Accessibility links

Riçard Kazlariç: ABŞ-Azərbaycan münasibətlərində Ermənistanla sülh prosesi və insan haqlarının əsas prioritetlər olacağını düşünürəm


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Dövlət katibi Blinken və Rusiya Xarici İşlər naziri Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr, AŞB-ın regionda səyləri və Bayden administrasiyasının Cənubi Qafqaz regionu və Azərbaycanla bağlı strategiyası haqda danışıb.

Amerikanın Səsi: ABŞ Dövlət katibi Antoni Blinken və Rusiya Xarici İşlər naziri Sergey Lavrov İslandiyada danışıqlar aparıb və gündəmdə olan məsələlərdən biri Dağlıq Qarabağda vəziyyətlə bağlı olub. Dövlət katibi Blinken Yaxın Şərqdə məsələləri müzakirə etmək üçün fransalı həmkarı, Xarici İşlər naziri İv Le Drianla telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinin vacibliyi məsələsini müzakirə edib. Siz ABŞ-ın bu kontaktları haqda nə düşünürsünüz? Birləşmiş Ştatların nəhayət regionla daha yaxından məşğul olduğuna hansısa bir işarə varmı?

Riçard Kazlariç: Təşəkkür edirəm. Bu, həqiqətən çox vacib bir sualdır və Lavrov və Blinkenin görüşməsi bir sıra səbəblərə görə son dərəcə vacibdir. Aydındır ki, ABŞ prezidenti ilə Putin arasında keçiriləcək sammit bir sıra səbəblərə görə çox vacibdir. Deməliyəm ki, ABŞ tərəfdən eşitdiklərim məni ruhlandırır, biz işlərin çox tez baş verməsini istəyrik. Başa düşməliyik ki, bu hələ yüksək səviyyəli vəzifələrin tutulmağa davam etdiyi və Konqresdə təsdiqlənməsi lazım olduğu yeni bir administrasiyadır. Ancaq düşünürəm ki, dünyadakı, Yaxın Şərqdə, Ukrayna, Belarusla bağlı bütün digər problemlərlə yanaşı Cənubi Qafqazdakı problem də son dərəcə vacibdir. Fikrimcə, bu, noyabr ayından bəri, noyabrın 10-da üçtərəfli bəyanatdan bəri və bu plan sülhə doğru hərəkət deyil, artan gərginliyə səbəb olub, gözləmə dövründə olduğumuzla bağlı narahatlıqları əks etdirir. Beləliklə də, düşünürəm ki, Birləşmiş Ştatlar Fransa və Rusiyanın bu səylərə cəlb olunması, işimizi yoluna necə qaytara biləcəyimizi görmək, mənim qorxduğum kimi hərbi münaqişə istiqamətinə sürüklənmənin qarşısını almaq və hər iki tərəfin Cənubi Qafqazda sülhün bərqərar olması üçün zəruri olan real problemləri ünvanlamasını təmin etməsi üçün ATƏT-in Minsk qrupunun canlanadırılmasının vaxtı çatdığını başa düşür.

Amerikanın Səsi: Mayın 17-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla ayrı-ayrı telefon söhbətində ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Ermənistan və Azərbaycan arasında son gərginliklərlə bağlı narahatlığını ifadə edib. O, iki ölkənin beynəlxalq sərhədin demarkasiyası ilə bağlı rəsmi danışıqlar keçirməsinin əhəmiyyətini vurğulayıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycan və Ermənistanı artan gərginliklər fonunda təmkin göstərməyə çağırıb. Bəzi müşahidəçilər son gərginliklərlə Qarabağ münaqişəsində təhlükəli dönüşün başlaya biləcəyini söyləyir. Bu vəziyyətdə əsas risklər və sınaqlar hansılardır? Tərəfləri sərhədlə bağlı razılığa gətirmək üçün ən yaxşı həll yolu nədən ibarət ola bilər?

Riçard Kazlariç: Fikrimcə, bu, mənim potensial olaraq münaqişəyə sürüklənmək kimi bundan əvvəl danışdıqlarıma dair konkret misaldır. Noyabr müharibəsi Cənubi Qafqazda hər kəs üçün hər şeyi dəyişdirdi. İndi Ermənistanla Azərbaycan arasında sərhədin nə olduğu sualı başqa mahiyyət daşıyır. Pol Qoblla bu yaxınlarda dinlədiyim bir müsahibə məni çox təəccübləndirdi. Pol bu region haqqında danışdığım hər kəsdən daha çox məlumatı olan biridir. O dedi ki, çətinliklərdən biri sovet dövründən bəri razılaşdırılmış sərhədlərin olmaması ilə bağlıdır. Onun dediyinə görə, sovet ordusu və onun üçün bir sərhəd bölgüsü var idi, coğrafiyaşünaslar və alimlər digər sərhəd xəritələri üzərində işləyirdi. Beləliklə də insanlar öz məqsədlərinə çatmaq üçün istədikləri sərhədin hansı sərhəd olduğuna qərar verirlər. Buna görə də sərhədlərin demarkasiyası ideyasının daha vacib bir addım olduğunu düşünürəm. Bütün bunları həll edəcək bir sehrli xəritə tapmaq üçün geriyə baxaraq bir həll tapacağımızı fikirləşmirəm. Mən hesab edirəm ki, bu, müzakirə mövzusu olacaq. Bu müzakirələrə başlamaq üçün əsas olaraq ATƏT-dən istifadə edilməsi məqsədilə Minsk Qrupunu aktivləşdirmək üçün imkanların olduğunu düşünürəm. Bu, yalnız Azərbaycanla Ermənistan arasında deyil, Azərbaycanla Gürcüstan arasında da problemdir. Onu nəzərdə tuturam ki, keçən il Azərbaycan ilə Gürcüstan arasında David Qareci kilsəsi və sərhədin olduğu yerdə mübahisələr olmuşdu. Gürcüstan və Azərbaycan arasında sərhədin hələ də çox hissəsi müəyyən olunmayıb. Ona görə də düşünürəm ki, bunlara diqqət yetirmək Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin başlanmasının ən vacib hissəsi kimi deyil, amma həqiqətən də həll edilməsi lazım olan çətinliklərin həllində qarşılıqlı fəaliyyətin bir hissəsi olaraq getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Nəqliyyat dəhlizlərindən danışırsınızsa, bunlara görə kim məsuliyyət daşıyır? Cənubi Qafqazda insanlar və məhsulların azad şəkildə hərəkətinin təmin olunmasında xarici qüvvələrin rolu nədən ibarətdir? Bütün bunlar çox sistematik bir şəkildə həyata keçirilməlidir və burada xarici yardım tələb olunur, çünki tərəflər öz mövqeyini əsaslandıran xəritəyə qayıdacaqlar və bu, işlərin irəliləməsinə imkan verməyəcək.

Amerikanın Səsi: Hazırda ABŞ-Rusiya münasibətlərində gərginliklər nəzərə alınsa, Fransa ilə birlikdə Minsk Qrupuna həmsədrlik edən iki ölkə regional barışıq prosesinin irəliləməsinə necə kömək edə bilər? Vaşinqton və Moskvanın hələ də əməkdaşlıq edə biləcəyi hansısa sahələr varmı?

Riçard Kazlariç: Demək istəyirəm ki, bu, həqiqətən də çox vacib bir məsələdir və şəxsən mən Rusiyanı, Rusiyanın Ukrayna və Belarusdan tutmuş Suriya və Yaxın Şərqə qədər bir sıra yerlərdə rolunu çox tənqid etmişəm. Lakin son bir neçə ildə bütün çətinliklərə baxmayaraq, ABŞ və Rusiya arasında Minsk Qrupu çərçivəsində əməkdaşlıq davam edir. Mən şəxsən Rusiyanın ABŞ və Fransa qədər bu münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarına əmin deyiləm, Rusiyanın əsas məqsədinin nə olduğuna şübhə etsəm də, digər tərəfdən, onlar Minsk qrupunda çox məsuliyyətli tərəfdaş idilər. Düşünürəm ki, bu çox çətin və dəyişmiş vəziyyətdə bizim Avropa, ABŞ və Rusiyanın əməkdaşlığının əhəmiyyətini başa düşdüyümüz kimi, onlar da bunun əhəmiyyəti başa düşürlər. Hesab edirəm ki, bunun davam etdirilməsi üçün potensial var. Fikir ayrılıqları olacaq. Mənim buna şübhəm yoxdur. Bunun bizim ünvanlamadığımız bir aspekti Türkiyənin rolunun nə olacağından ibarətdir. Onu demək istəyirəm ki, Türkiyə uzun müddətdir yaradılmış həmsədrlər qrupundan daha böyük bir qrupun bir hissəsidir. Lakin indi iqtisadi əlaqələr də daxil olmaqla bu bölgədə hamımızın istədiyi bir sülh istiqamətində irəlilədiyimiz üçün Türkiyənin nəzərə alınması lazımdır. Bu, təkcə Naxçıvan və Azərbaycanla bağlı məsələ deyil, Türkiyə həm də əsas iqtisadi oyunçu kimi bunun bir hissəsidir. Ümid edirəm ki, Ermənistan və Türkiyə bu bölgədə dinc münasibətlər üçün yeni bir zəmin yaratmağın yolunu tapacaq. Potensial var. Məsələ insanların hərbi əməliyyatlara yol verilməməsi üçün yüksək səviyyədə çağırışlara ehtiyac əvəzinə, bu imkanlardan istifadə edib-etməməsi və bunları irəlilətmək istəyib-istəməməsindən ibarətdir.

Amerikanın Səsi: Bayden administrasiyasının hakimiyyəti dövründə ABŞ-ın xarici siyasət prioritetləri haqda nə söyləyə bilərsiniz? Bayden administrasiyasının regionla bağlı və xüsusilə də Azərbaycanla bağlı strategiyası nədən ibarətdir?

Riçard Kazlariç: Düşünürəm ki, bu hələ də inkişaf mərhələsindədir. Uzun müddətdir bununla məşğul olan bizim kimi insanlar bu problemi ABŞ və Rusiya da daxil olmaqla, hər kəsin ən yüksək prioritetlər siyahısında görmək istərdik. Amma bu, belə deyil. Bu administrasiyanın prioritetləri bilirsiniz ki, hakimiyyətə gələndə xarici siyasət sahəsində Çin əsas sınaq olaraq göstərilib. Onlar İsraildə İsraillilər və Fələstinlilər arasında yaşanan faciəni gözləmirdi və indi bu, ən yüksək prioritetlər səviyyəsindədir. Sizin müsahibəyə başlayanda qeyd etdiyiniz Blinken və Lavrov arasında olduğu kimi görüşlərə gəldikdə, bu kimi digər problemlər hər iki tərəfdə prioritet məsələlər olur və Cənubi Qafqazda münaqişə və regionun digər ölkələrinə diqqət daha aşağı səviyyəyə düşür. Mənim administrasiya daxilində ümumi baxışın nə olduğu haqda məlumatım yoxdur. Mənim məlumatlarım nitqlər zamanı söylənilənlər və telefon danışıqları ilə bağlı açıqlamalarla məhdudlaşır. Mən hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərində əsas məsələ Ermənistanla münaqişə olacaq. Əsas ideya bunun sülh prosesinə çevrilməsindən ibarət olacaq. İkincisi, dünyanın digər yerlərində gördüyümüz kimi insan haqları, demokratiya və kompleks halında bu məsələlərin gündəmdə olacağını düşünürəm. Enerjinin o qədər əhəmiyyətli olacağını hesab etmirəm. Bu, ABŞ-ın energetika sahəsində roluna prioritet verməsi baxımından Trump administrasiyası deyil. Qlobal bir problem kimi iqlim dəyişikliyinə verilən diqqət baxımından dünyanın digər yerlərində və Azərbaycanda neft və qazın inkişafına maraq daha az olacaq. Ən vacib prioritet Ermənistanla münaqişənin sülh yolu ilə həlli olacaq ki, bu da hərbi əməliyyatların bərpasının qarşısını almağın ən vacib hissəsidir. İkincisi, insan hüquqları, demokratiya və bunun iki ölkə arasındakı münasibətlərə necə uyğunlaşdırılması məsələsidir. İqlim dəyişikliyi səbəbindən enerji çox az əhəmiyyətli olacaq. Mənim fikrim budur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG