivlərin heç kəsə bəlli olmadığını, lakin insidentin təsadüfən başladığını düşünmədiyini deyib. “Çünki hər hansı tərəf qəsdsiz bir şəkildə digər tərəfə atəş açdığında, onlar arasında kommunikasiya yaradılır və onlar bir-biriləri ilə danışıb, dərhal bunun bir qəza olduğunu söyləyirlər. Amma bu dəfə bu baş vermədi,” o deyib.

Hoqland Minsk Qrupunun fəaliyyətinin məhdud olduğunu və onların yalnız münaqişə tərəflərinin onlara icazə verdiyi tədbirləri görə biləcəklərini deyib. O bildirib ki, Minsk Qrupu regional güclərin tam dəstəyi olmadan Dağlıq Qarabaq problemini həll edə bilməyəcək.

“Tərəflər ‘biz kompromis tampağa hazırıq’ deməyə hazır olmayanadək təəssüf ki, münaqişə davam edəcək və bunun ən pis təsirləri adi vətəndaşlara olacaq,” o deyib.

Onun fikrincə Dağlıq Qarabağ münaqişəsi BMT məsələsinə çevrilməlidir. “Bunu həll etməyin yeganə yolu Dağlıq Qarabağın qeyri-müəyyən bir müddət ərzində BMT-nin protektoratı olmasıdır. Bir neçə il sonra isə, bəlkə də, məsələ ilə bağlı hisslər bir az yatışandan sonra hər iki tərəfdən insanlar ‘biz Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında gələciyin bu cür olmasını istəyirik’ deyəcəklər. Bu, mənim həmsədr olandan sonra gəldiyim şəxsi qənaətimdir,” o deyib.

Hoqland Rusiyanın bu münaqişədəki rolu ilə bağlı suala cavabında Putinin zaman-zaman Sovet İttifaqının süqutunun 20-ci əsrin ən böyük fəlakətinin olduğunu və keçmiş sovet respublikalarının, o cümlədən Azərbaycan və Ermənistanın Rusiyanın xüsusi təsir dairəsində olduğunu söylədiyini xatırladıb. O bildirib ki, əgər Rusiyanın həqiqətən də bu problemi həll etmək istəyi olsa idi, Moskva daha aktiv tədbirlər görərdi.

Hoqland münaqişə tərəflərinin bu vəziyyətdən hökümətlərinin hakimiyyətdə qalmaları üçün kritik bir məsələ olaraq gördüyünü deyib. Onun sözlərinə görə, dünya boyu diaspora icmaları bəzi hallarda hətta öz hökümətlərindən daha sərt mövqeyə sahib olurlar. O, Los Anceles, Moskvə və bir neçə digər şəhərlərdə azərbaycanlı və erməni diaspora üzvləri arasında baş verən insidentlərin bunun sübutu olduğunu söyləyib. “Bu da münaqişəni müəyyən mənada beynəlxalq bir məsələyə çevirib,” o qeyd edib.

Hoqland Azərbaycanla-Türkiyənin birgə hərbi təlimlərinə, habelə Rusiyanın Qafqaz-2020 adlı təlimləri məsələsinə də toxunub. Onun sözlərinə görə, bu cür təlimlər çox təhlükəlidir, çünki onlar tərəflərin hər hansı kompromisə doğru getmək istəyinin olmadığına dair siqnal göndərir.

“Məncə hazırda hər iki tərəf - Türkiyə-Azərbaycanın birgə təlimləri və Rusiyanın Qafqaz-2020 təlimləri vasitəsilə - adi bir oyun oynayırlar. Amma onlar cizgini keçib, məsələnin nəzarətdən çıxmasının qarşısını almaq üçün çox ehtiyatlı olmalıdırlar”. O deyib ki, əgər münaqişə daha da qızışsa, Türkiyə və Rusiya müdaxilə edə bilər, bundan əlavə isə hər iki ölkə ilə sərhəd bölüşən İranın da narahat olmasına səbəb yaranar.

Kompromis yalnız Bakı və Yerevandakı liderlər 'münaqişəni birdəfəlik həll etməyin vaxtı gəlib' dediyi zaman əldə oluna bilər

Azərbaycanda 14 iyul aksiyasından sonra baş verən təqiblərə də toxunan Hoqland bu cür hadisələrin təkcə Azərbaycan deyil, digər keçmiş Sovet İttifaqı respublikalarında da adi hal aldığını söyləyib. O, bir çox ölkələrdə bu cür beynəlxalq insidentlərdən müxalifətə qarşı sui-istifadə edən liderlərin olduğunu deyib. “Daxili siyasət hər zaman bütün ölkələrdə mürəkkəb olur,” Hoqland bildirib.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan arasındakı beynəlxalq sərhəddə silahlı toqquşma baş verib. Rəsmi məlumatlara görə, nəticədə Azərbaycanın 12 hərbi qulluqçusu, 1 mülki şəxsi, Ermənistanın 4 hərbi qulluqçusu həlak olub. Hər iki tərəfdə yaralıların olduğu haqda məlumat verilib.

ATƏT Minsk Qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı 13 iyulda bəyanat yayıb. Onlar bəyanatda tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.

XS
SM
MD
LG