Accessibility links

Rəsul Bayram (Quliyev) yeni roman yazıb


Rəsul Bayram (Quliyev) yeni roman yazıb
Rəsul Bayram (Quliyev) yeni roman yazıb

Əsər iki gəncin dramatik məhəbbəti fonunda Yaxın Şərqin və XX əsrin son 100 illik tarixinin düyünlərinə işıq salır. Romanın baş qəhrəmanı Davud adlı livanlı gəncdir. O, Fransada tələbə ikən Çində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün bu ölkəyə gedən könüllülərə qoşulur.

Azərbaycan parlamentinin sabiq sədri, 1996-cı ildən ABŞ-da yaşayan Rəsul Bayramın (Quliyev) Bakıda “Axına qarşı” adlı romanı nəşr olunub.

“Qanun” nəşriyyatından məlumatına görə, “Axına qarşı” romanı bir kitabda həm Azərbaycan, həm də Rus dilində nəşr olunub.

Əsər iki gəncin dramatik məhəbbəti fonunda Yaxın Şərqin və XX əsrin son 100 illik tarixinin düyünlərinə işıq salır. Romanın baş qəhrəmanı Davud adlı livanlı gəncdir. O, Fransada tələbə ikən Çində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün bu ölkəyə gedən könüllülərə qoşulur. Burada o özü də dağıntıların altında qalaraq xəsarət alır. Çoxlu qan itirən Davudu huşsuz vəziyyətdə dağıntılar altından Suzan adlı bir qız xilas edir və ona ilk yardım göstərir. Suzan da Çinə gələn könüllülərdən biridir. Davud bir neçə həftə sonra özünə gəlsə də, onu xilas edən Suzanın artıq Çini tərk etdiyini eşidir və barəsində heç bir məlumat olmayan Suzanın axtarışına başlayır.

Romantik dram və siyasi detektiv janrında yazılmış kitabda I və II Dünya müharibələrinin başlaması səbəbləri, İsrail-Fələstin savaşının Azərbaycan oxucusuna bəlli olmayan qaranlıq məqamları açıqlanır.

Yarısənədli formada yazılan romanda dünyanın və Yaxın Şərqin son yüz ildəki əsas oyunçuları haqqında ilginc məlumatlar açıqlanır. “Hizbullah” təşkilatı necə yarandı? Təşkilatın lideri Molla Nəsrullahı İran lideri İmam Ruhulla Xomeyni ilə hansı tellər bağlayırdı? Xomeyni Qorbaçova göndərdiyi məktubda nələri yazmışdı? Ərəb ölkələrində vətəndaş müharibəsinə bais olan Yasir Ərəfat əslində kim idi? ABŞ və Böyük Britaniya İsrail-Fələstin münaqişəsini necə alovlandırdılar? SSRİ-ni dağıtmaq üçün ABŞ prezidenti Ronald Reyqan hansı planı işə saldı? Bütün bu qlobal hadisələr iki xalqın - yəhudi və ərəblərin taleyində hansı izləri buraxdı? Bu faciəvi hadisələr bir-birini sevən iki gəncin qovuşmasına mane olacaqmı?

“Axına qarşı” romanı ümumilikdə avtoritar rejimlərin millətlərin və insanların taleyində necə ağır izlər buraxdığını canlı ştrixlərlə anladır. Əsərin mövzusu eyni problemlərlə üz-üzə qalan Azərbaycan oxucusuna müqayisə üçün yaxşı imkanlar açır.

Roman 2010-cu ildə ABŞ-ın tanınmış nəşriyyatlarından biri olan “Xlibris’’də ingilis dilində nəşr olunub. Kitab Almaniyanın məşhur Frankfurt yarmarkasında, habelə Amerikanın daha 3 kitab sərgisində geniş oxucu auditoriyasına təqdim olunub.

XS
SM
MD
LG