Accessibility links

'Risk nə qədər böyük olursa, banklar bir o qədər faiz dərəcələrini artırırlar'


Azərbaycanda vaxtı keçmiş kreditlər artmaqdadır. Bu məbləğ 2021-ci il avqustun 1-nə 937.5 milyon manat təşkil edib. Rəsmi məlumatlara görə, problemli kreditlər ilin əvvəlinə nisbətən 5 faiz artıb.

Bəs vaxtı keçmiş kreditlərin artması hansı amillərlə bağlıdır və bu yüksələn xətlə gedərsə fəsadları nə ola bilər?

Deputat Vüqar Bayramov da AzadlıqRadiosuna müsahibəsində Azərbaycanda bu ilin 7 ayında vaxtı keçmiş kreditlərin həcmində artımın olmasını təsdiqləyib. O bildirib ki, əgər kommersiya bankları ötən ili 893 milyon manatlıq vaxtı keçmiş kreditlərlə başa vurubsa, bu rəqəm cari ilin 7 ayında 937 milyon manata qədər yüksəlib:

“Xüsusən son 2 ayda daha sürətli artımlar müşahidə olunub”

“Xüsusən də son 2 ayda vaxtı keçmiş kreditlərin həcmində daha sürətli artımlar müşahidə olunub. Əgər iyunun yekunlarında vaxtı keçmiş kreditlərin həcmi 914 milyon manat idisə, iyulun yekunlarında 937 milyon manata qədər yüksəlib. Praktik olaraq 1 ay ərzində vaxtı keçmiş kreditlərin həcmində 23 milyon manatlıq artım qeydə alınıb ki, bu da bank sektoru üçün arzuolunan deyil”.

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramovun fikrincə, vaxtı keçmiş kreditlərin artmasında koronavirus pandemiyasının təsirləri birmənalıdır. Deputat hesab edir ki, xüsusən də ödəmə qabiliyyətinin zəifləməsi vaxtı keçmiş kreditlərin artmasına təsir göstərən əsas amillərdən biridir:

“Bu da vaxtı keçmiş kreditlərin həcminə birbaşa təsir göstərdi”.

“Nəzərə alsaq ki, pandemiya sərt karantin tədbirlərinin tətbiq olunduğu müddətdə 20 fəaliyyət sahəsinə təsir göstərdi, onlardan 11-də fəaliyyətlərin dayanması, 9-da isə qismən məhdudlaşması müşahidə olunmuşdu. Nəticədə həmin sektorlarda çalışan insanların ödəmə qabiliyyətində azalmalar müşahidə olundu ki, bu da vaxtı keçmiş kreditlərin həcminə birbaşa təsir göstərdi”.

Deputat deyib ki, vaxtı keçmiş kreditlərin həcminin artması bankların kredit faizinin yüksək olması ilə bağlıdır. O, təəssüflə qeyd edib ki, bankların kredit faizləri hələ də yüksək olmaqda qalır. Onun fikrincə, eyni zamanda, banklarda regionlar arasında kredit faizlərinin fərqi iki dəfəyə yaxındır:

“Kredit faizlərinin yüksək olması…”

“Baxmayaraq ki, depozit faizlərində azalmalar var, amma kredit faizəri yenə də yüksək olaraq qalır. Bu mənada kredit faizlərinin yüksək olması vaxtı keçmiş kreditlərin həcminə təsir göstərən digər əsas amillərdən biridir. Bəzi hallarda bankların ödəmə qabiliyyətini yoxlamadan və ya tam yoxlamadan kredit xəttini açması da vaxtı keçmiş kreditlərin həcminə təsir göstərir”.

Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank növbəti illərdə vaxtı keçmiş kreditlərin həcminin optimallaşdırılması ilə bağlı fəaliyyətləri genişləndirməyə çalışmalıdır. Onun vurğulamasına görə, çünki vaxtı keçmiş kreditlər bütün hallarda kommersiya banklarının fəaliyyəti üçün arzuolunan deyil:

“Xüsusən fazilərin aşağı salınmasına ehtiyac var”

“Pandemiya bundan sonra da vaxtı keçmiş kreditlərin həcminə təsir göstərən amil olaraq qalacaq. Amma bununla yanaşı kredit faizlərinin optimallaşdırılması, o cümlədən, ödəmə qabiliyyətinin yoxlanılması və tam araşdırılması ilə bağlı işlər də genişləndirilməlidir. Xüsusən fazilərin aşağı salınmasına ehtiyac var ki, biz növbəti dövrdə vaxtı keçmiş kreditlərin həcmində artım müşahidə etməyək”.

İqtisadçı, iş adamı Nazim Bəydəmirli isə borcların çox olmasını vətəndaşların və sahibkarların gəlirlərinin azalması ilə əlaqələndirir:

“Beləliklə, son bir neçə ildə qaytarılmayan kreditlər sürətlə artıb. Nəzərə alaq ki, pandemiyadan əvvəl (2015-ci ildə) baş verən iki devalvasiya qərarı sahibkarların durumunu pisləşdirdi ”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Problemli kreditlər daha çoxdur?

Nazim Bəydəmirlinin qənaətincə, banklar bəzən bu rəqəmləri aşağı göstərirlər ki, investorlar onlara etibar etsinlər:

“Yəni qaytarılmayan kreditlərin faizi nə qədər çoxdursa, investorlar bir o qədər də ehtiyatlı davranıb depozitə vəsait qoymurlar. Banklar da özləri pul alıb pul satan təşkilat olaraq rəqəmləri gizlədirlər ki, verdikləri kreditlər qaytarılan olacaq, problemli kreditlər olmayacaq. Ona görə hərtərfli işləyirlər”.
Nazim Bəydəmirli düşünür ki, qaytarılmayan kreditlər bank sektoru və ümumilikdə iqtisadiyyat üçün zərərlidir:

“Bank sektoru üçün ona görə zərərlidir ki, banklara etimad azalır, investorlar və və vətəndaşlar banklardan vəsaitlərini çıxarırlar. İqtisadiyyata ona görə zərərlidir ki, banklar daha ehtiyatlı siyasət aparır və müştərilərə kredit resursları ayırmaqda çətinlik çəkir, həm də ehtiyatlı davranırlar. Eyni zamanda, kredit faizləri artır. Yəni risk nə qədər böyük olursa, banklar bir o qədər faiz dərəcələrini artırırlar”.

Bu fikirlərə, hələlik, kommersiya banklarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2015-ci ilin fevralın 21-i və və dekabrın 21-də Azərbaycanda iki devalvasiya baş verdi, manat dollar qarşısında iki dəfədən çox dəyər itirdi. Onda problemli kreditlərin həcimin artdığı və 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. Amma Prezident 2019-cu il fevralın 3-də fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi və bundan sonra problemli kreditlər kəskin azalmağa başlamışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG