Accessibility links

Bloq: Biznesmen və Yaxın Şərq üzrə ekspert Rob Subhani ABŞ Senatına seçkilərə qatılıb


Rob Sobhani
Rob Sobhani

Corc Taun universitetinin professoru olmuş Rob Subhani Xəzər Qrup Holdinq şirkətinin icraçı direktorudur

Amerikada yaşayan azərbaycanlı biznesmen, Yaxın Şərq və Mərkəzi Asiya regionları üzrə ekspert Rob Subhani Merilend ştatından ABŞ Senatına üzv seçilmək üçün seçki kampaniyasına başlayıb.

Rob Subhani Merilend ştatının seçki komissiyasına 77 min imza toplayıb təqdim etdikdən sonra demokrat senator Ben Kardinin hazırda tutduğu yerə seçilmək üçün müstəqil namizəd kimi seçkiyə qatılıb.

Bundan öncə Rob Subhani 1996 və 2000-ci illərdə Respublikaçılar partiyasından ABŞ Senatına seçilmək üçün seçkilərdə iştirak etmişdi. Cənab Subhani bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılmasının səbəblərini mətbuata izah edib:”Mən müstəqil namizəd kimi seçkilərdə iştirak edirəm, çünki fikrimcə bizim siyasi sistem yararsız hala gəlib və hər iki siyasi partiya Amerika xalqının tənəzzül etməsinə imkan verib.”

Vaşinqtonda yerləşən Corc Taun universitetinin professoru olmuş Rob Subhani hazırda Xəzər Qrup Holdinq şirkətinin icraçı direktorudur.

Seçkilərdə müstəqil namizəd kimi cənab Subhani Senata seçilsə beş əsas prioritet məsələyə diqqət yetirəcəyini bildirib. Buraya Merilend ştatında istehsal edilən məhsulların ixracının artırılması, aşağı imkanlı məktəb şagirləri üçün təhsil imkanlarının genişləndirilməsi, ştatda yollar və körpülərin salınması, habelə Baltimor şəhərində müavinətlə evlərin inşası üçün fondların ayrılması kimi məsələlər daxildir.

Rob Subhani xərəng xəstəliyinə qarşı mübarizə proqramlarına dəstək verir. Seçki kampaniyası zamanı o, Cons Hopkins universiteti, habelə Merilend ştatının digər universitetlərində xərçəng xəstəliyinin müalicəsi məqsədilə araşdırmalar üçün 500 milyon dollar vəsaitin ayrılmasını təklif edir.

Rob Subhani biznesmen, təhlilçi və ekspert kimi karyerası boyu ictimai səhnədə fəal rol oynayıb. O, Vaşinqtonda Yaxın Şərq və Xəzər bölgəsi üzrə tanınmış ekspertlərdən biri hesab edilir. Rob Subhani ABŞ-da CNN, USA Today, Washington Post, Fox və MSNBC, habelə beynəlxalq media şirkətlərində təhlillərlə çıxış edir.

Capian Group Holding şirkətinin prezidenti kimi o, enerji, yeniləşən enerji mənbələri, infrastrukturun inkişafı və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən müxtəlif profilli beynəlxalq biznes şirkətləri qrupuna rəhbərlik edir. Cənab Subhani ABŞ-da yeni iş yerlərinin açılmasına imkan yaratmaq üçün Amerika məhsulları, xidmət növləri və texnologiyaların yeni bazarlara çıxarılması sahəsində ekspert kimi çıxış edir. O, iyirmi ildən artıqdır Amerika enerji şirkətlərinə qlobal enerji təhlükəsizliyi məsələləri üzrə məsləhətlər verir.

Doktor Subhani üç kitab müəəlifidir. Bunlardan biri ABŞ-da mühacirət, digər ikisi isə Yaxın Şərq mövzularında yazılıb.

Rob Subhani ABŞ-ın Kanzas ştatında anadan olub, Tehranda beynəlxalq məktəbdə təhsil alıb. Yaxın Şərqdə və Sovet İttifaqında yaşayan cənab Subhani üç dil bilir. O, ABŞ-ın Corc Taun universitetində siyasi iqtisad sahəsində doktorluq müdafiəsi edib.

Rob Subhani evlidir, iki övladı var.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG