Accessibility links

Riçard Kazlariç: "Dinamika barışıq istiqamətində dəyişməlidir"


Riçard Kazlariç: "Dinamika barışıq istiqamətində dəyişməlidir"
please wait

No media source currently available

0:00 0:06:33 0:00

İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədində döyüşlər gedir. Rəsmi məlumatlara görə, döyüşlərdə Azərbaycan tərəfi 11 hərbçisini, 1 mülki vətəndaşını, Ermənistan tərəfi 4 hərbçisini itirib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə son toqquşmalara münasibət, Rusiyanın müqanişədəki rolu və ABŞ-ın mümkün müdaxilə yollarından danışıb.

Amerikanın Səsi: Ermənistan-Azərbaycan beynəlxalq sərhədində baş verən gərginliklə bağlı nə deyə bilərsiniz?

Riçard Kazlariç: Mən ilk öncə döyüş qurbanları və onların ailələrinə başsağlığımı çatdırmaq istəyirəm. Dünyada baş verən pandemiyanın üzərinə bu, həm Azərbaycan, həm Ermənistandakı insanlar üçün çətin bir vəziyyətdir.

Lakin mən uzun zamandır narahatam, çünki Ermənistanla Azərbaycan arasında diplomatik danışıq prosesi intensivləşməyib. Əksinə, getdikcə əhəmiyyəti azalıb. İki tərəf arasında birbaşa diplomatik danışıq olmayanda, hərbi toqquşma ehtimalı artır. Və mən bilirəm ki, prezident İlham Əliyev keçən həftə müsahibəsində həm Minsk qrupu prosesini, həm də Minsk Qrupu həmsədrlərini qınayıb. Mən bunu diplomatik prosesin dalana dirəndiyinə dair mənfi bir işarə olaraq gördüm.

Döyüşlərin Dağlıq Qarabağ yerinə, iki ölkə arasındakı beynəlxalq sərhəddə baş verməsi məni təəccübləndirdi. Ancaq dövlət katibi Mayk Pompeonun dediyi kimi Rusiya da, ATƏT də bunu deyib ki, indi döyüşləri dayandırıb, diplomatik danışıqlar aparmaq vaxtıdır.

Amerikanın Səsi: ​Budəfəki toqquşma əvvəlkilərdən hərbi baxımdan nə ilə fərqlənir?

Riçard Kazlariç: Fikrimcə, bu dəfə aprel döyüşü istisna olmaqla, hərzamankı kimi kiçik silahlardan atışma olmadı. Bu dəfə ağır artilleriyadan atəş açıldı və Azərbaycan ordusu yeni hərbi imkanlarından istifadə etdi. Prezident Əliyevin mətbuata verdiyi müsahibədə olduğu kimi Azərbaycan ordusu bir neçə aydır keçirilən ağır silah təlimlərini təbliğ edirdi. Biz erməni tərəfində də bənzər şeyləri müşahidə etmişik. Amma məni təəccübləndirən döyüşün dövlət sərhədində baş verməsi və dərhal ağır silahlardan istifadə olunması oldu ki, bu həm mülki vətəndaşlar arasında, həm də hərbçilər arasında itkilərə səbəb ola bilər. Bu da məsələ ilə bağlı emosiyaları daha da intensivləşdirir.

Biz Bakının küçələrində bunun şahidi olduq. Mənim izlədiyim videolar bunun nə dərəcə emosional olduğunu göstərdi. Qurbanlar dəfn olunur, ailələr təkcə hərbçilərin deyil, mülki vətəndaşların yasını tutur.

Məni təəccübləndirən döyüşün dövlət sərhədində baş verməsi və dərhal ağır silahlardan istifadə olunması oldu.
Riçard Kazlariç

Amerikanın Səsi: Ermənistan və Azərbaycan hökümətlərini nəzərə alaraq Rusiyanın bu münaqişədəki rolu nədir?

Riçard Kazlariç: Hər zaman ağla gələn ilk sual bu olur. Mənim yadımdadır ki, hətta mən səfir olduğum və Minsk Qrupu prosesi başladığı zamandan öncə, 1990-cı illərdə Ermənistanla Azərbaycan arasındakı münaqişə başladığı zaman Rusiyanın rolu ilə bağlı çoxlu suallar var idi.

Mənim bununla bağlı bir mövqeyim var idi və bunun çox dəyişdiyini düşünmürəm. Bu mövqeyim isə odur ki, indi baş verən hərbi münaqişənin Rusiyaya heç bir xeyri yoxdur. Xarici qüvvənin belə bir hərbi qarşıdurmanı nəzarət altına alması çətindir. Hər iki ordunun öz imkanları var. Mətbuatdakı bəzi məlumatlara baxmayaraq, mən Rusiyanın nə Ermənistanın, nə Azərbaycanın hərbi fəaliyyətini idarə etdiyini düşünmürəm.

Mənim toxunmaq istədiyim ikinci məqam odur ki, Rusiya Minsk Qrupu çərçivəsində artıq bir neçə ildir, fikrimcə, məsuliyyətli rol oynayıb. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bəyanatlara, Ermənistanla Azərbaycan arasında diplomatik danışıqlar təşkil etmək səylərinə baxanda Rusiyanın diplomatik danışıqlara xələl gətirmək istədiyinə dair bir işarə görmürük. Əksinə bu danışıqların baş tutmasının istədiyini görürük. Düşünürəm ki, Rusiya nə müharibənin, nə də sülhün olduğu bir vəziyyətin olmasında maraqlıdır, çünki Moskvanın həm Yerevan, həm Bakı üzərindəki gücü belə bir vəziyyətdə daha çox olur. Mən deyə bilmərəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün əlindən gələni edir. Amma mən onların indi şahid olduğumuz kimi hərbi qarşıdurma başlatmağa və ya bunu təşviq etməyə çalışdıqlarını da düşünmürəm.


Amerikanın Səsi: Münaqişə eskalasiya etdiyi halda ABŞ-ın mövqeyi nə olacaq? Vaşinqton döyüşlərin qarşısını almaq üçün hər hansı yolla müdaxilə edəcəkmi?

Riçard Kazlariç: Vaşinqton bu aralar bir neçə səbəbdən çaşqınlıq yaşayır. Bu səbəblərin çoxu ölkədaxili məsələrlə əlaqadər olsa da, dünya boyu Çin, Yaxın Şərq, Suriya və Liviya kimi yerlərdə ziddiyətli prioritetləri var. Və siyatəçilərin diqqət mərkəzində olan bir sıra xarici və daxili məsələlər var. Mən düşünürəm ki, Tramp administrasiyasının döyüşləri dayandırmaq üçün hər hansı tərəfin adından müdaxilə etməsi çətindir. Fikrimcə, edilə biləcək hər şey hazırda edilir. Bundan artıq nə isə gözləmirəm. Minsk həmsədrləri bir araya gələcəkmi? Mənim bununla bağlı medianı izləyən hər kəs qədər məlumatım var. Amma həmsədrlərin artıq məsələyə müdaxilə etməyə hazırlaşdıqlarını eşitsəm təəccüblənmərəm.

Mən bunu deyə bilərəm ki, biz bunu daha öncə 1994-də və bir neçə il əvvəl baş verən qarşıdurma zamanı da gördük ki, döyüşlərin dayandırılması üçün Rusiya hər iki hökümətə birbaşa müdaxilə etməlidir. Və bu baxımdan Rusiyanın Birləşmiş Ştatlardan daha çox təsir gücünə malik olduğunu düşünürəm.

Məncə döyüşlər bitəndən sonra beynəlxalq vasitəçilərin və ATƏT-in bu prosesdəki rolu ilə bağlı suallar yaranacaq və məncə yaranmalıdır da, çünki təəssüf ki, nə Yerevan nə Bakı münaqişəyə dinc həll yolu tapmaq üçün birbaşa danışıq aparmaq istədiklərinə dair açıq siqnal verməyiblər. Bu baş verməyənədək, biz beynəlxalq ictimaiyyəti nə kollektiv nə də individual olaraq heç bir tərəfin istəmədiyi bir həll yolu tapmasını gözləyə bilmərik. Ona görə də, düşünürəm ki, döyüşlər dayanmasa, ABŞ “biz fasilə istəyirik, diplomatik prosesə qoşulmaq istədiyiniz zaman bizə gəlin. Amma siz faciəvi nəticələri olan seçimlər edirsiz və biz siz diplomatik danışıqları yenidən başlatmağa hazır olmadığınız təqdirdə heç nə edə bilmərik” deyə bilər. Mən indi vəziyyətin belə olub-olmadığını bilmirəm.

Düşünürəm ki, həm Yerevan, həm Bakıdakı hakimiyyət bunu xalqın diqqətini hər iki ölkədə nəzarətdən çıxan koronavirus pandemiyasından uzaqlaşdırmaq məqsədi ilə edir. Bundan əlavə iqtisadi islahatlar, ələlxüsus da insan haqları pozuntuları, mətbuat azadlığı və siyasi azadlıqlarla bağlı irəliləyiş yoxdur. Bu səbəbdən də dinamika barışıq istiqamətində dəyişməlidir və mən hazırda buna dair heç bir işarə görmürəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG