Accessibility links

Roma Papasının İraqa tarixi səfəri başlayır


Roma Papası Fransizin cümə günü İraqa tarixi səfəri başlayır. Papa Fransiz səmavi dinlərdə müqəddəs sayılan İbrahim peyğəmbərin doğum yerinə səfər edən katolik kilsəsinin ilk başçısıdır.

Bu, pandemiyadan sonra Roma Papasının xarici ölkəyə ilk səfəridir. Papanın səyahət etdiyi təyyarədə hər kəs COVID-19-a qarşı peyvəndlənib.

İraqda baş verən son hadisələr və Papanı görməyə ümid edərək gələnlərin pamdemiya səbəbindən sosial məsafə saxlamağı unuduacağı ehtimalı narahatlıq doğurur.

Vatikanın İraqdakı səfiri Baş Yepiskop Mitca Leskovarın bu günlərdə COVID-19-a yoluxduğu üçün özünü təcrid etməsinə baxmayaraq, Papa Fransiz bu səfəri həyata keçirməkdə israrlı olub.

Papa Fransiz İraq xalqına etdiyi video müraciətində onlarla görüşmək, üzlərini görmək və sivilizasiyanın qeyri-adi beşiyi olan bu qədim diyarı ziyarət etməyi necə arzuladığını dilə gətirib.

Papa illərlə davam edən müharibə və terrorizmdən sonra bağışlanma və barışıq diləmək üçün “peşman bir zəvvar” olaraq İraqa gəldiyini bildirib.

Papa müraciətində həmçinin bildirib ki, o, İraqa "müsəlman, yəhudi və xristianları tək bir ailədə birləşdirən İbrahim peyğəmbərin torpaqlarında digər dinlərdən olan bacı və qardaşları ilə birilkdə dua etmək, birilkdə gəzmək arzusunda olan bir zəvvar kimi" səfər edir.

Keçən il İraq səfərini ləğv etmək məcburiyyətində qalan Papa, İŞİD hücumları zamanı ağır təzyiqlərə məruz qalan xristian icmasına yeni ümidlər gətirməyi diləyir.

Son dövürlərdə İraqdakı xristianların sayı əhəmiyyətli dərəcədə azalaraq 300 minə yaxınlaşıb. Papa mesajında ziyarət etməkdən şərəf duyacağı "şəhid kilsəsinə" istinad edib.

Son həftələrdə mülki və hərbi hədəflərə artan hücumlar səbəbindən Papanın ziyarəti təhlükəsizlik baxımından da narahatlıq doğurur. Bu səbəbdən də Papanın ənənəvi olaraq Roma Papaları üçün dizayın edilmiş avtomobildə deyil, zirehli nəqliyyat vasitəsi ilə səyahət edəcəyi gözlənilir.

Fransiz səfəri zamanı Mosul, Ərbil və Qaraqoş da daxil olmaqla bir neçə İraq şəhərini ziyarət etməyi planlaşdırır. O burada icmalarını və kilsələrini bərpa edən insanlarla görüşəcək, həmçinin İbrahim peyğəmbərin doğulduğu Ur-u da ziyarət edəcək.

Səfərinin ən diqqət çəkən məqamlarından biri isə şübhəsiz ki, 90 yaşlı nüfuzlu şiə müsəlman din xadimi Ayətullah Əli əl-Sistani ilə görüşmək üçün müqəddəs Nəcəf şəhərinə səfəri olacaq.

XS
SM
MD
LG