Accessibility links

İsrail ordusu hücum zamanı Hizbullah komandirinin öldürüldüyünü bildirib


İsrail ordusunun bazar ertəsi bildirdiyinə görə, Livanın cənubunda hava hücumu həyata keçirdiyi zaman İsrailin şimalına çoxsaylı hücumlar təşkil edən Hizbullah komandiri öldürülüb.

İsrail ordusunun bəyanatında öldürülən şəxsin Hizbullah-ın Radvan Qüvvələrinin komandiri Əli Əhməd Hassin olduğu bildirilib.

Militant qrup eyni adlı döyüşçülərindən birinin öldüyünü təsdiq etsə də, onun ölümü ilə bağlı təfərrüatları açıqlamayıb.

İsrail Müdafiə Qüvvələri hücumda daha iki nəfərin də öldüyünü bəyan edib.

İsrail qüvvələri ilə Hizbullah militantlarının sərhədyanı hücumları İsrailin Hizbullahın müttəfiqi HƏMAS-a qarşı Qəzza zolağında altı aydır davam edən müharibəsi boyu adi hal alıb.

İsrail ordusu bazar ertəsi eləcə də, çoxsaylı raket hücumlarına cavab olaraq, Qəzzanın cənubundakı Xan Yunis bölgəsinə havadan hücum həyata keçirdiyini bildirib.

İsrail rəsmiləri bazar günü qoşunlarının Xan Yunisdən çəkildiyini elan edib.

İsrailin müdafiə naziri Yoav Qallant qüvvələrinın çıxdığını və Rəfah da daxil olmaqla, “növbəti missiyalara hazırlaşdığını” bildirib.

Müharibə Qəzza əhalisinin yarıdan çoxunu Qəzza-Misir sərhədi boyunca yerləşən Rəfaha köçməyə məcbur edib.

Birləşmiş Ştatlar, Birləşmiş Millətlər Təşkilatı və digər ölkələr İsrailin Rəfaha böyük hücum həyata keçirəcəyi təqdirdə humanitar fəlakət ola biləcəyi barədə xəbərdarlıq edib.

İsrail rəsmiləri ərazidə sığınan mülki əhalini qoruyacaqlarını desələr də, mülki əhalinin təhlükəsiz şəkildə haraya gedə biləcəkləri ilə bağlı hələ ətraflı plan təqdim etməyiblər.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü müharibənin başlamasından altı ay keçdiyini və İsrailin HƏMAS terror qruplaşmasının məhv edilməsi məqsədinə çatmağa yaxın olduğunu deyib.

O, Nazirlər Kabinetinə "Qələbəyə bir addımlıq məsafədəyik. Lakin ödədiyimiz qiymət ağrılı və ürəkağrıdıcıdır" - deyə, bildirib.

Qahirədə dalana dirənmiş atəşkəs danışıqları bərpa olunsa da, Netanyahu "Girovlar qaytarılmadan atəşkəs olmayacaq. Bu, sadəcə olaraq baş verməyəcək" - deyə, söz verib.

HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı 1200 nəfərin ölümü ilə nəticələnən hücumu zamanı girov götürdüyü 250-yə yaxın insanın 100-ə yaxınının hələ də Qəzza tunellərində saxladığı güman edilir.

Forum

XS
SM
MD
LG