Accessibility links

Rusiya ABŞ sanksiyalarına əks tədbirlərlə cavab verir


Rusiya qanunvericiləri Vaşinqtonun keçən ay Rusiyanın böyük şirkətləri və iş adamlarına qarşı sanksiyalarına cavab olaraq, Birləşmiş Ştatlar və digər Qərb ölkələrinə qarşı cavab tədbirlərinə dair qanun layihəsini ilk oxunuşda yekdilliklə qəbul edib.

Qanun layihəsi Kremlin genişmiqyaslı “əks-sanksiyalar” tətbiq etməsinə imkan verir. Eyni zamanda, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına əməl edilməsi, eləcə də onlarla bağlı hər hansı məlumat, ya da məsləhət verilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi kimi ölçülərin götürülməsi planlaşdırılır.

Qanun layihəsində ABŞ tərəfindən sanksiyaların qoyulduğu Rusiya oliqarxları və şirkətlərinə xidmət göstərmək, ya da onlarla əməkdaşlıq etməkdən imtina edilməsinə görə dörd ilə qədər həbs cəzasının müəyyən edilməsi nəzərdə tutulur. Bu təkliflər investorlar arasında narahatlıqla qarşılanıb və əks tədbirlərin görülməsi ehtimalının artmasına gətirib çıxarıb.

Qanun layihəsinin ilk oxunuşda qəbul edilməsindən sonra Kremlin nümayəndəsi Aleksandr Sinenko deyib ki, Rusiya hökuməti Moskvanın iddia edildiyi kimi 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar cəzalandırılması məqsədi daşıyan sanksiyalara parlamentin cavabını dəstəkləyir.

Rusiya prezidenti Vladimir Putin və ABŞ sankiyaları siyahısında olan Rusiya maqnatı Oleq Deripaska Vyetnamda Asiya-Sakit okean ölkələrinin sammitində, 10 noyabr, 2017.
Rusiya prezidenti Vladimir Putin və ABŞ sankiyaları siyahısında olan Rusiya maqnatı Oleq Deripaska Vyetnamda Asiya-Sakit okean ölkələrinin sammitində, 10 noyabr, 2017.

ABŞ prezidenti Donald Tramp Rusiya oliqarxları və böyük şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi barədə keçən ay qərar verib.

“ABŞ sanksiyaları tamamilə qeyri-səmimi xarakter daşıyır. Onlar Rusiyanın 400 şirkəti və 200 vətəndaşına təsir edir. Biz prezidentimizə və hökumətimizə ölkəmizi, bizim iqtisadiyyatımızı və iş yerlərimizi qorumaq üçün geniş səlahiyyətlər vermişik”, Rusiya parlamentinin aşağı palatası-Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Rusiyanın baş naziri Dmitri Medvedev keçən ay Kremlin ABŞ sanksiyalarının təsirinə məruz qalmış şirkətlərə kömək göstərəcəyinə söz verib. Təklif edilmiş qanun layihəsində ABŞ-la nüvə, raket və təyyarə istehsalı sahələrində hər hansı əməkdaşlıq qadağan edilir və Amerikadan bir sıra malların idxalına məhdudiyyətlər qoyulur. Eyni zamanda, Rusiya şirkətlərinin Qərbdə mülkiyyət hüququ ilə qorunan bir sıra məhsulları istehsal etməsinə imkan verilir.

ABŞ Rusiyanın dördüncü ən böyük ticarət partnyorudur. Keçən il Amerika məhsullarının idxalı 12.7 milyard dollar təşkil edib.

XS
SM
MD
LG