Accessibility links

Ruhani deyir ki, uranın zəngiləşdirmə səviyyəsi nüvə obyektinə hücuma cavab olaraq artırılıb


İran Prezidenti Həsən Ruhani çərşənbə günü bildirib ki, ölkənin uranın zənginləşdirmə səviyyəsini 60 faizə qədər artırmaq qərarı Natanz nüvə təsisatına təxribat hücumuna cavab olaraq verilib.

Kabineti ilə iclasda çıxış edən Ruhani bu addımı “sizin pis niyyətinizə cavab” adlandırıb. İran daha öncə uranın zənginləşdirmə səviyyəsini 20 faizədək artırmışdı.

Uranı daha yüksək səviyyədə zənginləşdirməkdən əlavə Ruhani deyib ki, hücumda zərər görən birinci nəsil IR-1 sentrifuqaları daha da təkmilləşdirilmiş IR-6 sentrifuqaları ilə əvəzlənəcək.

2015-ci ildə İranla altı dünya qüdrəti arasında əldə olunan razılığa əsasən, İran nüvə silahı inkişaf etdirməsi ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün uranı zənginləşdirmə səviyyəsini 3.67 faizlə məhdudlaşdırmışdı. Silah hazırlamaq üçün uran 90 faiz səviyyədə zənginləşdirilməlidir.

İran bildirib ki, nüvə proqramı elektrik və dərman kimi məqsədlər üçün nəzərdə tutulub.

Natanz nüvə obyekti
Natanz nüvə obyekti

Ruhaninin hökuməti rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan razılıq altındakı məhdudiyyətləri pozan bir neçə addım atıb. Buna uranın zəngiləşdirmə səviyyəsinin bir neçə dəfə artırılması, habelə İranın toplamasına icazə verilən zənginləşdirilmiş uranın həcmini artırıb.

Bu addımlar ABŞ-ın 2018-ci ildə razılıqdan geri çəkilməsindən və yeni sanksiyalar tətbiq etməsindən sonra atılıb.

Lakin Prezident Co Baydenin administrasiyası altında həm Birləşmiş Ştatlar həm də İran razılığa qayıtmağa hazır olduqlarını bildiriblər və iki tərəf ötən həftə razılığı imzalayan digər ölkələrin vasitəsilə çoxtərəfli danışıqlara geri dönüblər.

Müzakirələrin cümə axşamı Vyanada davam edəcəyi gözlənilir.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı deyib ki, İranın bu açıqlaması “təhrikedicidir” və nüvə razılığına üzv olan digər ölkələr tərəfindən rədd edilməlidir. Razılığı imzalayn digər ölkələrə Britaniya, Çin, Fransa, Almaniya və Rusiya daxildir.

“Bu addım İranın nüvə razılıqları ilə bağlı ciddiyyətini sual edir və tərəflərin JCPOA-ya dönməsinin vacibliyini vurğulayır,” Psaki deyib.

O əlavə edib ki, Bayden administrasiyası Vyana danışıqlarında diplomatik prosesi yerinə yetirməyə sadiqdir.

XS
SM
MD
LG