Accessibility links

Riçard Giraqosyan: Ermənilərin seçkilərdən böyük gözləntiləri var


Riçard Giraqosyan: Ermənilərin seçkilərdən böyük gözləntiləri var
Riçard Giraqosyan: Ermənilərin seçkilərdən böyük gözləntiləri var

Yerevanda qərargahlanan Regional Araşdırmalar Mərkəzinin amerikalı sədri Riçard Giraqosyan bu yaxınlarda Amerikanın Səsinin qonağı olub. Azərbaycan xidmətinə müsahibədə cənab Giraqosyan Ermənistanda daxili siyasi durum, demokratiyaya doğru təkamül, gənclərin fəallığı, və son zamanlar müşahidə olunan tendensiyalar haqda fikirlərini paylaşıb.

Sual: Bir neçə aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Ölkədə hazırkı siyasi mühiti necə dəyərləndirisiniz? İnsanların bu seçkilərdən gözləntiləri nədir?

Cavab: Qonşularından fərqli olaraq Ermənistanda xalq bu seçkilərə böyük maraqla baxır. 2008-ci ilin martında Ermənistanda seçkilər ciddi zorakılıq halları ilə müşayiət olunmuşdu. Və o vaxtdan bəri ilk dəfədir ki, Ermənistanda parlament seçkiləri keçiriləcək, və 2013-cü ildə prezident seçkiləri olacaq. Bu seçkilər 3 səbəbə görə fərqlənir: Birincisi, ictmaiyyətin seçkilərin azad və ədalətli olması haqda gözləntiləri böyükdür, siyasi prosesə inamları çoxalıb. İkincisi, hökumətin özündə seçkiləri təkmilləşdirmək barədə gözləntilər var. Prezident və baş nazir vəd ediblər ki, növbəti seçkilər əvvəlkilər kimi olmayacaq. Üçüncüsü, seçkilərin yaxşılaşması üçün beynəlxalq gözləntilər də yüksəkdir. Beynəlxalq ictimaiyyət tələb edir ki, Ermənistanda daha yaxşı seçkilər keçirilsin. Əminliklə demək olar ki, hakim Respublikaçılar Partiyası bu seçkilərdə qələbə çalacaq, mandatını uzadacaq və legitimliyini genişləndirəcək. Bu mandat isə Ermənistanın Türkiyə və Dağlıq Qarabağ məsələləri kimi xarici siyasətinə də ciddi təsir göstərəcək.

Sual: Ermənistanla Azərbaycanın siyasi sistemləri arasında nə kimi fərqlər var? Bu fərqlər Ermənistandan necə görünür?

Cavab: Azərbaycan və Ermənistan siyasi sistemlərinə görə xeyli fərqlidirlər. Ermənistanda bir növ sonuncu mohikan hekayəsi yaşanılır. Qarabağdan gəlmiş siyasi elitanın sonu yaxınlaşır. Keçid prosesi gedir. Azərbaycan isə daha qapalıdır. Oradakı durum Şekspir hekayələrinin süjet xəttini xatırladır: ömürlük prezident, hakimiyyətin atadan oğula keçməsi. Enerji resursları, ambisiyalı proqramları ilə Azərbaycanı Orta Asiya dövləti kimi təsvir etmək olar. Ermənistan isə daha kiçik, su hövzəsinə çıxışı olmayan bir ölkədir. Onun siyasi sistemi də fərqlidir. Bu sistem indi səlahiyyət bölgüsünə, siyasi balanslaşmaya doğru irəliləyir. Parlament güclənir. Prezident çalışır ki, hakimiyyəti parlamentlə balanslaşdırsın və müstəqil məhkəmə hakimiyyəti formalaşdrısın. Azərbaycanda biz oxşar tendensiyaları müşahidə etmirik.

Sual: Sabiq Sovet məkanında insanlarda siyasətə qarşı bir inamsızlıq, apatiya hiss olunur. Bu, Ermənistanda nə dərəcədə problemdir?

Cavab: Hətta Amerikada da seçicilərin səsverməyə qatılmasına baxsaz, bir etinasızlıq görərsiniz. Amma sabiq Sovet məkanında, konkret olaraq Ermənistanda və Azərbaycanda siyasi apatiya şəxsi problemlərlə əlaqədardır. Ermənsitanda və Azərbaycanda insanların dəyişiklyin asta tempindən narazıdırlar. Onlar demokratiyanın çatışmazlığından narazıdırlar. Bir çox hallarda seçkilərin iqtisadi rifah hallarına təsirini hiss etmirlər. Ermənistanda insanların gəlirləri arasında böyük fərqlər var ki, bu da çoxlarını qəzəbləndirir və çiyrindirir. Ermənistanda siyasət seçkili yox, təyinatlıdır. Sadə ermənin seçimi çox deyil. Amma indi universitetlərdən yeni nəsillər çıxmaqdadır. Onlar artıq yetkinlik həddinə çatırlar. Onlar valideynləri kimi siyasəti olduğu kimi qəbul etmək fikrində deyillər. 2008-ci il seçkilərində baş qaldıran zorakılıqlardan sonra çoxu artıq geriyə yol görmür. Ermənistanda cəmiyyət o üzdən tədricən fəallaşır və siyasətə daha çox qarışır.

Sual: Azərbaycan mətbuatında tez-tez deyilir ki, Ermənistanın əhalisi sürətlə azalır, ölkə nəhəng demoqrafik problemlərlə üzləşir. Siz Ermənistanın demoqrafik durumunu necə qiymətləndirirsiniz?

Cavab: Bu, həqiqətən də böyük problemdir. Ermənistanın təhlükəsizliyinə ən böyük təhlükələrdən biri emiqrasiyadır. 1990-cı illərdə bizdə beyin axını baş verdi. Ən qabiliyyətli, ən bacarıqlı adamlar Ermənistanı tərk etdilər. Kim ölkədən çıxa bilirdisə, çıxırdı. Etirazçılar küçələrə yox, xaricə axışırdılar. Ölkədən kənara miqrasiya həm də iqtisadi imkansızlıqla bağlıdır. Amma gənc adamlar çox fərqldirlər. Onlar təslim olmayıblar. Düzdür, onların səbri tükənməz deyil. Amma onlar ölkədə qalıb vuruşmağa üstünlük veririlər. Həyata yeni bir münasibət var. Onlar asanlıqla təslim olmaqdansa, ölkədə qalıb vəziyyəti dəyişdirməyə üstünlük verirlər. Ona görə də mən bir az ümidliyəm.

XS
SM
MD
LG